“Brifinq”in qonağı “Bakı-2015” I Avropa Oyunlarının idman elçisi Suğra Müqabilzadədir. Bu gənc xanım oxatandır. Avropa Oyunlarında kamandan oxatma idman növü üzrə Azərbaycanı təmsil edəcək idmançılar hələ bəlli olmasa da, 17 yaşlı Suğra böyük ümidlər bəslənən idmançılardandır. Bu il Azərbaycanı Nankinq olimpiadasında təmsil edib. O, Bakıda keçirilən Federasiyalar Kuboku beynəlxalq turnirində 3-cü yerə layiq görülməklə ən böyük uğuruna imza atıb.
Nərgiz Ehlamqızı: “Bakı-2015" I Avropa Oyunlarının idman elçisisən. 11 səfirdən biri də sənsən. Yüzlərlə idmançının içindən seçilmək necə hissdir?
- Düzü, mənim idman elçisi seçilməyimdən xəbərim yox idi. Müəllimim zəng edib söylədi ki, sən I Avropa Oyunlarının idman elçisi olacaqsan. Bilmirdim ki, elçi olmaq nə deməkdir. Dedilər ki, həm məşğul olduğun idman növünü, həm də Avropa Oyunlarını tanıtmaq fürsəti əldə etmisən. Oxatmadan çox adamın xəbəri yoxdur. Bunu idman növü kimi qəbul etməyənlər də var. Amma elə qeyri-olimpiya idman növləri var ki, onlar Avropa Oyunlarında olacaq. Oxatma isə sırf Olimpiya idman növüdür. İdman elçilərini gənclər və idman naziri I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov seçib. Üz cizgiləri Azərbaycanın milli ruhunu əks etdirən idmançılar elçi seçilib. Doğrudan da, seçildiyimi eşidəndə çox sevindim.
Nərmin Muradova: İdman elçisi kimi işləriniz nədən ibarətdir?
- Tədbirlərə gedirik. Sonuncu dəfə Lənkəranda Alov Festivalında iştirak etdik. Teleaparıcı, ulduz səfir Nuran Hüseynovla məşəli daşıdıq. Könüllülər üçün tədbirlərdə iştirak edirik, promo reklamlarda çəkilirik. Bakıda Avropa Oyunlarına dair çoxsaylı tədbirlər təşkil olunur, biz xüsusən regionlarda təbliğat və tanıtım işləri ilə məşğuluq. Digər idman elçiləri ilə birgə çalışırıq, onların çoxunu tanıyıram, mehriban münasibətlərimiz var.
“Zemfira Meftəhəddinovanın yanına getmişdim”
N.Ehlamqızı: Söylədin ki, oxatmanı idman növü saymayanlar da var. Azərbaycanda bir o qədər populyar olmayan oxatmaya marağın haradan yarandı?
- Atam stend atıcılıq üzrə Olimpiya mükafatçısı Zemfira Meftəhəddinovanı görmüşdü, demişdi ki, istəyirəm mənim də qızım atıcı olsun. Gənclər və İdman Nazirliyinə müraciət edəndə atamgil deyib ki, biz Zemfira müəllimənin yanına getmək istəyirik. Sən demə, oxatma idman növü üzrə müəllimin də adı Zemfira imiş. Biz Bədən Tərbiyəsi və İdman Akademiyasına gedəndə müəllim birinci gün yox idi, növbəti gün getdik. Özümün həvəsim yox idi, həm də tənbəl olmuşam, əziyyət çəkmək istəmirdim. Elə oldu ki, gəldik, atam dedi qızımı atıcılığa yazdırmaq istəyirik. Müəllim söylədi ki, problem yoxdur. Oxatma da atıcılığın bir növüdür axı. Gördüm ki, əlimə taxta filan verdi, öyrəndim ki, bu, oxatmadır, güllə atıcılığı deyil. Oxatma üzrə müəllimənin ad, soyadı Zemfira Qəhrəmanova idi. Stend atıcı isə Zemfira Meftəhəddinovadır. Atam öyrənəndə dedi ki, yox, biz güllə atıcılığına getmək istəyirik. Müəllimə təkid etdi ki, İdman Akademiyasının nəzdində güllə atıcılığı var, ora gəlin. Zemfira müəllimə məni yenə məşq etdirirdi, dedi ki, sən oxatmaya gəl, o, səndə yaxşı alınır. Beləliklə, oxatmaya istiqamətləndim. Sonra məşqçim dəyişdi. İndi müəllimim Natiq Fazilovdur. O, milli yığmanı məşq etdirir. Onunla nəticələrim daha da artdı. Qəfildən Azərbaycan çempionu oldum.
N.Muradova: Qəfildən?
- Doğrudan, birdən-birə oldu (gülür). Yarışdan bir gün əvvəl dedilər ki, sabah Azərbaycan çempionatıdır, gəlib yarışmalısan. Mən də söylədim ki, ata bilmirəm, hara gəlim. Yarışda rəqibləri keçə-keçə gəldim, axırıncı oxu atdım, birinci oldum. Özüm məəttəl qaldım ki, bu, necə oldu? Hamı şokda idi.
N.Muradova: Neçə müddətdir oxatma ilə məşğul olursan?
- 3 ildən çoxdur çalışıram.
Dilqəm Əhməd: Biz uşaq vaxtı oxla kamanı taxtadan düzəldirdik. Kamanın və oxun materialı nədəndir?
- Xüsusi materialdandır. Tutacağı karbondan, dəmirdən olur, çiyinləri var. Atam deyir ki, oxatma elə də çətin deyil, mən uşaqlıqda atırdım hamısı hədəfə dəyirdi. Dedim gəl, bir dəfə bizim alətlə at gör necədir (gülür).
D.Əhməd: Çəkisi nə qədərdir?
- Mənimki ən yüngülüdür, 16 kq-dır. Ağır olsa da, zamanla öyrəşirsən. Mən gənclər arasında yarışlarda 60 metr məsafədə, böyüklər arasındakı yarışlardasa 70 metr məsafədə atıram.
Aqil Lətifov: Beynəlxalq dərəcələriniz var?
- Bizdə oxatma 3-4 ildir ki, inkişaf edir. Avropada 7-ci, 9-cu yerə qədər gəlib çıxmışıq. Ən yaxşı nəticə avqustda gənclər arasında Yay Olimpiya Oyunlarında oldu, orada komanda şəklində 9-cu yerə gəldik. Düzdür, 1-2 xal çatmadı, amma onsuz da bütün yarışlarda 1-2 xal çatmır (gülür).
“Dünyada ən güclü oxatanlar koreyalılardır”
A.Lətifov: Güclü rəqiblər kimlərdir?
- Beynəlxalq turnirlərdə bizim idmançılar yaxşı çıxış edir. Oraya Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstandan idmançılar gəlir. Neçə dəfə birinci yerə çıxmışıq. Avropada isə 1980-ci ildən bu idman növü inkişaf edib. Bizdəsə cəmi 4 ildir oxatma inkişafa başlayıb. Təbii ki, onlar bizdən çox yaxşı atırlar. Dünyada ən güclü oxatanlar isə koreyalılardır. Dünya çempionatının finalına 4 nəfər çıxırsa, o idmançıların hamısı koreyalı ola bilər, yaxud 3-ü koreyalı olur.
N.Muradova: Bu, nədən asılıdır, daha çox məşqdən?
- Daha çox məşq edirlər. Üstəlik bizdə yarışlar üçün seçim 30 nəfərin arasında aparılırsa, onlarda seçim 300 nəfər içində aparılır. Təbii ki, o zaman yaxşı idmançını seçmək daha asandır.
İlhamə Əbülfət: Zəhmət olmasa, bizə bir az kamandan oxatma barədə danışardın...
- Nişan almaq oxatmanın ən axırıncı mərhələsidir. Kamanda xüsusi dəmir parçası var, ox dartılır çıxır, sən anı dəqiq dəyərləndirməlisən, gecikməməlisən, nə bir saniyə əvvəl, nə də sonra atmalısan, məqamı tutmalısan. Bu, sağ ələ aid xüsusiyyətlərdir. Başın sıxılmağı, dərəcə, ipin gözdən keçməsi hər şeyə diqqət etməlisən.
A.Lətifov: Güc nə dərəcədə rol oynayır?
- Güc hər idmanda olduğu kimi bizdə də önəmli rol oynayır. Mən deyəndə ki, oxatanlara fiziki məşq lazımdır, söyləyirlər, necə yəni qaldırıb atırsan da. Mən 16 kq çəkidə atıram, oxu hər atışda dartmaq güc tələb edir. Biz yarışda 70 metr məsafədə atırıq. Nə qədər güclü idmançı olsa da, yarışın axırına yaxın xal aşağı düşür. Çox güclü məşq etmək lazımdır. Məsələn, mən 6 gün məşq edib 1 gün fasilə verirəmsə, növbəti gün tamam başqa nəticəm olur. Nəticəni yüksək saxlamaq üçün fiziki məşq vacibdir.
N.Ehlamqızı: Harada məşq edirsiniz?
- Yayda Hövsanda stadion var, orada atırıq. Qışda isə zalımız yoxdur.
N.Ehlamqızı: Oxatma ilə məşğul olmaq istəyən hansı quruma müraciət edir?
- Kamandan Oxatma Federasiyasına, yaxud Gənclər və İdman Nazirliyinə müraciət edirlər. Çox vaxt müraciət edənləri bizim məşqçimizə, Natiq Fazilova yönləndirirlər. Yaxud “Lokomativ” klubuna, İdman Akademiyasının nəzdindəki kluba yazılırlar.
İ.Əbülfət: Yarışlara hansı klubun idmançıları göndərilir?
- Bizdə mövsüm mart ayının axırı başlayır. Martdan əvvəl təlim-məşq toplanışları olur. Oraya bütün idmançıları aparmırlar, hər klubun ən yaxşılarını göndərirlər. Və milli komanda seçilir. Elə yarışlar var ki, 4 idmançı, eləsi də var 6 nəfər buraxılır. Yarışdan asılı olaraq ilk dördlük seçilir, daha sonra yenə seçimlər olur. Avropa Oyunlarında isə seçim başqa cürdür. Məsələn, milli komanda heyətini 1-2 yarışa və ötən ilki nəticələrə baxıb seçirdilərsə, Avropa Oyunları üçün artıq 3 yarış keçib, qarşıda seçim üçün daha 2 yarış olacaq. Hamıdan yüksək nəticə göstərənlər Avropa Oyunlarına seçiləcək.
İ.Əbülfət: Sənin nəticələrin necə oldu?
- İlk yarışlarda çox güclü atmadım, amma sonrakı nəticələrim yaxşı oldu. İnşallah, axırıncı 2 yarışda yaxşı ataram. Məndə elə olur yaxşı atıram, yarışda ata bilmirəm, qurtarandan 5 dəqiqə sonra yenə yaxşı atmağa başlayıram. Mayın sonu, yaxud iyunun əvvəli seçimlər bəlli olacaq.
N.Ehlamqızı: Xanımlar arasında bu idman növünə maraq göstərən çoxdur?
- Çox olmasa da, maraq göstərənlər var. Mənimlə yanaşı 5 qız da Avropa Oyunlarına namizəddir. Bundan əlavə məşq edənlər də var. Güləş, yaxud cüdo kimi oxatmada qadın çox deyil.
D.Əhməd: 6 rəqibi keçəcəyinizə inanırsınız?
- İnşallah. İnam əsasdır.
A.Lətifov: Avropa Oyunlarına bizdən neçə nəfər qatılacaq?
- 3 oğlan, 3 qız. Oğlanlar arasında 5, qızlardan isə 6 nəfər namizəddir. Seçimlərdə toplam 6 idmançı müəyyən olunacaq və yarışa həmin oxatanlar qatılacaq.
A.Lətifov: Rəqibləriniz artıq bəllidir?
- Avropa Oyunlarına dünya çempionatında yer tutanlar, Avropa çempionları gələcək.
N.Muradova: Bəs, Azərbaycanın şansı nə qədərdir?
- Komanda ilə yer tutmaq mümkündür. Təkbətək də, komanda kimi udmaq üçün şanslar var. Məsələn, təkbətək yarışmada uduzsan belə, 3 qızla komanda şəklində də yarışa bilirsən, yaxud qızla oğlan bir komandada yarışır.
A.Lətifov: Neçə medal nəzərdə tutulub?
- Təkbətək yarışlarda 3 medal qızlara, 3 medal oğlanlara ayrılıb. Komanda yarışında 3 medal oğlanlara, 3 medal qızlara veriləcək. Qız-oğlan komandası da 3 medalla təltif olunacaq.
“Ermənini 6:0 uddum”
İ.Əbülfət: Heç erməni oxatanı ilə yarışmısınız?
- Hə, bir dəfə erməni ilə yarışmışam. Onunla qarşılaşanda bir də gördüm komandası piramida şəklində düzülüb bayraqlarını açdılar, hay-küy salmağa başladılar. Mən həyəcanlandım, müəllimimdən soruşdum ki, nə edəcəyəm. O da qayıtdı ki, narahat olmaq lazım deyil, gedib atacaqsan. Hay-küy salandan qorxmaq lazım deyil. Yarışdıq, 6:0 onu məğlub etdim. Avropa Oyunlarında da erməni idmançısı olacaq.
A.Lətifov: Mövsümün martda başlandığını dediniz, bəs mart ayına qədər oxatanlar nə işlə məşğul olur?
- Marta qədər hər klub özü məşğul olur. Martda Azərbaycan çempionatı keçirilir. Bizdə məsafə iki dənədir. Yayda 70, qışda 18 metr məsafədə atırıq.
N.Muradova: Sonuncu dəfə Azərbaycan çempionu sən oldun?
- Yox, mən 2-ci yer tutdum. 5 qat Azərbaycan çempionu olmuşdum, axırda itirdim.
N.Muradova: Özünü oyuna necə hazırlayırsan?
- Atıram, yaxşı olanda əminlik yaranır, yarışda ata bilməyəndə peşmançılıq olur.
N.Muradova: Birinci atış yaxşı alınmadısa, onun psixoloji təsiri olur?
- Birinci yaxşı alınmasa, ikincisini yaxşı atırsan. Bizdə xaldır, sıralanmadan sonra təkbətək atışlar olur.
D.Əhməd: Tələbəsiniz?
- Bəli. Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsiyəm.
N.Muradova: Nə əcəb sənədlərinizi Bədən Tərbiyəsi və İdman Akademiyasına verməmisən? Gələcəkdə idmançı olmayacaqsan?
- Anam müəllimədir. Məktəbdə yaxşı oxuyurdum deyə anamgil Bədən Tərbiyəsi və İdman Akademiyasına getməyə qoymadılar. Oxatma müəllimim də deyirdi ki, ciddi təhsil almaqla oxatma alınmır.
N.Ehlamqızı: 6-cı dəfə çempion olmamağına səbəb ali məktəb imtahanına hazırlaşmağın idi?
- Hə, yarışlar o dönəmlərə düşdü.
A.Lətifov: Əsas işiniz oxatmadır, yoxsa ixtisasınız üzrə işləmək istəyirsiniz?
- Mən ali məktəbə daxil olanadək çalışırdım ki, təhsillə oxatmaya eyni qədər vaxt ayırım. İnstituta girdim, indi oxatmanı daha yüksək tuturam.
A.Lətifov: Oxudunuz ali məktəbdə müəllimləriniz, tələbə yoldaşlarınız idmançı olduğunuzu bilir? Buna görə müəllimlər hörmət edir?
- Bilirlər, yarışlara gedəndə icazə alıram, xəbərləri var. Amma dərslərimi özüm oxuyub qiymət alıram.
D.Əhməd: İdman elçisi olmağınız qrupda uşaqlar arasında qısqanclıq yaratmır ki?
- Yox, çox sevinirlər (gülür). Könüllülərin tədbirində bilmirdim ki, qrup yoldaşlarım da oradadır. Səhnəyə çıxdım danışdım, gördüm uşaqlar qışqırmağa başlayır. Dərsdə də fəxrlə deyirdilər ki, Suğra, səni gördük, yaxşı çıxış edirdin. Amma onlarda qısqanclıq yoxdur.
A.Lətifov: Həyatda ox atmısınız?
- Yox (gülür).
N.Muradova: Həyat yoldaşının idmançı olmasını istəyərsən, yoxsa fərqi yoxdur?
- Hələ bu haqda fikirləşməmişəm.
N.Muradova: Başqa idman növünə marağın var?
- Voleybola marağım var. Amma oxatanlara voleybol oynamaq olmaz. Bizdə barmaqlar çox həssasdır, voleybolda barmaqlar əzilir, biz ipi dartanda barmaq tərpənməməlidir.
A.Lətifov: Yarışa çıxmazdan əvvəl rəqibin performansını izləyirsən, yoxsa yarışa birbaşa çıxırsan?
- Rəqib bəlli olmur, sıralamadan sonra bilirsən ki, sən hansı idmançını keçəcəksən, kiminlə düşəcəksən. Müəllimlər rəqiblərin yarışlarına baxmağa qoymurlar. Əsas da mənə icazə vermirlər. Çünki qorxuram, çox həyəcan keçirirəm. Sıralamadan sonra internetdə rəqiblərin atışına baxıram. Müəllimim mənə sonra acıqlanır ki, baxma, sən ancaq özün üçün atmalısan. Mənimlə güclü rəqib yarışanda onda yaxşı atıram, onu uduram da. Zəif düşəndə həmişə qorxuram, narahatlıq keçirirəm ki, birdən zəifə uduzaram.
A.Lətifov: Milli yığmanın məşqçisi kimdir?
- Bizdə yığmada iki məşqçi var. Əsas məşqçi moldovalı legioner Sergey Qospodinovdur. Həmçinin öz müəllimim Natiq Fazilov məşqçi kimi çalışır. Milli yığmanın çox üzvü Natiq müəllimin tələbələridir.
D.Əhməd: Tarixi savaş filmərinə baxanda nə hiss edirsiniz? “Troya”, “Cəsur ürək” yaxud “Dədə Qorqud”da yüzlərlə döyüşçü ox atır, düşməni yaralayır.
- Filmlərə bacımla baxıram, o da oxatandır, həmişə kino qalır bir tərəfdə aktyorların atışına baxırıq (gülür). Deyirik filankəs səhv atdı, filan fəndi səhv elədi.
N.Muradova: Bacının neçə yaşı var?
- 6-cı sinifdə oxuyur. Bacımla qardaşım əkizdir. İkisi də idmanla məşğuldur. Məktəbdəki müəllimləri mənim keçmiş müəllimlərimdir. Bacım deyir ki, istəyirəm hamı məndən səni soruşsun, deyim hə, Suğra bacımdır (gülür). Rəfiqələri inanmayıb, gəlib ki, gəl şəkil çəkdirək, mən də təəccüblə səbəbini soruşdum, cavab vermədi, sən demə fotonu onlara göstərmək üçün çəkdirirmiş.
N.Muradova: Oxatmaya neçə yaşından yazılmaq daha yaxşı olar?
- Çox kiçik yaşdan, azı 11-12 yaşından etibarən oxatma ilə məşğul olmaq daha yaxşıdır. Necə ki, cüdoçular kiçik yaşlarından məşq edirlər, sonra yüksək nəticələri olur, eləcə də, oxatmada o cür güclü məşq lazımdır.
“Atam deyir ki, səni idmana mən gətirmişəm, amma həmişə ananı tərifləyirlər”
N.Muradova: Atan səninlə qürur duyur?
- Həmişə anamı soruşurlar. Anam üçün roliklər də çəkildi. Atam deyir ki, səni idmana mən gətirmişəm, amma həmişə ananı tərifləyirlər (gülür).
D.Əhməd: Təsadüfən oxatan bürcü deyilsiniz?
- Oxatan bürcündənəm.
N.Ehlamqızı: Bürclərə inanırsan? Xarakterinə uyğun gəlir?
- Heç vaxt bürclərin xüsusiyyəti barədə oxumamışam. Anam deyir ki, bürcün xarakterinə uyğun gəlir.
“Avropa Oyunlarına oxatmanın salınması bizi çox sevindirdi”
N.Muradova: Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir idmançı kimi nə hisslər yaradır?
- Başqa ölkəyə gedəndə adam bir az narahat olur, çünki dəstəkçilər öz ölkələrinin təmsilçilərinə azarkeşlik edirlər. Azərbaycanda beynəlxalq turnirlər olur, amma Avropa, yaxud dünya çempionatı heç vaxt olmayıb. Avropa Oyunlarına oxatma idman növünün salınması bizi çox sevindirdi. Avropa Oyunlarının Bakıda keçirilməsi çox qürurverici haldır. Bu Oyunların Bakıda olması idmançılarımız üçün turniri daha maraqlı və həyəcanlı edir. Bu mötəbər yarış Azərbaycanı - Bakını və ölkəmizin idmanının gücünü bütün dünyaya göstərəcək. Həmçinin bəzi idman növlərinin də ölkəmizdə məşhurlaşmasına və idmançıların artmasına səbəb olacaq. Bu tədbirin idmançılarımız üçün xeyri çox böyükdür. Əgər bir idmançı öz ölkəsində yarışırsa, bu, ona əlavə güc verir. Öz vətənində yarışmaq idmançını daha güclü edir. Həm də hər bir idmançının yaxşı nəticə göstərərək Azərbaycanın adını yüksəklərə qaldırmaq və öz idmanını hər kəsə tanıtmaq şansı var.
N.Muradova: Neçə alətin var?
- Əsas 1 kamanım var, onunla atıram. Amma onda problem yarananda müəllimlər başqası ilə əvəzləyir.
A.Lətifov: Maddi qazanc necə olur?
- Hər ay maaş alıram. Miqdarını deməyəcəyəm, amma müəllimlərin maaşından çoxdur (gülür). Yarışda yer tutanda mükafat verilir.
Aygün İlqarqızı: Uğurdan sonra qazandığın mükafatdan evə nə alıb aparırsan?
- Hamısını anama verirəm (gülür). O da hər həftə xərclik üçün mənə pul ayırır.
A.Lətifov: Atıcılıqdan gəlirin azlığına görə gələcəkdə imtina edərsiniz?
- Məncə, oxatmanı atmaram (gülür). Bu idmanı sevirəm. Ailəmdən sonra ikinci yerdə oxatmadan. Onu hər şeydən çox istəyirəm. Əvvəllər çox sakit, danışmayan adam idim. Oxatma sayəsində suallara utanmadan cavab verə bilirəm, dünyagörüşüm artıb.
A.İlqarqızı: Olubmu kamanın əlində qırılsın?
- Hə, bir dəfə qırılıb. Bizə hissələr gəlir, düzəldib atırıq. Tarazlayıcı hissələr var, atanda uzun dirəklər aşağı düşdü. Birdən-birə oldu.
N.Muradova: Bu idman növü ilə neçə yaşa kimi məşğul olmaq mümkündür?
- 50 yaşlı oxatanlar da var. Bizdə yaş fərqi yoxdur. Nə qədər yaxşı atsan, o qədər qala bilərsən.
D.Əhməd: Seçimlərdəki 5 rəqibiniz neçə yaşlardadır?
- Biri mənimlə yaşıddır, digərlərinin 25, 27 və 40 yaşları var.
N.Ehlamqızı: Qalibiyyətdə şans mühüm rol oynayır, yoxsa məşqin, gücün daha böyük önəmi var?
- Güc və məşq qalibiyyətdə mühüm rol oynayır. Amma hava şəraiti elə ola bilər ki, bir idmançı küləkdə daha yaxşı atır, başqası ata bilmir, yaxud yağışda ata bilən və ata bilməyən oxatanlar var.
A.İlqarqızı: Bəs, Sizdə necədir?
- Məndə küləkdə atış yaxşı alınmır. Ona görə havaya, dirəyə nişan alıram ki, hədəfə çatsın. Çində yarışda külək çox güclü idi, hamının xalı aşağı düşdü, külək yaxşı atanların da nəticəsinə təsir edir. Mən tribunaya nişan alırdım (gülür). Elə idmançı var küləkdə çox məşq edib, yeri yaxşı bilir. Yağışda atmağı xoşlayanlar da var. Mənsə islananda heç nə edə bilmirəm. Bir az bəxt də rol oynayır. Elə olur 1 ml də təsiri olur.
N.Ehlamqızı: Mütaliəyə vaxt ayıra bilirsən?
- İnstituta daxil olanadək çox oxumurdum. Amma indi oxumağa vaxt ayırıram. Daha çox detektiv janrda oxuyuram. İndi türkcə əsər oxuyuram, adı “Temizlikçi”dir. Müəllifi Franz Olivier Giesbertdir. Bir şeyi də qeyd edim, kitabları yarış müddətində daha tez qurtarıram.
A.İlqarqızı: Adətən, idmançılar məşq zamanı yarış ab-havasına adaptasiya üçün musiqiyə qulaq asırlar. Bəs sən necə edirsən?
- İstədim ki, musiqiyə qulaq asım, məşq edim. Məndə elə olur ki, qulaq asıram, mahnının hansısa yeri tanış gəlir, fikrim gedir. Ona görə də qulaq asmıram. Bizdə atışdan sonra səs gəlir. Məndə o səsə reaksiya var. O səsi eşitməmək üçün mahnı dinləyirdim. Həmin səsi eşitmədən atmaq da pis təsir edir. Ona görə də musiqiyə qulaq asmıram. Yaxud da rezin materialdan qulaqlıq var, onu taxıram ki, səs eşitməyim. O da pisdir ki, müəllimi arxadan eşitmirsən. Mən də ox atanda dönüb danışa, müəllimə söz deyə bilmərəm, onda sarı kart verirlər. Gözlə işarə edə bilərik, amma ağız tərpənməməlidir. Müəllim nə deyirdisə eşitmirdim, “hə” deyən kimi sarı kart verirdilər.
A.İlqarqızı: Məşhurluq necə hissdir?
- Məni kimsə tanıyanda utanıram. Bir dəfə anamla dükana girmişdik, yuyucu toz satılan bölmədən keçirdik, reklam lövhəsi asılmışdı, üzərində 4 idmançının, o cümlədən mənim şəklim vardı. Satıcı gəldi ki, Oyunları izləmək üçün şansınız var, yuyucu tozu alın, udun. Anama dedim ki, gəl tez başqa bölməyə keçək. Qız qəfildən qayıtdı ki, reklam lövhəsindəki sənsən? Bir dəfə də başqa mağazada menecer vardı, gəldi ki, dostumla mərcə girmişəm, reklamdakı sizsiniz? Mən də qıpqırmızı qızardım, anam da mənə baxıb gülürdü. Kimsə məni tanıyanda, soruşanda utanıram.
N.Ehlamqızı: Sosial şəbəkələrə marağın var?
- İnstagram səhifəm var idi, Facebook profilim yox idi. İdman elçisi seçiləndən sonra dedilər ki, açmaq lazımdır. Çünki öz idmanını təmsil edirsən. Sonra açdım. Çalışıram hamını dostluğa qəbul etməyim.
N.Muradova: Amma idman elçisi kimi qəbul etməlisən.
- Bilirəm, amma elə olur elə suallar verirlər ki, istəmirsən.
A.Lətifov: Cavab verməsi çətin nə yazırlar ki?
- İdmanla bağlı cavab verirəm. Amma düşünmədən suallar verənlər çoxdur.
“Məşqçimin həyat yoldaşı seçimlərdəki rəqibimdir”
N.Ehlamqızı: Səndən yaşca böyük idmançılar tərəfindən dəstək olur? Kimlərlə dostluq edirsən?
- Məşqçimin həyat yoldaşı Leyla Fazilova da oxatandır. O da Avropa Oyunlarına seçimlərdəki 6 xanımdan biridir. Özü atır, sonra yanıma gəlir ki, Suğra bunu belə et, elə et. Mənə çox dəstək verir. Evdə anam, yarışa gedəndə ikinci ana kimi çox yaxındı mənə. Natiq müəllim ikinci ata kimi çox dəstək olub. Hər ikisi məni çox istəyir. Bir ara nəticələrim aşağı düşdü, kömək etdilər qalxdım.
A.Lətifov: Qarşıda məqsəd nədir?
- İstəyirəm ki, böyüklər arasında Olimpiadaya düşüm. Amma tez düşüm ki, orada ən balaca mən olum (gülür).
A.Lətifov Siyasətlə nə dərəcədə maraqlanırsınız?
- Xəbərləri mütəmadi oxuyuram. ABŞ prezidenti Barak Obamanı izləyirəm, ona çox gülürəm.
Nərgiz EHLAMQIZI
Foto: Rəşad ABBASOV