Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə növbəti dəfə Zəngəzur dəhlizinin açılmasının vacibliyini gündəmə gətirib. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasa, onun heç bir perspektivi yoxdur. Nikol Paşinyan tərəfindən ortaya atılan “sülh kəsişməsi” kimi yanaşmalar Bakı və Ankarının mövqeyi və iştirakı olmadan heç bir mahiyyət kəsb etmir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Zəngəzur dəhlizi ətrafında son dövrlər çağırışlar çoxalıb. Sözsüz ki, bu heç də prosesi sürətləndirmir. Ermənistan hökuməti Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun tikintisinin maliyyələşməsini öz büdcəsinə daxil etməyincə, onun reallaşması çətin olacaq”, - deyə o qeyd edib.
Sabiq nazir hesab edir ki, dəhlizin açılmasında İranın narahatlığı onun əlindən digər kommunikasiya xəttlərinin çıxması ilə bağlıdır: “Tehran Şərq-Qərb xəttinə alternativ marşurutun yaranmasını istəmir. Sözsüz ki, İranın son dövrlər regional və qlobal miqyasda zəifləyən mövqeyi fonunda onun Zəngəzur dəhlizinin açılmasına sona kimi maneə olacağı ehtimalı yoxdur”.
Elmar Məmmədyarovun fikirincə, Rusiya faktoruna görə, İran dəhlizin açılmasına əngəl ola bilməyəcək: “Ermənistanın bütün dəmir yolu şəbəkəsi Rusiyaya məxsusdur. Ona görə də Moskva Zəngəzurdan keçəcək dəmir və avtomobil yolunun açılmasını istəsə, İran heç nə edə bilməyəcək. Burada Türkiyə faktorunu da nəzərə almaq lazımdır".