Vaşinqtonda helikopterlə toqquşan təyyarə bir neçə hissəyə bölünüb.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, təyyarənin qalıqları suyun 5-8 fut dərinliyindədir.
Qəza zamanı helikopterə də ciddi ziyan dəydiyi, lakin təyyarə ilə müqayisədə bütöv formada olduğu bildirilib.
Hazırda çətin şərtlər altında hadisə bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir.
Əraziyə cəlb olunan dalğıc qrupunun təyyarənin qara qutularından birini tapdığı iddia olunub.
Xatırladaq ki, hadisə Vaşinqtonda Reyqan hava limanı yaxınlığında baş verib.
“Black Hawk” hərbi helikopteri ilə havada toqquşduqdan sonra Potomak çayına düşən sərnişin təyyarəsində ekipaj üzvləri də daxil olmaqla, 64 nəfər olub.
Helikopterdə isə 3 nəfərin olduğu açıqlanıb.
Əməliyyatlar nəticəsində indiyədək 19 nəfərin meyiti tapılıb.
Hadisəyə "Truth Social" sosial şəbəkəsində reaksiya verən ABŞ prezidenti Donald Tramp baş verənləri faciəvi hadisə adlandırıb.
Ağ Ev lideri bildirib ki, vaxtında müdaxilə ilə hadisənin qarşısını almaq olardı.