Suriyanın yeni rəhbərliyindən PKK/YPG terror təşkilatına qarşı lazımi addımların atılmasını tələb edən Türkiyə bütün ssenarilərə hazırlığını davam etdirir. Sərhəddəki qoşunlar mümkün əməliyyata hazır vəziyyətə gətirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Ankara həm İraq və Suriyada PKK terror təşkilatının yox edilməsi üçün bütün ssenarilərə hazırdır:
“Əsəd rejiminin devrilməsindən sonra başlayan yeni dövrdə infrastrukturdan enerjiyə, ticarətdən səhiyyəyə qədər Suriyaya hər mənada dəstək verəcəyini açıqlayan Türkiyə PKK/YPG terror təşkilatının ortadan qaldırılması istiqamətində strateji addımlar atmağa davam edir. Suriya keçid hökumətinin lideri Əhməd Şəra ilə ardıcıl görüşlər keçirən Ankara lazımi addımların atılması tələbini açıq şəkildə çatdırıb.
Birinci mərhələdə Suriyadakı PKK/YPG-nin tərkibindəki suriyalı olmayan terrorçular ən qısa zamanda ölkəni tərk edəcəklər. Türkiyə, İran, İraq və Avropadan gələn PKK üzvləri qeyd-şərtsiz ölkədən çıxarılacaqlar. İkinci mərhələdə suriyalılar da daxil olmaqla, YPG-nin bütün komandanlığı Suriyanı tərk edəcək. Suriya vətəndaşı olanlar da silahlarını yerə qoyacaq və onların yeni sistemə inteqrasiya edilib-edilməyəcəyini Suriya rəhbərliyi müəyyənləşdirəcək.
Tələbləri istiqamətində atılacaq addımları gözləyən, qansız və problemsiz bir keçid istəyən Ankara da bütün mümkün ssenarilər üçün hazırlıqlara başlayıb. Bunlardan biri də hərbi əməliyyatlardır”.
Məlumatda deyilir ki, sərhəddəki bütün birliklər atılacaq addımlarla bağlı hazır vəziyyətə gətirilərkən, milli müdafiə naziri Yaşar Gülər son günlərdə Suriya ilə sərhəd bölgəsində yoxlamalar aparıb.
Suriya Milli Ordusu (SNO) Türkiyənin Suriyadakı “Sülh çeşməsi” əməliyyatı zonasında PKK/YPG ilə ön cəbhəyə ağır silahlar yerləşdirib. SMO-nun komandiri Əbu Abdullah Məhəmməd hərəkətə keçməyə hazır olduqlarını bildirib.