Ermənistan KTMT, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və MDB-dən çıxacaq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert xatırladıb ki, Ermənistan bu gün Avropa İttifaqına (Aİ) üzvülük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib:
“Ermənistan Rusiyanın orbitində olan Avrasiya İqtisadi Birliyi, KTMT və Gömrük İttifaqının, eləcə də MDB-nin üzvüdür. Nikol Paşinyan Avropa İttifaqına üzvülük sənədini təsdiqləməklə, Moskvaya qarşı yeni cəbhə açmış oldu. Avropa İttifaqına üzvlük üçün Paşinyan Ermənistanı Rusiyanın orbitində olan bütün təşkilatlardan rəsmən çıxarmalıdır.
Avropa İttifaqına üzv olmaq istəyən Ermənistanın ötən il Rusiya ilə ticarət dövriyyəsi 15 milyard dollar olub. Bu, Ermənistan üçün kifayət qədər böyük rəqəmdir. Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmaqla Rusiya ilə iqtisadi əlaqələri tam zəiflədəcək. Bu, Ermənistan iqtisadiyyatında ciddi problemlərə yol açacaq. Rusiyanın bu durumda Ermənistana qarşı iqtisadi-siyasi təzyiqlər və ya sanksiyalara əl atacağı istisna deyil”.
Əsədullazadənin fikrincə, Ermənistanın Avrointeqrasiya siyasəti Rusiya ilə münasibətləri kəskinləşdirəcək:
“Əsl həngamə Ermənistanın üzvü olduğu təşkilatlardan çıxmaq barədə qərarlar verəndə qopacaq. Ermənistan üçün çətin və mürəkkəb bir mərhələ başlayır. Cənubi Qafqazda Qərb-Rusiya toqquşmasının növbəti ünvanı İrəvan olacaq”.