İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işğal olunmuş Fələstin ərazisində fəaliyyətinə qadağa qoyması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, Türkiyə İsrailin fələstinliləri öz torpaqlarından zorla köçürməyə yönəlmiş işğal və ilhaq siyasətinin yeni mərhələsini təşkil edən bu addımı pisləyir.
“İsrailin bu qərarla fələstinli qaçqınların geri qayıtma hüququnu ortadan qaldırmağı hədəflədiyi də aydındır.
1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən yaradılan və BMT-yə üzv dövlətlərin güclü dəstəyi ilə fəaliyyət göstərən UNRWA ən çətin şəraitdə milyonlarla fələstinliyə humanitar yardım və əsas xidmətlər çatdırır.
Bu kritik dövrdə biz beynəlxalq ictimaiyyəti UNRWA-nı dəstəkləməyə və regional sülh üçün lazımi addımları atmağa çağırırıq.
Türkiyə UNRWA-ya dəstəyini davam etdirəcək və Fələstin xalqının hüquqlarını qətiyyətlə müdafiə edəcək”, - məlumatda qeyd edilib.