26 Mart 2019 19:54
3 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını tanınmış jurnalist Elçin Alıoğlu cavablandırıb:

- Elçin bəy, son günlər yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığı ətrafında aparılan müzakirələri izləyirsinizmi? Publisist Həmid Herisçi başda olmaqla bir sıra yazarların səsləndirdiyi iddialar, söylədiyi fikirlərlə bağlı mövqeyiniz nədən ibarətdir?

- İstənilən mövzuda hər bir şəxsin fikir söyləmək azadlığının tərəfdarıyam və bunu dəstəkləyirəm. Tabu edilmiş mövzular olmamalıdır. Əgər hər hansı mövzu yasaqlanırsa və "bu, bizim sərvətimizdir, dəyərimizdir" adları ilə qadağan edilirsə, bu, əksinə həmin dəyərin və mövzunun tükənməsinə səbəb olur. Tarix boyu hər hansı bir elm, təlim bir məkanda, yaxud məhdud dairədə insanların öhdəsinə buraxılanda tənəzzülə uğrayıb. İnkişaf fikir müxtəlifliyində, müzakirələrdədir. Çünki yanlış fikirlər həmişə təlqində, dürüst fikir isə mübahisədə doğur. Məsələnin digər tərəfi ondan ibarətdir ki, tanınmışların hesabına məşhurlaşmaq adlı mərəz var. Bu mərəz əslində yeni bir şey deyil, qədim Yunanıstanda Herostrat Artemida məbədini yandıraraq o məbədin yanması hesabına tarixdə qaldı. Mən istəməzdim ki, Azərbaycanda kimsə Herostrat şərəfinə və şanına malik olsun. Cəlil Məmmədquluzadə Allahın rəsulu deyil, peyğəmbər də deyil, onu tənqid də etmək, yenidən araşdırmaq, nəzərdən keçirmək də lazımdır. Fəqət Cəlil Məmmədquluzadəni etmədiyi əmələ, yazmadığı sözə, demədiyi kəlməyə görə, eyni zamanda yazdığı, etdiyi, dediyi kəlmələri interpretasiya edərək, yanlış qələmə verərək, ittiham edir, "mən bunu belə görürəm" tipli fikirlər söyləyirlər. Təbii bu da olar, niyə olmasın, bu adam belə görür. Amma əfsuslar olsun ki, Cəlil Məmmədquluzadənin adından bunu həqiqət kimi təqdim edirlər. Mən prosesi futbol azarkeşi kimi kənardan izləyirəm, adi oxucu olaraq mənimçün çox maraqlıdır, bu insanlar cəmiyyətin tanımadığı, heç bir maraq kəsb etməyən bir adamın əsərlərini müzakirə edərlərmi? Yox, çünki ictimai maraq doğurmur. İctimai maraq doğuran məqam da kimin təhqir olunmasıdır. Bu dəqiqə Feysbukda məsələn, böyük ədib və ya din xadimi haqda təhqir yazsam, əmin edirəm ki, günlərlə gündəmdə olacağam. Bu, mənim istedadım və ya bacarığım deyil, kiminsə istedad və bacarığından yararlanmaq cəhdididir. İkincisi, təhlükəsizlik amili də var. Mən adım kimi bilirəm ki, o, mənə cavab verə bilməyəcək. Çünki o, ölüb. Ölülərlə mübarizə aparmaq çox asan işdir. Bu, siyasət və ideologiyanın bir qolu olsa da, naqis bir şeydir. O, artıq dediyini deyib gedib. Biz onu təhlil edə bilərik və deyə bilərik ki, doğrudur, ya yanlışdır. Əfsuslar olsun ki, "yanlışdır" deyənlər doğru deyil, "doğrudur" deyənlərin özü də yanlışdır. Paradoksal bir şey alınır. Bu mənə "bəyənilməyən" Novruzəlini xatırladır. Həmin kəslər məktublarını cəmiyyətin "poçt qutu"suna atmaq istəyirlər, amma məktubu atıb getmək əvəzinə günlərlə oturub gözləyirlər ki, kim məni "layk" etdi, görürsünüzmü, mən buna səbəb oldum. Mən də bu dəqiqə gedib küçədə oturan adama təpiklə vurub məşhurlaşaram, bütün telekanallar məni göstərər. Amma necə məşhurlaşıram, necə göstərirlər, bu, ayrı məsələdir.

- Həmid Herisçinin fikrincə, Mirzə Cəlil "Danabaş kəndinin əhvalatları"nda Yekatirina Revazovna Qabaşvilidən təsirlənib, əsər bir növ orijinal olmadığından sağlığında çap eləməyib. Bu fikirlərlə nə dərəcədə razılaşırsınız?

- Dünya ədəbiyyatında sinəmi masaya dayayıb yüzlərlə misal gətirə bilərəm ki, kim kimdən təsirlənib. Təsirlənmək qəbahət deyil. Qəbahət təsirləndiyin şəxsdən pis yazmaqdır. "Leyli və Məcnun"un Şərq ədəbiyyatında nə qədər variasiyası var. "Kəlilə və Dmnə"dən sonra yaranan interpretasiyaların sayı bilinmir. Cəlil Məmədquluzadə Qabaşvilidən təsirlənə bilər, burada kriminal sayılacaq bir əməl yoxdur. "Sağlığında dərc etməyib" sözünü əminliklə demək üçün o adamın yanında olmaq, yaxud o adamın yanında olan kəslərin müəllifliyi ilə danılmaz sayıla biləcək elmi faktlar ortaya qoyulmalıdır. Həmid Herisçinin araşdırmalarına heç də kölgə salmaq niyyətində deyiləm. Qətiyyən. Bu adam bu cür düşünür və böyük sayğı ilə yanaşıram. Amma bunu Həmid Herisçi deyibsə, " dərin molladır, bizdən yaxşı bilər" düşüncəsiylə Feysbukda haray salanlar gündəm sorağında olanlardır. Çünki onlar nə Cəlil Məmməduqluzadəyə bələddirlər, nə Həmid Herisçini tanıyırlar, ümumiyyətlə, onlara lazım olan budur ki, gördünüzmü Həmid Herisçi Cəlil Məmmədquluzadəyə pis söz dedi, gəlin, yığışaq-gedək orada məclis olacaq. "Palatka toyu"na bənzəyir. Acınacaqlı və kədərli mənzərədir. Üstəlik yığışıb onlayn müzakirələr aparırlar. Bu gün ən böyük problem cəmiyyətdəki xurafat, biliksizlikdir, fərdlərin çoxunda olan savadsızlıqdır. Savad çox kitab oxumaq, çoxsaylı diplomları divardan asmaq deyil, mən də Cinayət Məcəlləsini divardan asıb deyə bilərəm ki, müstəntiqəm. Belə olmur axı. Hər evindən “Quran” asan müsəlman, hər Cəlil oxuyan Cəlil xiridarı deyil. Herisçi belə deyib, hə, gəlin, Həmidi döyək, nə isə dəyişəcəkmi? Yox! Həmid sözünü dedi, onunla normal diskussiya aparmaq lazımdır, nə onu söymək, nə də ikiəlli, ikiayaqlı dəstəkləyib "adə, urrey, getdik”demək lazım deyil. Bbu gün saat 6-dan 7-yə kimi Həmidi dəstəkləyirik, sonra gedib özümüzə başqa qurban tapırıq. Bu psixozu anlaya bilmirəm.

- Həmid Herisçi sosial şəbəkədə iddia edib ki, ədəbiyyatımızda inkarçılıq, nihilizm, xalqı aşılamaq, erməniyə “bəh-bəh” demək Mirzə Cəlildən başlayır. Bu fikirlərə münasibətiniz necədir?

- Birincisi, ədəbiyyatımızda nihilizm Cəlildən başlamayıb. Ad çəkmək istəmirəm, Nitşenin "Antixrist" əsərini oxuyaraq, bizim ədəbiyyata əyalət kosmopolitizmi,"nihilistik cərəyanlar gətirdilər. Bunun cavabını o vaxtlar Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu yetərincə verib. Cəlil Məmmədquluzadə nihilist deyil, eyni məntiqlə ona astronavt, səlibçi də deyə bilərik, niyə də olmasın, deyirik də, ölüb bizə cavab verə bilmir axı. Kosmopilit də deyil. "Ay mənim gözəl millətim, səndən yoxdur, bir dənəsən" kimi ifadələr millət sevgisi deyil. Millətin sevgisi yanaraq, içdən vərəmləyərək gözüyaşlı deməkdir ki, mənim mənsub olduğum xalq, sənin nöqsanın budur, fədan olum, belə etmə, canımı al, amma belə etmə. Qurban istəyirsənsə, məni öldür, amma belə etmə. Bunu Sabir də, Mirzə Cəlil də, Seyid Əzim də, Əliqulu Qəmküsar da deyib. Kimlər deməyib ki? Bunda erməni sevgisimi var? Xeyr! Mirzə Cəlil həmişə deyirdi: ey camaatım, bax, erməni belə edir, erməni olma, təkrarlama, yaxşısını et və göstər ki, sən daha kamilsən. Ezopu Misirə sürgün eləmişdilər, özünü qayadan atanda demişdi ki, mən anlaşılmayaraq gedirəm. Heç də təsadüfi deyil ki, Cəlil deyirdi, dünyanın ən böyük dərdi anlaşılmaq və anlamaq dərdidir. Dərd budur. Mən də hərdən düşünürəm, içimdən yanıram ki, ən böyük dərdimiz bir-birimizə olan aqressiyamızdır. Biz öz içimizdə çox asanlıqla düşmən tapırıq, fərqli fikir deyəni linç etməyin də qəti əleyhinəyəm, bu, mənim sözüm deyil. Bir ağıllı kişi əsrlər əvvəl demişdi ki, hər yandırılan kitabdan min dənə elə kitab doğur. Hər sözün qarşısını alsaq, hara gedəcəyik, Şəhriyar, Həmid sözünü deyir, yaxşı edir. Amma nə deyir? Gəlin, onların nə dediyini müzakirə edək. Aqressiyasız, özümüzə yağı düşmən aramadan müzakirə edək. Bu kişilər dünyanı bu cür görürlər. Gedib Monqolustanda çobanı tutub döyməliyik ki, gözün niyə qıyıqdır? Axı biz bizə oxşamayanları niyə qəbul etmək məharətində deyilik? Bunlar bizə oxşamırlar, bizim boynumuza düşən onları anlatmaqdır, anlayar nə yaxşı, anlamaz da inkvizisiya qurmalı deyilik.


Müəllif: Nərgiz

Oxşar xəbərlər