Türk yazıçı, ictimai-siyasi xadim Hüseyn Nihal Atsız 1971-ci ildə “Ötüken” jurnalının 8-ci sayında dərc etdirdiyi “Mehmet Sadık Aran – Tahsin Demiray” adlı məqaləsində yazıb: “1926-cı ildə dərs ilinin əvvəlində Ədəbiyyat fakültəsində dərslərin başlandığı zaman məni bir həftə sonra əsgərliyə apardıqları üçün hərbi xidmətimi başa vurandan sonra, növbəti il 1927-ci ildə təkrar dərslərə başladığım zaman yeni simalarla qarşılaşdım. O zaman Ədəbiyyat fakültəsinin şöbələrində təhsil üç il idi və ilk iki il hazırlıq, sonuncu il ixtisas sayılırdı. İxtisas alan tələbələr özlərinin seçdikləri dörd dərs üzrə dərsə girməklə mükəlləf idilər.
Bizim ilk dörd semestr, yəni hazırlıq dönəmi xeyli qələbəlik yaranmış, 10-12 nəfər olmuşdu. Bəlkə də, günümüzün tələbələri 10-12 nəfərlik “qələbəliyə” heyrət edəcəklər, amma elə idi. Yeni simalar arasında iki nəfər də azərbaycanlı vardı: Kamal və Məhəmmədsadıq.
Kamal tam bir azəri ağızı ilə danışırdı, gülərüz, amma soyuqqanlı gənc idi. Məhəmmədsadıq isə azəri və Türkiyə türkcəsi ləhcələrinin qarışığından ibarət bir türkcə ilə danışan zarafatcıl, bir az da dəli-dolu bir cavan idi. Hər ikisi də çox bilgili, həm də bütün azərilər kimi yaraşıqlı idilər, asanlıqla söz söyləyə bilirdilər. Fars və rus dillərini yaxşı bilirdilər. Bundan başqa Məhəmmədsadıq din xadimi ailəsində yetişdiyi üçün ərəbcəni də başa düşürdü.
İkisi də Ədəbiyyat fakültəsini bitirmədi. Əslində, onlar tələbə deyil, siyasət adamları, mücahid idilər. Qısa ömrü olan Azərbaycan Cümhuriyyətində xidmət etmişdilər. Bu dövlət Moskva tərəfindən istila edilincə Türkiyəyə sığınmışdılar. Sonralar Kamal İran Azərbaycanına gedərək mübarizəsini orada davam etdirdi və II Dünya müharibəsi illərində İran Böyük Britaniya və Moskva tərəfindən işğal edildiyi zaman kommunistlər tərəfindən öldürüldü”.
H.N.Atsızın bəhs etdiyi Məhəmmədsadıq Aran Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olub, ömrünün böyük hissəsini mühacirətdə keçirib. Digər şəxs isə Əlikamal Qənizadədir. Onun haqqında, demək olar ki, geniş məlumat yoxdur.
“Yeni Kafkasya”da Kamal
Əlikamal Qənizadənin adı mühacirət mətbuatında bəzi mətbuat orqanlarının (“Odlu yurd”, “Bildiriş”) məsul müdiri kimi qeyd edilib. Eyni zamanda mühacirətdə çap edilən ilk jurnal olan “Yeni Kafkasya”da yazıları və xəbərləri dərc olunub.
Əlikamalın “Yeni Kafkasya”da dərc olunan ilk xəbəri “Berlində “Turan” akademi cəmiyyətində” adlanır və “Azərbaycanlı Əli Kamal” imzası ilə dərc olunub. Jurnal xəbərin girişində “xüsusi müxbirimizdən” ifadəsini qeyd edib. Belə anlaşılır ki, Əlikamal həmin vaxt Berlində yaşayırmış. Məqalədə isə Berlində “Turan” cəmiyyətində Azərbaycanın istiqlal günü ilə bağlı keçirilən tədbirdən bəhs edilib.
“Yeni Kafkasya”da “Azərbaycanlı Əli Kamal” imzası ilə dərc olunan məktublardan biri jurnalın bir yaşı münasibətilədir. 1924-cü il 15 sentyabr tarixli Berlindən göndərilən məktubda müəllif yazıb: “... “Yeni Kafkasya” Quzğun dənizin sahilində möhtəşəm bir inciyə bənzəyən Bakının qurtulduğu o məsud gündə intişara başladı...”.
1925-ci ilin yanvar ayında “Azərbaycanlı Kamal” adı ilə Berlindən göndərdiyi “İstiqlal mücahidləri unudula bilməz!” adlı məqaləsində müəllif Solovetski düşərgəsinə sürgün edilən azərbaycanlıların taleyindən bəhs edib. Jurnalda bu məqalədən əvvəl yenə Əlikamalın göndərdiyi Almaniyada fəaliyyət göstərən Azərbaycan İstiqlal Komitəsinin 25 yanvar tarixli bəyannaməsi dərc olunub. Buradan aydın olur ki, Əlikamal Berlindəki bu komitənin fəal üzvü olub. Bəyannamədə rusların zülmünə qarşı azərbaycanlı gənclərin susmayacaqları, istiqlal mübarizəsinə davam edəcəkləri bildirilib: “... Nə mini-mini yavrusuna istiqlal nənnisi fısıldayan analar, nə o müqəddəs qurtuluş günü üçün yarıqaranlıq köşələrdə mavi, al və yaşıl rəngli bayrağı tikməklə məşğul həmşirələr, nə də titrək dodaqları ilə dua edən ixtiyarlar, nə də hürriyyət və istiqlal deyə bağıran gənclər susar. Bəli, dünyada tək bir azərbaycanlı qalıncaya qədər bu dava susmaz!”.
“Azərbaycanın yeganə hürr şairi...”
Əlikamalın 1925-ci ilin martın birində Berlindən “Yeni Kafkasya”ya göndərdiyi açıq məktub istiqlal şairi Əmin Abid Gültəkinə ünvanlanıb. Jurnalda Gültəkin imzası ilə yazan ədəbiyyatşünas Əmin Abidin şeirləri dövrün istiqlal ədəbiyyatının önəmli nümunələri idi. Əlikamal məktubunda yazıb: “Şeirlərinizdən yad ellərdə əziz və sevgili vətənin havasını alırıq... Azərbaycanın yeganə hürr şairi olan siz, bu gün haqqını müdafiədən və hissiyyatını izhardan mən edilən böyük bir kütlənin yeganə tərcümani-hissiyyatısınız. Digər şairlərimiz, ədiblərimiz vəd edilən günə qədər içlərindəki atəşi bağırlarında saxlamaq bədbəxtliyində qalmışdırlar...”.
“Yeni Kafkasya”nın 38-ci sayında “Sürgündə mücahidlərin faydasına” adlı kiçik xəbərdə Əlikamalın Berlində sürgündəkilər üçün toplanan yardıma 25 mark miqdarında kömək etdiyini oxuyuruq.
“Azərbaycan pulu ilə erməni təbliğatı”
Əlikamalın “Yeni Kafkasya”dakı ən maraqlı yazılarından biri 1926-cı ildə çap olunmuş “Azərbaycan pulu ilə erməni təbliğatı” məqaləsidir. Məqalədə qeyd olunur ki, alman professorlarından Ludin Muğan ovalığının suvarılması ilə bağlı tədqiqat aparmaq üçün Azərbaycanda olub və elmi fəaliyyətinə görə ayda 500 dollar maaş alıb. Tədqiqatını başa çatdırıb Almaniyaya qayıdan Ludin Almaniya Mühəndisləri Cəmiyyətində bununla bağlı ictimaiyyətə konfrans verib. Mövzu Azərbaycanla bağlı olduğuna görə konfransa Əlikamalla yanaşı ona yaxın azərbaycanlı tələbə də qatılıb. Konfranasda Ludin əvvəlcə Bakıda əldə etdiyi fotoşəkilləri göstərib. Əlikamal yazıb: “Azərbaycanda sanki nümunəlik də olsa, Avropa qiyafətli tək bir insana belə təsadüf imkansızmış kimi üst-başı yırtıq, pis və kirli uşaqlar, ağzı-burnu örtülü qadınlar, səfalətə əbədi ünsiyyət qazanmış bir sürü biçarələr azərbaycanlı deyə göstərilirdi. Azərbaycanlı olduğum üçün mən məmləkətimi professor Ludindən daha yaxşı tanıdığım halda bu rəsmlərin hansı azərbaycanlılara aid olduğunu idrakdan aciz bir halda idim”.
Əlikamal professorun bu şəkilləri göstərməkdə məqsədinin bolşevik istilasından sonra azərbaycanlıların düşdüyü səfalətin miqyasını təqdim etmək olduğunu hesab edib, amma ardınca Ludin başqa fotoşəkillərə keçdiyi üçün yanıldığını görüb: “Azərbaycandan sonra pərdədə Qafqaz ermənilərinə aid lövhələr görünməyə başladı. Fəqət bu seriyada haləti-ruhiyyə tamamilə başqa inikas oyandırmaq məqsədilə idi. Bunlar ermənilərin mədəniyyətini, təmiz və gözəl qiyafətlərini, doktorluq, mühəndislik və s. kimi yüksək elm və fənnə bağlı olduqlarını nümayiş etdirirdi. Professor bu qədər ilə qalsaydı, yenə bir şey idi. Onu o qədər də qərəzkarlıqla ittiham etməzdik. Halbuki əsl siyasi proqram sonra başladı. Bunu xristian və erməni qətliamlarını (?) göstərən rəsmlər isbat etdi...”.
Yazıdan aydın olur ki, Ludin Birinci Dünya müharibəsi və Qafqazdakı milli hökumətlər zamanı türklər və Qafqaz tatarları tərəfindən ermənilərin “vəhşicəsinə qətl edilməsi” ilə bağlı tablolar göstərib: “Professorun bu “alimanə” müqayisəsindən üzərimdə hasil olan təsiri, əlbəttə başa düşərsiniz. Bu, elmi siyasi qərəzlərə alət edən, zavallılara qarşı bəslənən bir nifrətdən ibarət idi. Eyni zamanda zavallı Azərbaycanın talesizliyinə də acıyırdım. Professora ayda min lirə Azərbaycan kəndlisinin cibindən verilir, fəqət təbliğat başqalarının lehinə, onun əleyhinə icra edilir. Bəlli idi ki, Azərbaycanda kommunist cildinə girərək mühüm məqamları işğal edən hiyləgər şovinistlər professor Ludini qazanmış, Azərbaycan pulu ilə onu erməni davasının müdafiəçisi etmişlər. Professor bir mütəxəssis idi. Qətliamlara aid fantaziyalardan ibarət tabloları o, ancaq erməni şovinistlərdən ala, Daşnaksütyunun dəlalətiylə tapa bilərdi”.
Berlindən İstanbula
H.N.Atsız məqaləsində Kamal və Məhəmmədsadıq Aranla 1927-ci ildə İstanbulda Ədəbiyyat fakültəsində tanış olduğunu qeyd edib. “Yeni Kafkasya” jurnalının 1927-ci ilin 1 fevralında nəşr olunan 77-78-ci qoşasayında verilən xəbərdə Əlikamal Qənizadənin artıq İstanbulda olduğunu oxuyuruq: “Azəri Türk Gənclər Birliyinin katibi Əlikamal bəy “Yeni Kafkasya” idarəxanasında cəmiyyət üzvlərinə məxsus olmaqla “İttihaddan əvvəl Almaniya” mövzusunda tarixi bir konfrans vermişdir. Konfrans iki qismdən ibarət olub, ikinci qismi də veriləcəkdir”. Bu birliyin sədri isə Əlikamalın dostu və tələbə yoldaşı Məhəmmədsadıq Aran idi. Aydın olur ki, İstanbula gələn kimi Əlikamal həm İstanbul Universitetinin Ədəbiyyat fakültəsinə daxil olub, həm də Azəri Türk Gənclər Birliyində təmsil olunaraq istiqlal mübarizəsini davam etdirib. Qənizadənin universiteti bitirməməsi ilə bağlı Atsızın verdiyi bilgi doğrudur. İstanbul Universitetində o illərdə elmi iş müdafiə edənlərin siyahısında Əlikamalın adı yoxdur. Azərbaycanlılardan Əmin Abidin və Səlim Rəfiqin adları isə mövcuddur.
İstanbulda yaşadığı müddətdə Əlikamalın “Yeni Kafkasya” jurnalında “Bu gün”, “Yeni bir 28 Maya doğru!”, “İkinci-üçüncü qafilə”, “Bu gün haqqında Türkiyə mətbuatı” və “Dörd şəhid dostu düşünərkən!” adlı məqalələri dərc olunub. Bu məqalələrin mövzusu 28 May istiqlal günü, Bakının işğaldan azad olunması, 27 Aprel işğal günü və istiladan sonra gənc mücahid azərbaycanlıların qətl edilməsi kimi mövzuları özündə ehtiva edir.
“Odlu Yurd” jurnalı
“Yeni Kafkasya” jurnalının qapadılmasından sonra Məhəmmədəmin Rəsulzadə “Azəri Türk” jurnalını çap edib. Bu jurnalda Əlikamalın yazılarının olub-olmamasını hələ ki tədqiq etmək imkanımız olmayıb.
1929-cu ilin martında İstanbulda M.Rəsulzadənin baş redaktorluğu ilə çap olunan “Odlu yurd” jurnalının ilk sayında dərginin imtiyaz sahibi kimi Abbasqulu Kazımzadəni, məsul müdir kimi Əlikamal Qənizadəni (jurnalda sadəcə Kamal yazılıb) görürük.
“Odlu yurd” jurnalının 1930-cu ilin martında çıxan 13-cü sayında Əlikamalın “İkinci qurban” adlı məqaləsi dərc olunub. Yazıda Eskişehirdə vəfat edən azərbaycanlı Hacıağa Nuridən bəhs edilsə də, məqalədən öz həyatı haqqında da bilgilərə rast gəlirik:
“Onu ilk dəfə Bakıda Haşımovun binasında Türk Ədəmi Mərkəziyyət Müsavat Xalq Firqəsinin sadə salonunda gördüm. O vaxt bir çox fəlakətlərdən sonra azəri xalqı öz muradına çatmış, sevgili üçrəngli bayrağını Azərbaycanın masmavi, parlaq səmasında yüksəldərək türk-islam tarixində ilk dəfə doğmuş Demokratik Azərbaycan Cümhuriyyətini elan etmişdi. Xarici və daxili təhlükələrin bir qismini məhv etdikdən sonra gənc nəsli tərbiyə edərək istiqbala hazırlamaq üçün Müsavat firqəsi müxtəlif sahələrdə fəaliyyət göstərdiyi kimi tələbələr arasında da milli ruhu inkişaf etdirmək üçün Bakı Komitəsi nəzdində bir də Müsavatçı Tələbələr Bürosu təşkil etmişdi. Bu tələbələr bürosunda ilk dəfə onunla tanış oldum. Arxadaşlarımızdan Məhəmmədzadə Əbdülvahab bəy məni ona təqdim etmişdi. Gözlərində parıldayan zəkası dərhal diqqətimi cəlb etmişdi. Dərhal anlaşdıq, ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arxadaş, nizam-intizama əməl edən modern firqə adamı olduğunu dəfələrlə göstərmişdi. Məşum istila hadisəsindən sonra Hacıağa Nuri bəy təhsil üçün Almaniyaya getmişdi. 1923-cü ildə Azərbaycanda hökmran olan istila dalğası məni əvvəl İrana, sonra da Almaniyaya atdı. Almaniyaya gedər-getməz ilk hədəfim Hacıağa Nuri bəyin ünvanını tapmaq oldu. Bir neçə hazırlıqdan sonra 1924-cü ildə Almaniyada Müsavat firqəsinin ilk şöbəsini təşkil etdik və Gürcüstan üsyanı ərəfəsində Berlində bir qurultay həyata keçirdik. Qurultayın rəisi Hacıağa Nuri bəy idi. Almaniyada yaşayan bir çox arxadaş da bizə qoşuldu. Əsaslı güc topladıqdan sonra müxtəlif sahələrdə fəaliyyətə başladıq”.
“Odlu yurd”un 14-cü sayında Qənizadənin işğalın 10-cu ildönümü münasibətilə “27 Aprel faciəsi”, 16-cı sayında isə 28 may günü münasibətilə “Azərbaycanın böyük günü” adlı məqalələri dərc olunub.
Əlikamal “Odlu yurd” jurnalının 1931-ci ildə çap olunan 27-ci sayınadək məsul müdiri olub. 28-ci sayda məsul müdir olaraq B.Süleyman adı qeyd olunub. Qənizadə həmçinin 1930-1931-ci illərdə çap olunan “Bildiriş” qəzetinin də 40-cı sayınadək məsul müdiri olub. Jurnalın imtiyaz sahibi yenə də Abbasqulu Kazımzadə idi.
Güman edirik ki, İstanbuldakı Azərbaycan mətbuatı hökumət tərəfindən rəsmi şəkildə qadağan edildikdən sonra Əlikamal Qənizadə 1931-ci ildə İrana köçüb. Avropadakı mühacir mətbuatında onun imzasına hələ ki rast gəlməmişik. Bu baxımdan Qənizadənin 1931-1941-ci illərdə İranda yaşadığını düşünürük. Rus qoşunları 1941-ci ildə İrana daxil olduqları zaman uzun illər onlara qarşı mübarizə aparmış mühacirləri də öldürüb. Təyyarəçi Cəlal Məhəmmədzadə də bu aqibəti yaşayıb. Təəssüf ki, Əlikamal Qənizadənin İranda öldürülməsi faktı mühacirətşünaslıqda bir boşluğu ortaya çıxarır: Azərbaycan mühacirət tarixinin İran dövrü...
Əlikamalın fotoşəkli
Ötənlərdə Türkiyədə bir auksionda məşhur türk ədəbiyyatçısı Fuad Köprülünün arxivindəki vizitkalar satışa çıxarıldı. Həmin auksionda üzərində “Aserbeidschan (Bakou). Berlin. Ali Kemal Ganizadeh” yazılı Əlikamala məxsus vizitka da mövcud idi. Görünür, Əlikamal Fuad Köprülüdən İstanbul universitetində dərs alıb və ya şəxsi əlaqəsi olub.
Türk tədqiqatçı, kolleksiyaçı Serkan Akgöz isə sosial media hesabında paylaşdığı bir fotoşəklə maraqlı izah verib. 1927-1928-ci illərdə İstanbul Universitetinin yataqxanasında çəkilən fotoşəkildəkilərin kimliyini (bəzilərini nömrələyərək) bu şəkildə qeyd edib: 1. Pertev Naili Boratav (sağında Məhəmmədsadıq Aran, onun sağında azərbaycanlı Kamal); 2. Nihal Atsız; 3. Orxan Şaiq Gökyay; 4. Nihad Sami Banarlı; 5. Cəlaləddin Wang-Zin-Shan; 6. Tahsin Banguoğlu (solunda qara kostyumlu Ziya Karamuk).
Serkan Akgözün şəkildə nömrələdiyi şəxslər Türkiyənin gələcək ədəbiyyatşünaslarıdırlar. Fotoşəkildə Məhəmmədsadıq Aran və Əlikamal Qənizadənin yer alması onlarla eyni fakültədə oxumalarına görədir.
Biblioqrafiya
Sonda Əli Kamalın “Yeni Kafkasya” və “Odlu yurd” jurnalındakı məqalələrinin siyahısını təqdim edirik.