Azərbaycan mühacirət ədəbiyyatının təmsilçilərindən şair Müseyib Zəyəm 1900-cü ildə Şəmkirin Zəyəm bucağına bağlı Bayramlı kəndində dünyaya gəlib. Atası Hüseyn bəy, anası Püstə (Fatma) xanımdır.
Azərbaycan Cümhuriyyətinin işğalından sonra mühacirətə gedən Müseyib Zəyəmin Qars Xalq Evinin mətbu orqanı olan “Doğuş” jurnalında qısa tərcümeyi-halı dərc olunub. Həmin bioqrafiyaya görə, Müseyibin atası Əli Sultan bəy Zəyəmdə alim və şair kimi tanınıb, nəvəsinin adını da o qoyub. (Trabzona gəldikdən sonra adı rəsmi şəkildə Musa Eyup kimi yazılıb.) Əli Sultan bəy Qafqaz İslam Ordusunu sevinclə qarşılayıb, ordunun gənc zabitlərindən Şükrü Kanatlını evində müsafir edib.
Museyibin özündən böyük 4 (Xankişi, Əli, Aslan, Mahmud) və kiçik bir qardaşı (Mehdi), üç bacısı (İzzət, Nabat, Qızxanım) olub. 1906-cı ildə atasını, 1908-ci ildə anasını itirib. Qardaşı Aslan 1912-ci ildə Bayramlı kəndində, digər qardaşı Əli 1919-cu ildə Gəncədə vəfat edib.
Əmisi Həsənin və böyük qardaşı Xankişinin himayəsində böyüyən Müseyib təhsil almaq üçün Qori Müəllimlər Seminariyasına göndərilib. Qəriblik və yetimlik hissi ilə yaşayan Müseyib ikinci sinifdə ikən ilk şeirini yazaraq ailəsinə məktub şəklində göndərib. 1910-cu il fevralın 5-də Qoridə yazılan həmin şeir budur:
Bir quş idim gəzmiş idim havada
Atan öldü, necə qaldın cəfada
Anan öldü, yetim qaldın yuvada
Düşdün qərib elə yaralı canım.
Ağlaram, tutaram haqqa üzümü
Anam yoxdur, silə ağlar gözümü
Görməzsən bir daha ana özünü
Dərd əlindən necə saralı canım.
Məkanın Kür üstü, elin Şəmşəddin
Qardaşların etdi buraya sürgün
Yetim olduğunu eylədin yəqin
Ondan oldun sən də buralı canım.
Müseyib 1915-ci ildə məktəbi bitirməkdə ikən I Dünya müharibəsinin yaratdığı ağır böhran nəticəsində ailəsinin yanına qayıdıb. 1917-ci ildə Qafqazda yaşanan xaos nəticəsində evi yağmalanan ailələrdən biri də Müseyibin ailəsi olub. Müəyyən zənginliyə sahib olan ailə bu yağmalanmadan sonra Gəncəyə qaçıb.
Müseyib Gəncədə ikən yeni qurulan Azərbaycan Cümhuriyyətinin polis idarəsində bolşevik işğalı dövrünə qədər tərcümanlıq fəaliyyəti ilə məşğul olub. 1920-ci ilin may ayında rus istilasına qarşı baş verən Gəncə üsyanına qatılan Müseyib həbs edilib, erməni gözətçi və müdirin nəzarətində həbsxanada qalıb. Lakin 25 gün sonra bir sənəd əldə edərək tovuzlu soydaşları ilə birlikdə Tovuza gedib, daha sonra Ceyrançölə yerləşib. Bir neçə ay sonra Eldar ərazisinə keçib, bolşeviklərlə mübarizə aparan 300 nəfərdən ibarət qaçaq dəstəsinə qoşulub, onlarla birgə döyüşüb.
Daha sonra Tiflisə keçən Müseyib 1921-ci ilin baharınadək – bolşeviklərin Gürcüstanı işğalınadək burada qalıb. Oradan Kutaisiyə və Batuma keçib. Moskva müqaviləsinə görə Batum ruslara verildiyi üçün oradan da Hopaya, daha sonra Trabzona yerləşib. 1921-ci ildən etibarən 13 il Trabzonda ticarətlə məşğul olan Müseyib nəticədə sərmayəsini itirib və iki il çətin vəziyyətdə yaşayıb. Həmyerlilərinin təşviqi ilə 1936-cı ildə İğdıra gələn Müseyib burada bələdiyyədə təhsildar olaraq çalışıb. (1940-cı ildə nəşr olunan bioqrafiyada hələ də bu vəzifədə çalışdığı qeyd olunub).
“Doğuş”dakı tərcümeyi-halına görə 1924-cü ildə Trabzonda evlənən Müseyib Zəyəmin iki qızı, bir oğlu olub.
Türkiyəyə gəldikdən sonra doğulduğu Zəyəm bölgəsini soyad olaraq götürən Müseyibin şeirləri də vətən həsrətlidir.
2013-cü ildə Ankarada Nizamettin Onk tərəfindən “Böyük şair Müseyib Zəyəm” adında kitab çap olunub, şairin bir çox şeiri bu kitabda toplanılıb. Bu şeirləri vaxtilə şairin özü ərəb əlifbası ilə əlyazma şəklində Fahrettin Kırzıoğluna təqdim edib. Nəticədə əlyazma tədqiqatçı Onka çatıb və sonuncu başqa şeirləri də bir araya yığaraq şairin irsini itməkdən xilas edib.
Müseyib Zəyəm 1957-ci il martın 1-də vəfat edib, İğdırdakı Əsri məzarlığında dəfn olunub.
Müseyib Zəyəmin şeirlərini oxuculara təqdim edənlər arasında mühacir Əziz Alpoud da önəmli yer tutub. “Mücahit” dərgisində qısa formalı 6 hissədə dərc olunan “Vətən şairi Zəyəmli” adlı məqalələrində Alpoud 1955-ci ildə İğdırda onunla görüşməsindən və ona hədiyyə etdiyi şeir dəftərindən bəhs edib, bir neçə şeirini jurnalda dərc etdirib. Şeir dəftəri 1953-cü ildə İğdırda yazılıb. Əziz Alpoud dəftərdəki bir şeir haqqında belə yazıb: “Şeirlərinin çoxu dərdlidir. Bir şeirin üzərində öz əli ilə suyu boya ilə çəkilmiş üçrəngli Azərbaycan bayrağı var. Şeirin adı “Bayrağım”dır. Tarixi 29.09.1928”.
Şeirdən bir bənd:
Nə üçün rəngin, saraldı, soldu
Gözəl ölkələrin kimlərə qaldı?
Nədən üç rəngin qırmızı oldu?
Kim boyatdı səni qana, bayrağım?
Tədqiqatçı Nizamettin Onk kitabında Müseyib Zəyəmin özünün yazdığı tərcümeyi-halı da verib. Növbəti yazımızda şairin yazdığı bioqrafiyanı təqdim edəcəyik.