BƏƏ-nin daşınmaz əmlak sahəsində investisiya və developer şirkəti “Eagle Hills” Gürcüstanda sərmayə layihələri reallaşdıracaq.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, milyard dollarlıq layihələrdən biri Rustavi-Tbilisi magistral yolu yaxınlığında yerləşən 590 hektar ərazidə həyata keçiriləcək.
Gürcüstanın “Business Media” nəşrinin yazdığına görə, həmin sahə Poniçala və Ağtəhlə kəndləri ərazisində yerləşir. Bura həmçinin Krtsanisi meşə parkı da daxildir və ərazi dövlət mülkiyyətindədir. Parkın mühafizə olunan ərazi statusu yoxdur və bu səbəbdən investora maneəsiz təqdim oluna biləcək.
Layihəyə əsasən, ərazidə villaların inşası, yaşıl zonaların, piyada infrastrukturunun yaradılması və Kür çayı üzərində “C” hərfi formasında körpünün inşası nəzərdə tutulub.
“Eagle Hills”in layihələrinin Gürcüstan hökuməti və BƏƏ-nin “EMAAR Group” şirkəti arasında bu yaxınlarda imzalanmış memorandum çərçivəsində həyata keçiriləcəyi bildirilib. Sənədə əsasən, şirkət Gürcüstana 6 milyard dollar həcmində investisiya yatıracaq.
Qeyd edək ki, Tbilisi yaxınlığında yerləşən Poniçala qəsəbəsində (keçmiş adı Soğanlıq kəndi) və Qardabani rayonunun Ağtəhlə kəndində soydaşlarımız yaşayır.