İsrailin xarici işlər naziri İsrael Katz G7 ölkələrinin İrana qarşı bəyanatını dəstəkləyib və İranı "dünyanın ən böyük düşməni" adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində məlumat verib.
Sentyabrın 14-də G7 ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Tehrandan Rusiyaya hərbi dəstək və ballistik raketlərin ötürülməsini dərhal dayandırmağı tələb ediblər. Katz G7-nin bu bəyanatını dəstəkləyib və dünya ictimaiyyətini Tehrana təzyiqləri artırmağa çağırıb.
"Mən G7 xarici işlər nazirlərini İranı kəskin qınadıqlarına və İrana qarşı daha mühüm addımlar atmaq qərarına gəldiklərinə görə təbrik edirəm. G7-nin xarici işlər nazirləri indi mənim dediklərimi deyirlər. İran təkcə İsrailin deyil, təkcə Yaxın Şərqin deyil, həm də Avropanın və bütün dünyanın ən böyük düşmənidir”, - israilli nazir vurğulayıb.