Məmmədov və Əliyev Gürcüstanda ən populyar soyadların ilk beşliyində yer alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin dərc etdiyi siyahıdan məlum olub.
Siyahıya əsasən, ən çox yayılmış kişi soyadları arasında Məmmədov II yerdədir. Qonşu ölkədə bu soyadı 14 348 kişi daşıyır.
Əliyev soyadı isə IV yerdə qərarlaşıb. Gürcüstanda bu soyadı daşıyan kişilərin sayı 9 316 nəfər təşkil edir.
Azərbaycanlılara məxsus soyadlar qadınlar arasında da geniş yayılıb. Belə ki, Məmmədova soyadı ilk onluqda 13 580 nəfərlə ikinci, Əliyeva soyadı isə 9 389 nəfərlə beşinci yerdə qərarlaşıb.
Beridze Gürcüstanda ən çox rast gəlinən soyad olaraq qalmaqdadır. Ən populyar familiyanı daşıyan kişilərin sayı 14 999, qadınların sayı isə 15 103 nəfərə bərabərdir.