Gürcüstanın Qori şəhərində İosif Stalinin uşaqlıq illərini keçirdiyi ev bərpa olunacaq.
Teleqraf.com xəbər verir ki, Stalin muzeyinin ərazisində yerləşən evin bərpa-konservasiya işləri ilə bağlı tender elan olunub.
Tender üzrə təkliflərin qəbulu yanvarın 18-dən 21-dək davam edəcək. Layihənin təqribi dəyəri 109 430 lari (38 683 ABŞ dolları), icra müddəti isə 11 ay təşkil etməlidir.
Texniki sənədləşməyə əsasən, layihə çərçivəsində evin həm xarici, həm da daxili hissəsi bərpa və konservasiya olunmalı, dam örtüyü, döşəmə, qapı-pəncərələr, memorial lövhə, həmçinin elektrik naqillər yenilənməlidir.
Yerinə yetiriləcək işlərin zəmanət müddəti 10 ildən az olmamalıdır.
Qeyd edək ki, sözügedən evdə İ.Stalin anadan olub və 4 yaşınadək burada yaşayıb. Ev hündür tavanlı kiçik daş tikilidən ibarətdir.