Təyyarə qəzası ilə bağlı şübhəli məqamlar “qara qutu”nun incələnməsi ilə aydınlaşacaq.
Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, politoloq Rəfail Becanov deyib.
“Qəzanın səbəblərinin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsində araşdırılması təklifi Azərbaycan tərəfindən rədd edilib. Təklifi Rusiya və Qazaxıstan birgə edib. Azərbaycan bu məsələdə olduqca düzgün və haqlı qərar verib.
Ortada təyyarənin vurulması ilə yanaşı, enməsinə belə icazə verilməməsi kimi çox şübhəli fakt var. Daha uzaq məsafə və dəniz üzərindən yönləndirilmə faktı da olduqca şübhəlidir. Təyyarə dənizə düşsəydi, nə sağ çıxan olacaqdı, nə də hadisənin əsl mahiyyətinə bu qədər yaxın ola bilərdik. AZAL-ın qəhrəman heyəti tərəfindən göstərilən bu fədakarlıq danılmazdır. Ona görə də araşdırma və aydınlıq yalnız beynəlxalq ekspertlər tərəfindən “qara qutu”nun incələməsi ilə mümkündür”, - ekspert bildirib.
Rəfail Becanov qeyd edib ki, “qara qutu”nun incələnməsinə beynəlxalq mütəxəssislər cəlb olunmalıdır:
“Qəzanın səbəbləri, niyə mümkün və yaxın hava limanlarına eniş edilməsinə icazə verilməməsi ilə bağlı məlumatlar təyyarənin “qara qutu”su açıldıqdan sonra bilinəcək. Bunu isə beynəlxalq ekspertlər və istehsalçı şirkətin nümayəndələri etsələr, etibarlı olar. Başqa kiməsə etibar yoxdur”.