"Son günlər mediada “Əməliyyat zamanı doğum günü cərrah xəstənin həyatını heçə saydı” mövzulu məlumatlar yayılıb. Faktın ətraflı araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yanvarın 9-da “German hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib".
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 məsul üzvünə İnzibati Xətalar Məcəlləsinin 215,3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə, beş yüz manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilib, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Məlumatda qeyd olunub ki, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir:
"Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının "müraciət" bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
Qeyd edək ki, "German hospital"ın mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı doğum gününü qeyd edib. Həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib. Əməliyyat zamanı hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər.