30 Yanvar 16:13
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanmış üçtərəfli Ankara Bəyannaməsi yeni hərbi paktın formalaşmasına gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Dünən Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri Ankaradan üçtərəfli bəyannaməyə imza atdılar. Üç türk ölkəsinin birgə bəyannaməsi siyasi-iqtisadi əməkdaşlığı ehtiva edir. Fikrimcə, Bakı, Ankara və Daşkənd növbəti mərhələdə üçtərəfli müttəfiqlik bəyannaməsini imzalaya bilərlər. Həmçinin Türkiyə və Azərbaycanın Mərkəzi Asiyanın türk ölkələri ilə birgə hərbi əməkdaşlıq paktı imzalamaları da mümkündür. Yeni dünya nizamında Bakı və Ankaranın çevik və strateji hədəfləri yeni hərbi paktların qurulması ola bilər”, - ekspert qeyd edib.

Məhəmməd Əsədullazadə əlavə edib ki, Türkiyə Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirərək, nüfuz dairəsini genişləndirməyə çalışır:

“Azərbaycanın Türkiyə ilə müttəfiqliyini gücləndirməsindən ən çox narahat olan Rusiya və İrandır. Zənnimcə, bu iki ölkədən Azərbaycana qarşı son təzyiq cəhdləri bundan irəli gəlir. Rusiya və İran, xüsusən də Tehran ondan narahatdır ki, Zəngəzur dəhlizi Bakı və Ankaranın nəzarəti ilə açıla bilər. Türkiyənin normallaşma prosesi çərçivəsində Ermənistanla təmaslarını sıxlaşdırması, Bakı və İrəvan arasında sülh prosesinin yekunlaşdırılmasına yönəlik aktiv səyləri Moskva və Tehranda bu narahatlığı xeyli artırıb.

Regional şərtlər, Bakı və Ankaranın təzyiqləri İrəvanın geri addım atması ilə nəticələnə bilər. İran və Rusiyada bu ehtimal yüksək hesab olunur. Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamasına və Avropa İttifaqının Ermənistandakı missiyasının mandatının uzadılmasına baxmayaraq, regionda proseslər Ankara-Bakı tandeminin formalaşdırdığı düzəndən asılıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər