ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Danimarkaya məxsus adanın hərbi yolla ələ keçirilə biləcəyinə eyham vuraraq, diqqəti Qrenlandiyaya yönəldib.
Teleqraf.com “Financial Times”a istinadla xəbər verir ki, bu bəyanat mübahisəyə səbəb olsa da, Qrenlandiyanın yerləşdiyi yer və geosiyasi rolu ABŞ üçün önəmli olduğu çoxdan məlumdur.
Nəşr yazır ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizlik sisteminin əsas elementidir:
Pituffik kosmik bazası
ABŞ-nin şimaldakı ən ucqar hərbi bazası (Şimal qütbündən 1500 km). Baza raket hücumlarından erkən xəbərdarlıq, kosmik müşahidə və peyk nəzarəti funksiyalarını yerinə yetirir.
Yeni dəniz marşrutları
Arktika buzlarının əriməsi Şimal-Qərb və Şimal-Şərq keçidləri kimi daha qısa ticarət yollarını açır. Qrenlandiya beynəlxalq gəmiçilik və hərbi bazaların yerləşməsi üçün vacib olan bu marşrutların mərkəzinə çevrilir.
Rusiya və Çinə yaxınlıq
Ada sualtı müşahidədə və Rusiya və Çinin geosiyasi təsirinin qarşısını almaqda rol oynayır.
Danimarkalı analitik Mikkel Runq Olesen deyir ki, ABŞ Arktikaya geosiyasi rəqabət regionu kimi baxmağa başlayıb:
“Buna görə də, digər böyük dövlətlərin Qrenlandiyaya girməsinin qarşısını almaq çox vacibdir”.
Tramp Qrenlandiyanı “milli təhlükəsizliyin açarı” adlandıraraq, ona nəzarətin Rusiya və Çin təsirini cilovlamaq üçün zəruri olduğunu iddia edib. Amma adada məhdud hərbi mövcudluğu olan Danimarka satış ehtimalını rədd edib.
Gərginliyə baxmayaraq, Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ ilə Arktikada əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparmağa hazır olduqlarını açıqlayıb.
Qrenlandiyanın 57 000 əhalisi var, amma adanın muxtar hökuməti Danimarkadan müstəqillik əldə etməyə çalışır. Amma iqtisadi çətinliklər və xarici təhlükəsizlik zəmanətlərinə ehtiyac bu işi çətinləşdirir.
Yerli rəsmilər ABŞ-nin adadakı mövcudluğunu genişləndirməyə, o cümlədən yeni hərbi bazaların açılmasına hazır olduqlarını bildirirlər.
Adanın hökumət nümayəndələrindən biri nəşrə söyləyib: “Biz yeni bir müstəmləkəçi dövlət istəmirik. Ancaq o da bəllidir ki, biz təkbaşına öz-özümüzü müdafiə edə bilmərik.
Olsenin fikrincə, Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək istəyinə baxmayaraq, onun aqressiv ritorikası və Danimarkaya qarşı təhdidləri prosesi çətinləşdirə bilər.
Dünyanın ən böyük adası olan Qrenlandiya 2,1 milyon kvadrat kilometr ərazini əhatə edir. Ada 600 ildir Danimarkanın nəzarətindədir.