30 Yanvar 14:25
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək. Həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi isə “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir:

“Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq, 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir”.

Deputat əlavə edib ki, bütün bunlar ilə yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq:

“Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 01 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdır, yəni ki, yeni minumum pensiya məbləğindən (320 manat) azdırsa, bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da, o yanvarın 1-dən qüvvədə olur. Yəni ilin əvvəlindən etibarən, bütün əmək pensiyaları indeksləşdirilir. Amma bizim nümunədə alınan məbləğ - 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər