16 May 2020 22:35
7 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

1931-ci ildə dərc edilən bir əsərində şair Abdulla Faruq yazırdı:

Rəsulzadə xəyalən rəis təyin olundu

Topçubaşov, Şəfi bəy keçdilər parlamana

Ruhanilər, qazilər məruzədə bulundu

Al-yaşıl rəngli bayraq seçdilər parlamana

Sərxoşların xəyalı ayrıldı getdi kol-kol,

Pozdu nəşələrini sonunda bir komsomol.

Bu şeirin dərc olunduğu illərdə Cümhuriyyət xadimləri əleyhinə irili-xırdalı, iftira dolu ədəbi və publisistik “mətnlər” bolşevik mətbuatında yüzlərlə idi. Qəribədir ki, bu mətnlər özündə xeyli yalanı əks etdirsə də, adların və vəzifələrin çəkilməsi dövr üçün maraqlı idi, işğaldan 10 ildən çox keçsə də, mühacirət mətbuatının və mühacirlərin fəaliyyətinin kommunistlər üçün təhlükə yaratdığını göstərirdi. Süleyman Rüstəm kimi dövrün yetişdirdiyi şairləri haradasa başa düşmək mümkün olsa da, Məhəmməd Səid Ordubadi kimi qocamanların da bu prosesə alət edilməsi, “Qanlı sənələr” müəllifinin Müsavat əleyhinə səviyyəsiz şeirlər yazması acınacaqlı hal idi...

Abdulla Faruqa gəlincə...

Adətən o dövrdə yazılan bu tip şeirlər daha çox Müsavat və Rəsulzadə əleyhinə olurdu. Faruqun geniş əsərində Əlimərdan bəy Topçubaşı və Şəfi bəy Rüstəmbəylinin də adının çəkilməsi çox maraqlıdır. Üstəlik parlamentin təsisi, bayrağın seçilməsi (sözə diqqət edək!) kimi məsələləri qeyd etməsi əslində senzuradan keçməyəcək ifadələrdir. Amma görünür, senzor sonrakı ifadələrə görə bu adların yazılmasına göz yumub.

Abdulla Faruq kimdir?

Abdulla Musa oğlu Əfəndiyev (Faruq) 1907-ci il aprelin 24-də Göyçay rayonunun Poti kəndində doğulub. 1921-ci ildə Bakıya gəlib, müəllimlər seminariyasına daxil olub. Daha sonra Bakı Ali Pedaqoji İnstitutunda, ora bağlandıqdan sonra ardınca Azərbaycan Dövlət Universitetində təhsil alıb. 1930-cu ildə ADU-nu bitirib. 1930-cu ildə Moskvaya Sovet Şərq Xalqları Elmi-tədqiqat İnstitutunun aspiranturasına göndərilib, ailə vəziyyəti ilə əlaqədar olaraq bir ildən sonra Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutuna köçürülüb. Ali məktəblərin fəhlə fakültələrində, “Kommunist” qəzeti redaksiyasında, Nərimanov adına texnikumda müəllim kimi çalışıb, şəhər rayon maarif şöbələrinin birində pedoqoji kabinetin müdiri olub.

1925-ci ildən etibarən ədəbi fəaliyyətə başlayıb, 1930-cu ildə “Üfüqlər qızaranda” adlı ilk şeir kitabı çap olunub. Ardınca “Yarış” (1933), “Talış dağları” (1935), “Döyüş yollarında” (1936), “Dalğalar” (1937), “Qızıl əsgər şeirləri” (1938), “Qaçay” (1939) adlı kitabları nəşr edilib. Puşkin, Şevçenko, Nekrasov, Frankodan tərcümələr edib.

Onun “Gənc işçi”, “Kommunist”, “Ədəbiyyat” qəzetlərində şeirləri ilə yanaşı məqalələri də dərc edilib.

II Dünya müharibəsinin başlanması A.Faruqun bu mövzuya müraciət etməsinə səbəb olub. Maraqlıdır ki, onun “Döyüş yollarında” kitabının rəssamı sonralar Sovet İttifaqı qəhrəmanı olan Mehdi Hüseynzadə olub. A.Faruq 1942-ci ildə müharibəyə “Vətən müharibəsi dastanı” adlı əsər həsr edib. Bu pоеmаnı ilk dəfə 1943-cü ildə “Vətən uğrundа” jurnаlındа dərc еtdirib.

Yazıçı Anar “Bir məktub, bir tale” adlı məqaləsində Faruqla Rəsul Rzanın qohum olduğunu yazıb: “Göyçaylı şair Abdulla Faruq atamgilin uzaq qohumudur. Daha dəqiq desək, böyük bibim Kubra xanımın həyat yoldaşı Əbdülkərim Əfəndiyevlə Abdulla Faruq Əfəndiyev əmioğludurlar. Uşaqlıq və yeniyetməlik çağlarında Göyçayda Rəsulla Abdullanın tanış olub-olmaması haqqında məlumatım yoxdur. Hər halda, atamın yazmağa başlayıb tamamlamadığı tərcümeyi-halında bu barədə bir şey demir. Faruq haqqında yalnız Bakıya gəldiyi vaxtdan yazır. Rəsul Rza otuzuncu ildə Bakıya gələndə Abdulla Faruq artıq ədəbiyyat aləmində tanınırdı. Atamın yazdığına görə, məhz Faruq göyçaylı qohumunu ədəbiyyat aləminə gətirib, “Gənc işçi” qəzetinin redaksiyasında Mikayıl Müşfiqlə, Sabit Rəhmanla, Mehdi Hüseynlə, Süleyman Rüstəmlə və başqalarıyla tanış edib”.

Qeyd edək ki, Faruqun arxivində R.Rzanın ona yazdığı məktublar da mövcuddur.

Şairin fəaliyyətə başladığı dövr Azərbaycanda yazıçılar və şairlər üzərində təzyiqlərin ilbəil artdığı vaxtlardır. Bolşevizmin tələblərinə uyğun əsərlər yaratmağa məcbur edilən müəlliflər zamanla “siyasi səhvlər” buraxır, buna görə də cəzalandırılırdılar. Faruqa da belə qismət yazılmışdı. A.Faruqun arxivini araşdıran arxeoqraf Xatirə Qədirova bu barədə yazır: “1925-ci ildə komsomola daxil olduğu ilk gündən Abdulla Faruq Kommunist Partiyasının ana xəttinin qızğın müdafiəçisi kimi çıxış edir. Lakin çalışdığı N.Nərimanov adına texnikumda partiya iclasında həmin texnikumun tələbələrinin vəziyyətinin timsalında “bizim tələbələrin vəziyyətini xarici tələbələrin vəziyyəti ilə yanlış müqayisə etdiyi üçün” buraxdığı “siyasi səhvə” görə 1934-cü ildə komsomol sıralarından xaric edilir”.

Bu isə onun ilk “səhvi” olmayacaqdı.

Müharibəyə göndərilən şair

Dövrün şairlərindən Məmməd Rahim 1965-ci ildə A.Faruq haqqında belə yazıb: “O, Böyük Vətən müharibəsinin birinci günlərindən kiçik zabit rütbəsində ordu sıralarına getdi. Mən Abdulla Faruqu son dəfə Sulakçay ətrafında gördüm. O, 416-cı diviziyada xidmət edirdi... Döyüşlərin birində ağır yaralanmışdı və müalicədən sonra Azərbaycan Yazıçılar İttifaqına gəldi... Söhbət zamanı dedi: “Gedirəm, Böyük Vətən müharibəsi qurtarana qədər mənim yerim ön xətdə olacaqdır”.

Şair 1944-cü ildə Taqanroq ətrafında gedən döyüşlərdə həlak olur.

Müəllimi, şairi cəbhəyə getməyə vadar edən səbəb nə idi? Onunla həmyaşıd şairlər müharibəni qələmlə qazanmaq istəyərkən onun ön cəbhəyə getməsinə səbəb nə idi?

Faruq “Qızıl Şərq” mətbəəsində işlədiyi vaxt ordu sıralarına çağırılıb, qayıdandan sonra Baş mətbuat idarəsində çalışıb. “Ədəbiyyat qəzeti” və “Şərq qadını” jurnallarının redaksiyalarında işləyib. Cəbhədə leytenant rütbəsində xidmət edib və “Qızıl Əsgər” cəbhə qəzetində şeirləri ilə müntəzəm çıxış edib. Bu dövrdə “Qara Məmməd” mənzum pyesini və “Otuz qəhrəman” poemasını yazıb.

Faruq Don üstündəki vuruşmalarda yaralandıqdan sonra “Birinci yara” şeirini yazıb.

Onun müharibəyə göndərən səbəb isə kiril qrafikalı əlifbaya keçidə görə etiraz etməsi olub. Tədqiqatçı Sona Xəyal yazır: “Əlifbаnın dəyişilməsi ilə əlаqədаr оlаrаq Мərkəzi Kоmitəyə yаzdığı məktubunа görə nəzаrət аltındа sахlаnılаn, еv dustаğı kimi Göyçаydаkı mülkünə göndərilən Аbdullа Fаruqun kitаblаrı dа özü kimi Kitаb Pаlаtаsındа dustаq еdilmiş, kitаbхаnаlаrdаn yığışdırılmışdır. Gələcəyə ümidini itirməyən şаir məşəqqətlərə sinə gərərək yаzıb-yаrаtmış, müһаribə bаşlаyаrkən, Stаlinin “Kim günаһını yumаq istəyirsə, cəbһəyə gеtsin” sərəncаmını еşidib, qələmini silаһlа əvəz еtmişdir. Lаkin аmаnsız tаlе оnun аrzulаrını gözündə qоymuş, qələbəyə bir il qаlmış, Tаqаnrоq ətrаfındаkı döyüşlərdə һəlаk оlmuşdur”.

Yazıçı Anar da Ənvər Məmmədxanlıya istinadən bu barədə yazır: “Faruq mənə dedi ki, mən bu əlifbanın dəyişdirilməsini səhv hərəkət hesab edirəm, bu, Bağırovun işidir, ona məktub yazacam. Dedim yazma, bu, Bağırovun işi deyil, Stalindən gələn məsələdir. Faruq qulaq asmadı, yazdı. Məktub Bağırova çatan kimi tufan qopdu. Bağırovun bir xasiyyəti vardı, biri bir iş tutan kimi o saat deyirdi ki, bu tək sənin işin deyil, bunun altında hansısa bir qrup, bir təşkilat dayanıb və bu hazırlanmış təxribatdır. Bəli, o saat zirək xəbərçilər Bağırova çatdırdılar ki, bəs Faruq Rəsul Rzanın qohumudur və Rəsul də Yazıçılar İttifaqının sədri olduğu üçün bu məsələni o təşkil edib. Bağırov bütün Yazıçılar İttifaqını darmadağın etdi”.

1944-cü il iyulun 20-də cəbhədən şair dostlarına göndərdiyi məktubunda Faruq yazırdı:

“Аzərbаycаn Sоvеt Yаzıçılаrı İttifаqınа! Sаlаm yоldаşlаr! Özü də һəqiqi, səmimi cəbһə sаlаmı. Öz kоbud siyаsi və məişət səһvlərim üzündən müvəqqəti оlаrаq sizdən аyrı düşdümsə də, mən Аzərbаycаn sоvеt yаzıçılаrı аiləsində böyümuş оlduğumdаn оnu unudа bilmərəm. Мən аrtıq üç gündür ki, dоyüşə girmişəm. İkinci dəfədir ki, mən оnlаrlа cəbһə mеydаnındа üz-üzə gəlirəm...”.

Xatırladaq ki, kiril qrafikasına etiraz edənlər arasında Faruqun müasirləri olan Almas İldırım, Rəsul Rza, Səməd Vurğun da olublar.

Sonrakı illərdə şair haqqında dövrü mətbuatda qələm yoldaşları xatirələr yazıblar. 1989-cu ildə Maarif Teymur şairin seçilmiş əsərlərindən ibarət “Sahilsiz qəlbimin dalğaları” adlı kitabını tərtib edib. 2011-ci ildə isə Sona Xəyal tərəfindən 100 illiyinə ithaf edilən kitab hazırlanıb.

Xatirələrdə erməni vəhşiliyi

A.Faruqun gündəliyində məişət qeydləri ilə yanaşı maraqlı hadisələr də yer alıb. Məsələn, 1936-cı il 24 aprel qeydindən (şairin ad günündə) bəlli olur ki, həmin günü Əliağa Vahid və Yusif Vəzirlə birlikdə Şamaxıdakı qədim məzarlığı gəzib, Seyid Əzimin məzarını ziyarət ediblər. Həmin qeydində 1918-ci ilin martında törədilmiş qırğınla bağlı maraqlı bilgi var: “İlk küçələrdən keçib, köhnə Şirvanın iki-iki məzar-məzarı qayıdıb içindən yerləşməyə başladığı məzarların arasından keçib, erməni yırtıcıları–daşnaqları tərəfindən amansızcasına yandırılıb dağıdılmış cümə məscidinə baxdıq. Çox möhkəm və böyük bir bina idi. Partladılan günbəzlərin dəmir istinadgahları birləşib qəbir halda sallanmış, dağılıb tökülmüşdü. Yusif Vəzir Çəmənzəminli: burada muzey rövzə etmək də lazımdır, dedi. - Yaxşı, möhkəm binadır, barılarından da istifadə etmək olar. Qəbristandakı sinə qəbir daşlarını da muzeyə toplamaq olar,-dedi”.

İmzalı kitab

Şəxsi arxivimdə müharibədə həlak olan şair Abdulla Faruqun “Talış dağları” adlı kitabı var. İçərisində “Aprel inqilabının XV ildönümünə ithaf edirəm” qeydi yazılan kitabın redaktoru Mikayıl Müşfiqdir. Kitabı önəmli edən içərsində şairin imzası və ithafının olmasıdır: “M.Cəmiləciyə xatirə. 15/IX-35. İmza”.

Dilqəm ƏHMƏD

Qaynaq:

  1. “Abdulla Faruq - 100”. Bakı, 2011. Tərtibçi: Sona Xəyal
  2. Abdulla Faruq. “Sahilsiz qəlbimin dalğaları”. Bakı, 1989. Tərtibçi: Maarif Teymurov
  3. Xatirə Qədirova. “Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair… Abdulla Faruq”. Məqalə, Bakı, 2018.
  4. Anar. “Bir məktub, bir tale”. Bakı, 2019

Müəllif: Teleqraf.com