27 Dekabr 15:50
3 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən yazılarımızın birində (“Türkiyə arxivlərində irəvanlılar”) İrəvandan Türkiyəyə olan köçlər, eləcə də İstanbulda və Qars şəhərində dəfn edilən soydaşlarımızın məzar yerləri barədə məlumat vermişdik. Bu yazımızda Türkiyə mətbuatında İrəvanla bağlı məsələlərdən bəhs edəcəyik.

1927-ci ildə İstanbulda nəşr olunan “Maarif vəkaləti” məcmuəsində “Ermənistanda maarif hərəkatları və ictimai təşkilat” adlı geniş həcmli məqalədə Ermənistan SSR-dəki elmi, ictimai qurumlar haqqında maraqlı məlumatlar verilib.

İrəvan şəhbəndəri Mehmed Ragıb bəyin hazırladığı bu hesabatda İrəvanda iki darülmüəlliminin (müəllim yetişdirən məktəb) olduğunu, birinin türklərə, digərinin ermənilərə məxsusluğu qeyd edilib: “Türklərin məktəbi Azərbaycan hökuməti tərəfindən təsis edilmiş, yatılı və pulsuzdur. Bu məktəbin bütün xərclərini qeyd olunan hökumət hər il müntəzəm olaraq ödəyir. Dörd sinifdən ibarətdir və qəzalarda Türk İbtidai Məktəbləri üçün müəllim yetişdirir. 95 oğlan və 15 qız şagirdi var”.

Hesabatda Azərbaycan türkcəsində çıxan “Zəngi” qəzetindən də bəhs edilib: “Həftəlik türk dilində bir qəzettir. İrəvanda Kommunist Partiyasının Türk şöbəsi tərəfindən nəşr olunur”.

“150 min yerli türk xalqı yaşamaqdadır”

Türk Kültürünü Araşdırma İnstitutunun məcmuəsi olan “Türk kültürü” dərgisinin 1963-cü ildə çıxan 11-ci sayında Qars tarixi üzrə mühüm məqalələri olan Fəxrəddin Kırzıoğlunun “İrəvan türkləri” adlı geniş yazısı dərc edilib.

Məqalədə müəllif İrəvan bölgəsində yaşayan türklərin sayı barədə maraqlı bilgi verib: “İstər Qarsdakı Gümrü-Rəvan mühacirlərindən, istərsə də Sovet Ermənistanı üzərinə yazılan rəsmi və xüsusi əsər və raportlardan əldə etdiyimiz bilgilərə görə, bu gün Ermənistan Sovet Respublikasının 26 bölgəsinin 18-də və İrəvan şəhərində 150 min türk yaşamaqdadır. Kəndlərdə çiftçilik və heyvandarlıqla məşğul olan İrəvan türkləri şəhərdə ziyalı və əsnaf Azərbaycan türklüyünü təmsil etməkdədirlər.

Çox zəngin və rəngli folklora sahib olan İrəvan türkləri varlıqlarını kəndlərdə Koroğlu, Kərəm dədə, Aşıq Qərib, Əmrah ilə Səlbixan, Dədə Qasım, Qurbani, Göyçəli Ələsgər, Bəybeyrək, Təpəgöz, Aslanbəy (Basat) kimi milli dastan və hekayələr ilə milli əfsanə və ənənələrimizi canlı şəkildə qorumaqdadırlar”.

Müəllif bolşevik Rusiyasının Azərbaycanın bir sıra ərazilərini də Ermənistana verdiyini yazıb: “18 bölgənin 200-ə yaxın kəndi ilə İrəvan şəhərində bu gün Azərbaycan ağzı ilə danışan 150 min yerli türk xalqı yaşamaqdadır.

Bolşevik ruslar 1 yanvar 1924-də sözdə Azərbaycan SSR ilə Ermənistan SSR-nin sərhədlərini yenidən müəyyən edərkən 1918-1920-ci illərdəki müstəqil Ermənistan Respublikasının sərhədlərinin şərqindən Azərbaycanın əleyhinə olaraq iki qat genişləndiriblər: Naxçıvanın şərqi və Göyçə gölünün şərq yarısı ilə şərqindəki Göyçə mahalı, bu gölün şimalındakı Dilican, Şəmsəddin, İcevan və Allahverdi bölgələrini də Ermənistana bağşlamışlar!”

Kırzıoğlu rusların 90 il ərzində Anadolu ilə Şimali Azərbaycanı ayırmaq üçün ermənilərin bölgəyə köçürüldüyünü və ərazilərinin genişləndirildiyini bildirib.

Məqaləsində İrəvanın bölgələri və kəndləri haqqında geniş bilgi verən müəllif bütün dağ, təpə, çay, göl, kənd adlarının 90 faizinin türk dilində olduğunu yazıb. Kırzıoğlu 1828-ci il müqaviləsindən sonra Azərbaycan və Türkiyə arasında əngəl yaratmaq üçün xristian toplum olan ermənilərin keçmiş İrəvan xanlığının ərazilərini köçrüldüyünü qeyd edib.

Onun yazdığına görə, bölgədəki türk əhalinin sayını azaltmaq üçün qırğınlar törədən ermənilərin zülmü nəticəsində İrəvan bölgəsindən Türkiyəyə böyük köçlər olub. Məqalənin yazıldığı ildə Qars bölgəsində yaşayan İrəvandan gələn qaçqın əhalinin sayı 25 min olaraq göstərilib.

“Türk kültürü” dərgisinin 1965-ci ildə çıxan 32-ci sayında Dr. Əhməd Muxtar imzası ilə “Hayes, Turkes?” adlı məqalə işıq üzü görüb.

Geniş həcmli məqalə 1905-ci ildə ermənilərin Azərbaycan türklərini qətlə yetirərək törətdikləri qırğınların 60-cı ildönümünə ithaf edilib. Müəllif 1905-ci ildə törədilmiş qırğının bölgədə xaos yaradaraq idarəçiliyini davam etdirmək istəyən çar Rusiyasının qızışdırması tezisinə inanmadığını, daşnakçı ermənilərin bu qətliamları bilərək və planlayaraq həyata keçirdiklərini, “ermənisən, yoxsa türksən” şüarının indi də ermənilər arasında yaşadığını yazıb.

Müəllif ermənilərin Ərzurum və Urmiyadakı qırğınlarını da yada salaraq daşnakların fürsət düşdükcə qətliam fəaliyyətlərini genişləndirdiklərini ifadə edib.

“1944-cü ildə 140 min Azərbaycan türk kəndlisi sürgün edildi”

“Türk kültürü” jurnalında azərbaycanlı mühacir Hüseyn Baykara da bu mövzuda maraqlı məqalə qələmə alıb.

Məcmuənin 1969-cu ildə çıxan 84-cü sayında Şuşadan olan Baykara “Qafqazda ermənilərin vəziyyəti və Ermənistana səssizcə ilhaq edilən Azərbaycan torpaqları” adlı məqaləsində 1920-ci ildə bolşeviklərlə ermənilərin ittifaqından, Qarabağda ermənilərin üsyan qaldırmalarından, nəticədə ölkənin işğal edilməsindən bəhs edib.

Mart soyqırımı barəsində tarixi həqiqətləri yada salan Baykara ermənilərin 211 kəndin əhalisini qətlə yetirdiyini bildirib. Məqaləsinin “Dağlıq Qarabağ” adlı hissəsində müəllif yazıb: “Adından da göründüyü kimi, Qarabağ Azərbaycanın dağlıq olan bir bölgəsidir. Milli müstəqil Azərbaycan hökuməti zamanında Azərbaycanın bir vilayəti olaraq idari bölgüdə yer tutub. 4.400 kv.km ərazisi vardır... İnci qədər gözəl Şuşa şəhərinin bir zamanlar 39 min əhalisi olduğu halda, 1920-ci ildəki erməni üsyanından sonra 1921-ci il Sovet statistikasına görə 9223-ə düşmüşdür. Şəhərin ən gözəl qismi yanaraq xarabazara dönmüşdür”.

Baykara Azərbaycanın müqəddəs torpaq parçası olan Qarabağın səssis-sədasız faktiki Ermənistana verildiyini qeyd edib və İrəvanda yaşayan türklər məsələsinə toxunub: “Son gələn xəbərlərə görə Qarabağda Ermənistanda olduğu kimi heç bir türk qalmayıb. Moskvanın bolşevik liderləri 1944-cü ildə 140 min Azərbaycan türk kəndlisini torpaqları və var-dövləti əllərindən alınaraq Ermənistandan sürgün edilmələrinə icazə vermişdilər”.

Baykara məqaləsinin sonunu bugünkü həqiqətlə bitirib: “Nə Azərbaycan xalqı, nə də Qafqaz millətlərinin sülh və sükun içində bir-biri ilə qardaşca yaşamaları ilə yaxından əlaqəli olan dövlətlər, dünya yaradılandan bəri müqəddəs Azərbaycan torpaqlarının ən önəmli parçası olan Qarabağın Ermənistana ilhaqını heç bir zaman və heç bir surətlə tanımayacaqdır”.

Göründüyü kimi Qarabağın işğalı məsələsi ötən əsrdə dəfələrlə gündəmdə olub, nəticədə Baykaranın da ifadə etdiyi kimi Azərbaycan xalqı heç bir zaman bu ilhaqla barışmayıb.

Qeyd edək ki, Türkiyənin 1920-1930-cu illərdə İrəvanda fəaliyyət göstərmiş konsulluğuna dair arxiv sənədləri Qərbi Azərbaycanda yaşamış soydaşlarımız haqqında, eləcə də bölgədəki ictimai-siyasi hadisələr baxımından olduqca əhəmiyyətlidir. Bu barədə növbəti yazılarımızda məlumat verəcəyik.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər