Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə həmməruzəçiləri Klod Kern və Edit Estrella yanvarın 14-16-da faktaraşdırıcı missiya ilə Tbilisiyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AŞPA-dan bildirilib.
Məlumata əsasən, səfərin məqsədi Gürcüstanın xüsusən parlament seçkiləri və Aİ-yə üzvlüklə bağlı danışıqların təxirə salınmasından sonra Avropa Şurasına üzv dövlət kimi üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin qiymətləndirilməsindən ibarətdir.
Səfər çərçivəsində həmməruzəçilər Gürcüstanın bütün əsas siyasi partiyalarının rəhbərliyi, hökumət nümayəndələri və institutları, eləcə də vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcəklər.
AŞPA rəsmilərinin Tbilisidə etirazlar zamanı saxlanılmış bəzi şəxslərlə görüşləri də planlaşdırılıb.