3 May 2017 11:34
2 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairin, yazıçının içində kin, paxıllıq varsa, kül o həssaslığın başına. O kinə, daxili çirkinliyə görə həmin adamın yazdığı mətnlər müəyyən dövrdən sonra çürüyəcək.

Bu sözləri şair Aqşin Evrən Teleqraf.com-a müsahibəsində deyib.

Mayın 6-da şairin “Mənfi sənsiz dərəcə” adlı ilk kitabının təqdimatı gerçəkləşəcək. Təqdimatqabağı şairi bir balaca sorğu suala çəkib, poeziyaya münasibətini, kitabdan gözləntilərini öyrəndik.

- Aqşin bəy, bu yeni kitabınız mübarək olsun.

- Dərin təşəkkürlər!

- Bu kitabı təndir çörəyi, yoxsa zavod çörəyi kimi çıxarırsız söz bazarına?

- Çörəklə başlamağımız yaxşı oldu. Məncə, bu kitab zavodda bişən təndir çörəyidir. Çünki meqapolisdə bütün yaşantılarımız, arzularımız, baxışlarımız istər-istəməz təbiətə, ilk gəldiyimiz yerə əsaslanır.

- Bəs bu kitabı biz çörək qırağı hesab edə bilərikmi? Ya çörəyin özü də var, qırağı da?

- “Mənfi sənsiz dərəcə” kitabında çörəyin başlanğıcından - buğdadan tutmuş, onun süfrəyə gətirilməsinə qədər hər şey var. Yəni bu kitabda insan ömrünün müxtəlif illərini əhatə edən şeirlər var. Kitabı oxuyanlar bir anda orta məktəb illərinə qayıdacaqlar, bir anda gənclik və uşaqlıq çağlarında yaşadıqları gözəl anları xatırlayacaqlar. Bu kitabla zamanda səyahət etmək mümkündür. Və artıq 1-2 nəfər kitabı oxuyaraq zamanlararası səyahət etdiyini deyib.

- Unutmağın reseptini bilirsiniz, bəs unutmamağın?

- Unutmağın resepti budur: unutmaq mümkün deyil. Ümumiyyətlə, unutmaq deyilən bir şey yoxdur, xatırlamağı istəməmək var. Elə “Unutmağın resepti” şeiri də başdan-sona xatırlatmaqdan ibarətdir.

- Şeir yazmağın necə, resepti varmı?

- Şeirin necə yazılması haqda heç bir fikrim yoxdur. Mən ilk dəfə şeir yazanda heç “şeir” sözünü bilmirdim, nəinki onun mahiyyətini, strukturunu. Mənim üçün mütləq bir həqiqət var: şeir yazan insanın içi saf olmalıdır. Təbii ki, həssaslıq da ən mühüm elementdir. Amma şairin, yazıçının içində kin, paxıllıq varsa, kül o həssaslığın başına. O kinə, daxili çirkinliyə görə həmin adamın yazdığı mətnlər müəyyən dövrdən sonra çürüyəcək. 7 il bundan əvvəl bəşəri arzuları özündə cəmləşdirən bir şeir yazmışam, hələ də yenidir, hələ də həmin şeir haqqında yazılar yazılır. Bu yaxınlarda həmin şeir bir filmə də salınacaq. Deməyim odur ki, iç saflığı mətni hər yerə göndərə bilir.

- Gəlir gözləyirsizmi kitabdan?

- Əslində, kitabdan yaxşı gəlir götürə bilərdim. Çünki bəzi dostlar dedi ki, kitaba 10-15 manat qiymət qoy, onsuz da satılacaq. Ancaq mənim məqsədim pul qazanmaqdan çox, bu şeirlərin insanlara çatması idi. Ona görə də ən minimal qiyməti təyin etdik: 5 manat.

- Nəsimi filmində vəsf et məni şair məqamı var. Hələ də aktualdırmı bu məsələ: vəsf – şeir zamanı deyil?

- Poeziyanın mahiyyətində yaratmaq var. Yaratmaq da əzəli və əbədi məsələdir. Bu baxımdan, şeir həmişə var olacaq. Bir-birilərinə sevgi şeirləri göndərib ailə quran, xoşbəxt olan milyonlarla insan var. Dünya siyasi xəritəsini müəyyən edən mübarizələr şeirlərin – marşların vasitəsi ilə aparılır. Daim şeir zamanıdır. Sadəcə, günün hər dəqiqəsində kofe içə bilmədiyimiz kimi, hər dəqiqəsində şeir də oxuya bilmərik. Ancaq hər insan heç olmasa həftədə bir dəfə bir şeir oxumalıdır. Şeirin psixoloji müalicə effekti var. Bunu hər kəs yoxlaya bilər.

Xatırladaq ki, mayın 6-sında Aqşin Evrənin “Mənfi sənsiz dərəcə” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. Gənc Tamaşaçılar Teatrında baş tutacaq mərasim saat 17:00-dan 19:00-a qədər davam edəcək. Kitabda müəllifin son 10 ildə yazdığı seçmə şeirləri yer alıb.

Qısa arayış:
Aqşin Evrən 1990-cı ildə Əli Bayramlıda anadan olub. Bakı Slavyan Universitetinin məzunudur. İlk şeirini 2-ci sinifdə yazan şairin ədəbiyyata gəlişi də qəfil oldu. Hazırda “Kult.az” dərgisinin redaktorudur.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər