Teleqraf.com-un “Portret” layihəsində tanınmış yazar Murad Köhnəqala mərhum Şaiq Vəli haqqında danışır.
– Murad bəy, deyirlər, Şaiq Vəli ilə lap gənclikdən dost olmusunuz...
– Hə, Şaiqlə Moskvada, Ədəbiyyat İnstitunun yataqxanasında tanış olmuşam. Onda Şaiqin ailəsi Sumqayıtda yaşayırdı. O, ailəsini dolandırmaq üçün Sibirin müxtəlif şəhərlərində inşaat işlərində çalışır, həm də qiyabi oxuyurdu. Mən əyani şöbədə oxuduğuma görə zaman-zaman qiyabinin sessiyasına gələn soydaşlarımla istər-istəməz tanış olurdum. Mənim oxuduğum ərəfədə əyani şöbəsinin yuxarı kurslarında Səfər Alışarlı, Umud Rəhimoğlu, Nazim Əhmədli, bir də Ərşad vardı. Umud Rəhimoğlu ilə mən bir otaqda yerləşmişdik, Şaiq hər dəfə sessiyaya gələndə öz otağını buraxıb bizim yanımızda qalırdı. Özü də bir aylıq sessiya bitdikdən sonra əlavə bir-iki ay da bizimlə yaşayardı. Çox əliaçıq adam idi, olan pullarını tələbələrlə xərcləyib gedərdi. Ona görə Şaiq gələndə rus tələbələr də toy-bayram eləyərdi.
– Sonralar tez-tezmi görüşürdünüz, yoxsa məclisdən-məclisə, tədbirdən-tədbirə?
– Tələbəlik illərində sessiyadan sessiyaya görüşərdik. Mən İnstitutu bitirdikdən sonra bir-iki il Tərcümə Mərkəzində çalışdım. O vaxtlar Şaiq hələ Sibirdən yığılmamışdı. Hərdən ailəsinə baş çəkməyə gələndə mütləq bizi də tapıb görüşürdü. Birinci həyat yoldaşı öz əmisi qızı idi, bu nikahdan üç oğlu, bir qızı vardı. Ortancıl oğlu Pərviz əsgərlikdə şəhid oldu. Aradan bir neçə ay keçməmiş kiçik oğlunu maşın vurub öldürdü. O aralar Şaiq olmazın sarsıntılar keçirdi. Onu da deyim ki, Şaiq Qazaxın hazırda işğalda olan Əskipara kəndindən idi və o kənd uğrunda, eləcə də digər sərhəd ərazilərdə gedən döyüşlərdə şəxsən iştirak eləmişdi. Sonralar Rusiyada yaşadığı qadın haqda xəbər tutan həyat yoldaşı Şaiqdən ayrıldı. Şaiq rus millətindən olan ikinci həyat yoldaşını Azərbaycana gətirdi və onunla Sumqayıtda yaşayası oldu. İkinci nikahdan da iki oğlu bir qızı dünyaya gəlmişdi. O, sanki nəyisə geri qaytarmaq üçün təzə doğulan uşaqlarına ölən oğlanlarının adını qoymuşdu.
– Şaiq Vəlinin bir insan kimi hərəkət və davranışlarını necə xarakterizə edərdiniz? Ciddi, sərt adam idi, yoxsa mülayim, yumşaq?
– Şaiq dostla çox mülayim davranardı. O olan məclislər həmişə xoş keçərdi. Xeyli jestini görmüşdüm ki, bilirdim Şaiq xətrini istədiyi adam uğrunda ölümə gedər. Lakin elə işlər vardı Şaiq orda prinsipial və sərt olurdu...
– Məsələn...
– O, Rusiyanın vəhşiləşmiş əyalət şəhərlərində canavar həyatı yaşamağı sevirdi. Son vaxtlar yaşadığı İnta şəhərinin lotuları Şaiqlə adi adamlar kimi davranmaq, ona faiz-zad qoymaq istəyiblərmiş. Üstünə bir qoluzorlu idmançı göndəriblər, Şaiq ona sərt cavab verib. Özünə güvənən cavan idmançının xəbəri yoxmuş ki, Şaiq istənilən qoluzorlunu bircə kəllə ilə yerə uzadır. Uzaqdan söyə-söyə Şaiqin üstünə gəlib, bir də onda ayılıb ki, ağzıqanlı qara uzanıb. Sonra reket dəstəsi gəlib onun üstünə, məlum olub ki, Şaiq onların adamını təkcə döyüb. Buna görə onunla dostlaşıblar. Şaiq söyləyirdi ki, şəhəri lərzəyə gətirən həmin reket uşaqlar sonralar mənim ətrafımdan əl çəkmir, mənimlə oturub-durmağı özlərinə fəxr bilirdilər.
– Maraqlıdır, Şaiqin hansı xasiyyətini özünüzdə görmək istərdiniz?
– Şaiq tamahsız və kinsiz, dosta etibarlı, insana istiqanlı idi. Onun kimi etibarlı olmaq istərdim.
– Bəs onun xoşunuza gəlməyən cəhətləri də vardımı?
– Düzü, sual barədə xeyli fikirləşdim, Şaiqdə xoşuma gəlməyən bir şey xatırlamadım.
– Görüşəndə ancaq ədəbiyyatdan danışırdınız, yoxsa hər şeydən?
– Şəxsən onunla ədəbiyyatdan, demək olar ki, heç danışmırdıq. Şaiq hamımızdan çox içirdi, ancaq heç vaxt sərxoş olmurdu. Elə bil beyninin bir qatını hər etimala qarşı ayıq saxlayırdı. Bir az hallandıqdan sonra şeir deməyi sevirdi. Özü də Şaiq öz şeirlərini çox yaxşı deyirdi, öz səsində onun şeirlərinə qulaq asmaq ayrıca bir ziyafət idi.
– Problemlərindən çox danışardı?
– Şaiq qarşısındakı adamı öz problemləri ilə yükləməzdi. İstənilən ağır situasiyanı və həyat çətinliklərini təbii qarşılayırdı, yəni, çox müdrik idi. Adam elə gəlirdi ki, onun sanki 200 il yaşı var və bu dünya ilə lap çoxdan tanışdı. Çox siqaret çəkərdi.
– Yəqin birlikdə çox məclisləriniz olub. Xatirələriniz də çox olar. Birini danışın mümkünsə...
– Bir dəfə İnstitutun yataqxanasında tələbə dostlarla beynəlmiləl bir məclis qurmuşduq. Məclisdə rus da, belorus da, gürcü də, erməni də, tacik də vardı. Onda hələ ki, heç Göyçədən də qovulmamışdıq, ancaq müəyyən işartılar sezilirdi. Bizimlə yaxınlıq edən iki erməni vardı, Aşot və Tehran. Tehran bir az kinli idi. Beyinlərin dumanlı vaxtı mübahisə düşdü, birdən Tehran dedi, siz bizə neyləyə bilərsiniz? Şaiq stoldakı araq butulkasını Tehranın başına vurub dedi, bax, belə eləyərik! Butulka çilikləndi, Tehranın başını qan apardı. Uşaqlar araya girib dava düşməyə qoymadılar. Ümumiyyətlə, Şaiq çox dalaşqan və qoldan güclü idi. İçib quduran olanda təkbaşına yerində oturdurdu.
– Dünyasını dəyişəndə Şaiq Vəlinin uşaqları balaca idi. Əvvəlki ailəsindən də böyük uşaqları var idi. Özü bu barədə bir şey danışırdımı?
– Özü danışmaq nədi? Biz biri-birimizin ailə vəziyyətini, maddi durumunu yaxşı bilirdik. Biri-birimizdən sirrimiz-zadımız yox idi. Rusiyadan yığışdıqdan sonra Şaiq stansiya Sumqayıt deyilən yerdə, dəmiryolunun kənarında özünə bir ev tikmişdi. Bakıya gələndə mütləq mənə zəng edər, görüşərdik. Mənə həmişə deyirdi, gəl yanıma, həyətimin yarısını sənə verim, özünə ev tik. Qonşu yaşayaq. İşsiz olduğuna görə maddi durumu ürəkaçan deyildi. Tələbə yoldaşımız Umud Rəhimoğlu və Nizami Cəfərov ona mütəmadi maddi yardım göstərir, çox da sıxıntı çəkməyə qoymurdular.
– Övladlar...
– Övladları haqda onu deyə bilərəm ki, birinci həyat yoldaşı qızı ilə birlikdə Fransaya mühacirət edib. Böyük oğlu Sumqayıtda yaşayırdı, indisini bilmirəm. İkinci ailəsi haqda isə bayaq danışdım, hazırda onlar Şaiqin qardaşlarının nəzarətindədi.
– Bəs sizin aləminizdə Şaiq necə şairdir? O, ədəbiyyatımızda qaldımı, qalacaqmı, yaxud necə qaldı, necə qalır, necə qalacaq?
– O, çox orijinal, standart şeir ölçülərinə sığmayan, yenilikçi bir şairdi. Şaiq ədəbiyyatımızda qalmasaydı, yəqin ki, bu gün ondan heç danışmazdıq. Şairin ölümündən sonra BMF-ın sədri Umud Rəhimoğlunun maddi dəstəyi ilə işıq üzü görmüş “Eşq və Şərab” şeirlər kitabını ədəbi hadisə hesab edirəm.
– Ağır xəstə olduğunu yəqin bilirdiniz. Yanına getmişdinizmi? Son söhbətiniz nə barədə olmuşdu?
– Şaiq müalicə olunduğu ərəfədə tez-tez yanında olurdum. İbrahim İlyaslı, Umud Rəhimoğlu, Ehtiram İlham, Tahir Kazımlı, Məmməd Dəmirçioğlu, Etimad Başkeçid, Salam Sarvan, Şərif Ağayar, Nəsimi Nəbizadə, Əyyub Qiyas kimi etibarlı dostları onu tez-tez yoluxurdu. Hətta bir dəfə latış tələbə yoldaşımız Yanis Eşots Şaiqin xəstəliyini eşidib Londondan birbaşa Bakıya gəlmişdi. Mərkəzə yaxın olsun deyə, Şaiq onda qardaşıgildə yatırdı, ölüm ayağında da hər birimiz üçün narahat olur, qarşımıza yemək, çay itələyirdi. Həmin gün Şaiq xeyli gümrah görünürdü. “Yanisə araq süzün!” - deyib, bizi şənləndirirdi. Səkkiz ay ağ ciyər vərəmindən müalicə olunduqdan sonra məlum olmuşdu ki, ondakı vərəm yox, başqa şey imiş.
– Onun ölüm xəbərini necə qarşıladınız? Bəlkə, sağalmaz xəstəliyə düçar olduğunu biləndə artıq ölümü ilə razılaşmış, dostunuzu ağlayıb qurtarmışdınız?
– Polad kimi adamın o günə düşməsindən bilirdim ki, artıq onu itiririk. Hər dəfə yanına gedəndə yollarda özümü saxlaya bilmir, hönkürüb ağlayırdım. Ancaq yanında olanda “ayə, birdən ölüb-eləyərsən, sən canın, elə şey eləmə!” deyib zarafatlaşırdım. O da gülüb: “Qorxma, ölmərəm!” deyirdi. Sonuncu dəfə yanına Umud Rəhimoğlu ilə getmişdim. Ölüm başının üstünü kəsdirmişdi. Deyəsən, bizi heç tanımadı da...
– Bəs dost məzarını ziyarət etməklə aranız necədir?
– Qəbiristana getməyi sevmirəm. Düşünürəm, insan qəbirdə yox, qəlbdə yaşayır. Nəsimi Nəbizadənin atası dünyasını dəyişəndə Saraya getmişdik, onda Yanis də Bakıda idi. Elə oradan da Şaiqin uyuduğu qəbiristana getdik. Tahir Kazımlı idi, Yanis idi, bir də mən...
– Nömrəsini telefondan silmisiniz?
– İndi baxıram ki, nə vaxtsa silmişəm.