Tarix 1834-cü il. Nuxadan Tiflisə köçən Mirzə Fətəli Axundov şəhər meydanının yaxınlığında özünə ev alır. Ölənə qədər bu evdə yaşayır, qiymətli əsərlərini burada yazır. Bina 1983-cü ildə ev-muzeyi kimi fəaliyyətə başlayır, 2007-ci ildən Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi kimi xidmət göstərir.
... Ötən həftə Tiflisdə bu evi növbəti dəfə ziyarət etdik. Bizi gülərüz qarşılayan bələdçi salonları gəzdirdi, muzey haqqında məlumat verdi, mədəniyyət mərkəzində kitabxananın, musiqi kurslarının olduğunu bildirdi.
Zallarda Axundovun həyatına aid müxtəlif əşyalar (sənədlər, əlyazmalar, medallar, kitablar, qızına aid tikiş maşını) və xatirələri əks etdirən fotolar var. Yazıçının iş otağında şəxsi əşyaları, yazı masası, kitab dolabı, divar saatı və çıraq var. Eləcə də, müxtəlif dillərdə nəşr edilmiş əsərlərinin üz qabıqlarının surətləri nümayiş etdirilir.
Ümumi otaq isə yazıçının otağının gerçək fotosu əsasında hazırlanıb. Muzeydən çıxarkən bələdçi bizə “Polad-Gürcüstanın dostu” kitabını, Azərbaycanın Gürcüstadakı səfirliyinin hazırladığı Axundovun və digər böyüklərimizin məzarlarının yerləşdiyi ərazi haqqında bröşüranı hədiyyə etdi.
Daha sonra Axundovun mumdan hazırlanmış heykəlinin olduğu kafeyə girdim. Azərbaycan çayı sifariş edib Mirzə Fətəlinin bu evdə yaşadığı hadisələri düşündüm. Oxuduğum kitablardan bəzi epizodlar yadıma düşdü. Bu yazını hazırlayarkən həmin hadisələrin qeyd olunduğu qaynaqlara bir daha baxdım...
Mirzə Fətəlinin arzusu
Rəşidbəy Əfəndiyev xatirəsində yazır:
“1877-ci ildə Mirzə Fətəli qrip xəstəliyi ilə xəstələnərək evində yatırdı. Mən o zaman Tiflisə gedərək onunla görüşməyə müvəffəq oldum. Onun yanına hökumət xərcləri ilə məktəblərin birinə daxil olmağa kömək almaq üçün getmişdim. O, mənə Qori darülmüəllimeyninə daxil olmağı məsləhət gördü. O zaman mənə öz komediyalarından bir nüsxə yadigar verib dedi: “Qardaş oğlu! Mənim bu əsərlərimdən xoşladığınızı vətənim Nuxada səhnəyə qoymağınızı arzu edirəm”.
Mən tapşırıqlarına əməl etdim. 1879-cu ildə Nuxa şəhərində barama anbarlarının birində səhnə düzəldərək “Hacı Qara”nı oynadıq. Mən özüm Hacı Qara rolunu götürmüşdüm”.
R.Əfəndiyev xatirəsində Mirzə Fətəlinin zarafatları ilə bağlı da bilgilər verir. Onlardan birini təqdim edirik:
“Mirzə Fətəli divanxanadan evinə müəyyən bir vaxtda qayıtmaz imiş. Gah çox tez gəlirmiş, gah da heç axşama qədər gəlməz imiş. Bir gün arvadı bundan qəti söz alır ki, bundan sonra öz vaxtında gəlib nahar etsin. Bir neçə müddət Mirzə Fətəli hər gün saat dörddə gəlir. Bir gün yenə öz vaxtında gəlib çıxmaz. Evə daxil olan kimi arvadının məzəmmətinin qabağını almaq üçün deyir: “Bu dəfə məni bağışla, çünki pəncşənbənin nöqtələrini qoyurdum, ona görə yubandım”.
Qızının sirrini qoruyan ata
Nəvəsi Aliyə xanım Mirzə Fətəlinin qızına olan məhəbbətindən belə bəhs edir:
“O zaman Tiflisdə gürcü paltarı geyinmək adət idi. Mirzə Fətəli də öz qızının şəklini gürcü paltarında çəkdirmək istədikdə anası, qohumları və qonşuları hay-küy salıb deyirlər ki, bu, çox pis işdir, gənc qızın şəklini fotoqrafda görərlər, onları pislərlər. Mənim anam Nisa xanım, o zaman 15-16 yaşında bir qız olub fotoqraf şəklinə malik olmağı çox istəyirdi. Bir də o zaman fotoqraf şəkli nadir bir şeydi. Anam nağıl edirdi ki, Mirzə Fətəli evdəkilərdən gizli olaraq fotoqrafiyaya aparıb şəklini çəkdirmişdi və fotoqrafiyaya getdiklərini heç kim bilməsin deyə şəhərin mərkəzində yaşayan Terequlovlara qonaq getdiklərini söyləmişdi. Onlar, doğrudan da, fotoqrafiyadan çıxandan sonra şübhə doğurmamaq üçün bütün günü Terequlovların evində keçirmişdilər. Fotoqraf şəklini isə söz olmasın deyə sandığın lap dibində gizlədirmişlər. Mirzə Fətəli bu gizlinliyə çox gülərmiş, amma qızının sirrini hətta çox sevdiyi və hörmət etdiyi arvadına da açmazmış”.
Mirzə Fətəlinin səxavəti
Mirzə Fətəlinin yanında aşpaz işləyən Nəcəfin oğlu Qafar Qafarov xatirəsində onun səxavəti ilə bağlı maraqlı bir əhvalat nəql edir:
“Mənim atam Nəcəf Tiflisdə sabiq Vorontsovski küçəsində Mirzə Fətəli Axundovun yanında aşpaz idi. Özümüz də Mirzə Fətəli Axundovun yanında olurduq. O zamanlar mən balaca uşaq idim. 11-12 yaşım olardı. Atam nağıl eləyir ki, on iki ildən artıq mən Mirzə Fətəlinin yanında xidmət elədim. Bu on iki ilin müddətində bircə dəfə də olsa, Mirzə Fətəlidən incimədim və bu on iki ildə yadıma gəlməyir ki, Mirzə Fətəli evində tək çörək yemiş olsun.
Atam həmişə anama Mirzə Fətəlinin xasiyyətlərindən danışıb gülərdi.
Atam deyir ki, bir gün Mirzənin arvadı Tubu xanım yayqabağı ev tökmüşdü. Mən də mətbəxdə bişmiş hazırlayırdım. Mirzə də balkonda gəzirdi. Həyətə bir qoca dilənçi gəlir. Dilənçi Mirzəni balkonda görüb ona müraciət edərək, yalvarıb ondan sədəqə istəyir. Mirzənin bu dilənçiyə çox yazığı gəlir. Balkon məhəccərinə salınmış xalçanı itələyib balkondan həyətə salır və dilənçiyə deyir ki, tez get ki, Tubu xanım görməsin. Dilənçi xalçanı götürüb gedir. Mənim də heç bir şeydən xəbərim yox, əlimdə işimi görürəm. Mirzə də gəlib mətbəxin qapısı ağzında dayanıb mənim hazırladığım bişmişə tamaşa eləyir. Bir də onu gördüm ki, balkonun o biri başından Tubu xanımın ucadan səsi gəlir. Öz-özümə dedim, yenə Allah xeyir eləsin, görəsən nə olubdur ki, Tubu xanımın səsi həyəti götürübdür. Mirzə də durub dinməzcə mənə baxır. Bir də gördüm ki, Tubu xanım hirslənmiş, çığıra-çığıra mətbəxin qabağına gəldi və üzünü Mirzə Fətəliyə tutub dedi: “Balkonda səndən başqa adam yox idi. Qapılar da bağlı idi. Məhəcərdəki xalça yoxdur. Oğrunun əli çatası deyil ki, deyim oğru aparıbdır. Bax, bu sənin işindir. Bu saat gərək düzünü deyəsən ki, xalça məhəccərdən necə olub”.
Gördüm ki, Mirzə balaca gülümsünən kimi olub dedi: “Mənim xəbərim yoxdur”.
Tubu xanım yenə hirsləndi və Mirzədən əl götürməyib dedi: “Vallah, atamın goru üçün bu sənin işindir. Gərək bu saat xalçanın yerini mənə deyəsən ki, səndən əl çəkim”.
Mirzə yenə gülümsünən kimi olub Tubu xanımın üzünə baxıb dedi: “De ki, Rəşidin canı üçün işim olmayacaq, sözün doğrusunu deyim”. Gördüm Tubu xanım balaca gülümsündü: “Rəşidin canı üçün işim yoxdur. Ancaq de görüm xalça necə olub?”
“Həyətə dilənçi gəlmişdi. Qoca kişi idi, mənə yalvarıb sədəqə istədi. Sözün doğrusu, qoca kişinin dilənçiliyinə və qocalığına yazığım gəldi. Fikirləşdim ki, bu qoca kişiyə nə verim ki, onun dərdinə bir əlac olsun. Gördüm ki, balkonda məhəccərə salınmış xalçadan məsləhətlisi yoxdur. Öz-özümə fikirləşdim ki, bizdə bir neçəsi var, bəlkə bu qocanın altına salmağa parçası da yoxdur. Xalçanı verdim ki, aparıb altına salar və hər durub-oturanda məni yad eləyər. İndi işin həqiqəti budur”.
Gördüm ki, Tubu xanım başını bulaya-bulaya daha heç bir söz demədən çıxıb getdi. O gedəndən sonra Mirzə çoxlu güldü.
Atam nağıl eləyir ki, Mirzə qayıdıb mənə dedi: “Ay Nəcəf, yaxşı eləməmişəmmi?”
Atam deyir ki, mən də gülə-gülə dedim: “Ay Mirzə, pul versəydin hamısından yaxşı idi”.
Mirzə dedi ki, “yox Nəcəf, pulu hər kəs verə bilər. Şərt odur ki, elə şey verəsən ki, dar günündə kişinin harayına çatsın. Bəlkə naxoşladı yatdı, heç olmazsa, satıb doktora, dərmana verər və dərdinə əlac olar”.
Ölüm döşəyindəki istəyi
Nəvəsi Mahmənzər Qacar isə Axundovun ölüm döşəyindəki bir arzusundan bəhs edir:
“Mirzə Fətəli ürək şişməsindən ölüb. Onu doktor Markozov tədavi edirdi. Axırıncı gecə xəstənin yanından çıxarkən doktor xəstənin ümidsiz olduğunu qohumlarına bildirir. Xəstə Mirzə Fətəli də bunu başa düşür və güc ilə danışaraq arvadını çağırıb rica edir: “Bu saat doktorun haqqını ver, sonra baş qarışıq olar, yaddan çıxar”.