Bu gün tənqidçi, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın ad günüdür.
Teleqraf.com tanınmış tənqidçi ilə müsahibəni təqdim edir.
- Hər yaşda insan kamilliyə bir az da yaxınlaşır. Yeni yaşınızdan ötən bir ilə baxanda özünüzü tənqid etdiyiniz məqamlar varmı?
- Özümə tənqidi yanaşanam. Amma o qədər zəhmətkeş və məsuliyyətliyəm ki, elə bilirəm, mümkün olan hər şeyi eləmişəm. Gücüm çatan qədər... Həm də əldə etdiyim balaca, ya böyük uğurları heç bir kömək, təkan, qayğı olmadan eləmişəm. Demək olar ki, həmişə tək... Amma çoxlu, lap çox maneələrim olub... Bircə ona görə özümdən razıyam ki, hər tərəfdən itələyib yıxanların hücumuna, əngəlləmələrinə qarşı müqavimətimi saxlamışam. Bunu bəlkə də hər adam hiss eləmir. Yaxşı, saf niyyətlə insanlara doğru gedirsən, amma hər zaman onları yanında yox, qarşında görürsən. Müxtəlif vasitələrlə yollarını kəsirlər... Nəsə, belə bədbin danışmaq istəməzdim. Amma maraqlıdr ki, hər doğum günümdə özüm haqqında kədərlə düşüncələrə dalıram. Elə bil bir İradə Musayevanın başqa bir İradə Musayeva üçün gözləri dolur...
- Həyat insanı necə tənqid edir?
- Həyat insanı tənqid etmir. Başa salır, əzir, yıxır, amma nə ağıllandırır, nə də xoşbəxt edə bilir. Sadəcə, öz teoremini anladır... Bütün hallarda əliboş qalırsan.
- Ən çox tənqid etdiyiniz adam kim olub?
- Heç vaxt qərəzli olmamışam. Bunu əminliklə deyirəm. Amma inadkar, iddialı, təkəbbürlü istedadsızların üzərinə təkrar-təkrar qayıtmaq və sanki onların bir heç olduğunu başqalarına da göstərmək prinsipiallığım olub. Ədəbi mühitimiz içi çürüyüb tökülmüş, üstü bəzəkli, medallı, titullu ədəbi bütlərlə doludur. Bu adamların əllərində olan səlahiyyət və ətraflarında dolaşan cırtdan “mühafizəçilər” imkan vermir ki, düşüncələr bu lazımsız adlardan azad olsun. Söz meydanı zəbt olunub. Amma təmiz hava, ağıla, intellektə, sağlam ədəbi düşüncəyə çox ehtiyacımız var. Ədəbi mühitdə və xüsusən ədəbi mətbuatda bu patriarxal “hər cəsarətli və azad sözü “delete” et!” şüarı yığışılmayınca biz təkrar-təkrar yalan danışmalı olacağıq.
- Olubmu ki, kimisə sərt şəkildə tənqid etmək istəmisiz, ancaq şəxsi münasibətlər sizə mane olub?
- Əsla! Mən atamın da kitabı haqqında mənfi rəy yazmışam. Sadəcə çap etdirməmişəm. Başqaları məqalə yazıb çap etdirib və onu tərifləyib. Mən “ön söz” yazmaqdan imtina etmişəm...
- Tənqid etdiyinizə görə problem yaşadığnız insanlar olubmu?
- Əlbəttə... Qadağalar qoyublar mətbuatda. Ədəbi mətbuatda. Mənim özümə heç nə deməyiblər, amma yazılarımı yığışdırıb, adımı çox hallandırıb diqqət mərkəzinə gətirməməyi tapşırıblar. Məsələn, mən deyərdim ki, ilin ən yaxşı tənqid kitabını yazdım. “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz”. Kitab haqqında tanınmış ədəbiyyatşünas alimlərin xeyli sayda məqaləsi dərc olundu. Amma ədəbi tənqid nominasiyası üzrə “Qızıl kəlmə” mükafatı veriləndə bu irihəcmli, müasir ədəbiyyatın və ədəbiyyatşünaslığın problemlərindən bəhs edən kitabı kənara qoydular. Çünki kitabda mükafatı “yönləndirən” səlahiyyətlilərin bir neçəsinin yazıları tənqid olunmuşdu. Cılız hislər onları obyektiv olmağa qoymadı. Və ya ədəbi qurumlarda illik hesabatlar zamanı hesabatçılar kitablarımın adını siyahıdan çıxarır. Haqqımda tənqidi çıxışlar hazırlatdırırlar və s... Təbii ki, gülüb keçirəm.
- Bəs, tənqid edəndən sonra peşman olduğunuz olubmu?
- Hələ ki yox... Amma istedadlı adamlar var ki, onların əsəri haqqında tənqidi yazı yazmışam. Sonra ürəyimdə bir az nisgil qalıb ki, oxucu düz anlamaz. Yəni əsəri tənqid eləmək hələ müəllifin bütün yaradıcılığını qəbul etməmək deyil axı. Məsələn, Fəxri Uğurlunun istedadını qəbul edirəm, amma hekayələrindəki illüziyaların bitməz hüdudunu yox. Bunu bəzən yalnış anlayanlar olur...