Gürcüstan parlamentinin yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə mövcud hakimiyyətin və onun siyasi xadimlərinin fəaliyyətinin araşdırılması məqsədilə müvəqqəti istintaq komissiyası yaradılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze brifinqdə bildirib.
O deyib ki, Gürcüstan parlamentinin təsdiq etdiyi nəticə tədbirlərin görülməsi və günahkarların cəzalandırılmasını təmin etmək məqsədilə Gürcüstanın Baş Prokurorluğuna və digər aidiyyəti qurumlara göndəriləcək.
M.Mdinaradzenin sözlərinə görə, 2003-2012-ci illər rejiminin törətdiyi əsas cinayətlər hamıya məlumdur və onlar məhkumlara işgəncə verilməsi və penitensiar müəssisələrdə işgəncə sistemi, qətl, zorakılıq, şəxsi həyatın toxunulmazlığına müdaxilə, korrupsiya və biznesin sıxışdırılması, KİV-in qanuni sahiblərindən müsadirə edilməsi, 2008-ci il müharibəsinin başlanılmasının etirafı və gürcü əsgərlərin hərbi cinayətlərdə ittiham edilməsindən ibarətdir.
Hakim partiya rəsmisi qeyd edib ki, müvəqqəti istintaq komissiyasının fəaliyyəti Gürcüstanın maneəsiz inkişafının təmin olunmasında böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, Gürcüstanda 2003-2012-ci illər Mixeil Saakaşvilinin hakimiyyət dövrü olub.