Almaniya parlamentində təmsil olunan bir neçə partiyanın Gürcüstanla bağlı yaydıqları birgə bəyanat Tbilisidə etirazla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” hesabında sənəddə açıq-aşkar yalanların yer aldığını yazıb.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin ATƏT/DTİHB-nin uzunmüddətli missiyasına seçkilərdə iştirakına mane olması iddiasına baxmayaraq, faktiki olaraq missiya parlament seçkilərinə bir ay qalmış Gürcüstana gəlib və öz işini həyata keçirmək üçün bütün lazımi şəraitdən istifadə edib.
“İkinci yalan ondan ibarətdir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze guya 2028-ci ilə qədər Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını istisna etdiyini bəyan edib. O, isə Gürcüstanın Aİ ilə bağlı danışıqlar məsələsini 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib və eyni zamanda Aİ-ni danışıqlara ən qısa zamanda başlamağa çağırıb”, - parlament sədri yazıb.
Ş.Papuaşvili qeyd edib ki, xarici müdaxilələrdən şikayətlənən bəzi alman siyasətçilər başqa ölkələrin daxili işlərinə qarışmaqdan və dezinformasiya yaymaqdan məmnundurlar.