İranlı rəsmilərin Azərbaycana səfərləri və Bakıya telefon zənglərinə baxmayaraq, qonşu ölkədəki mühafizəkar qruplar bizə qarşı təxribatlarını davam etdirəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İranın Azərbaycan və Türkiyəyə qarşı təxribatlarına diqqət çəkib:
“İranın televiziya kanallarında qonşu Azərbaycana qarşı təxribatçı çıxışlar anormal sayılmır, ancaq iranlı ekspertlərdən birinin “İran İraqda olduğu kimi, Suriyada da ABŞ ilə birgə hərəkət etməli, silahlı kürdlərə dəstək verməlidir” sözləri normal sayılır. Jurnalistin “kimə qarşı ABŞ ilə birgə hərəkət etməliyik” dəqiqləşdirici sualına iranlı ekspert rahat şəkildə “Türkiyəyə qarşı” cavabını verib. Deməli, İran müsəlman ölkəsi olan qonşusu Türkiyəyə qarşı “şeytan” adlandırdığı Amerika ilə birgə fəaliyyətə üstünlük verir. Bu, həmin ekspertin şəxsi fikri və qənaəti deyil, Tehran və Qumda belə düşünənlərin sayı az deyil.
Türkiyəni hədəf seçən Azərbaycanı da hədəf seçər. İranlı rəsmilərin Azərbaycana səfərləri və Bakıya telefon zənglərinə baxmayaraq, qonşu ölkədəki mühafizəkar qruplar bizə qarşı təxribatlarını davam etdirəcəklər. İranda xarici siyasəti müəyyənləşdirən vahid mərkəz yoxdur.
Tutaq ki, İran prezidenti Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin normallaşmasını istəyir, isti mesajlar göndərir, amma üstündən bir neçə gün keçir, ali dini liderin hansısa nümayəndəsi Azərbaycan və Türkiyə ilə bağlı ağzına gələni danışır. Üstəgəl, həmin fikirlər televiziya kanalları vasitəsilə İranın hər yerində yayılır. İran prezidenti nə qədər xoş niyyətli olsa da, onun başı üstündən qərar verənlər normallaşmanın əleyhinədirlər”.