8 Oktyabr 2020 23:13
4 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda cəbhə boyu vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordumuz uğurlu əks-hücum kampaniyasına başlayaraq anti-terror əməliyyatlarını həyata keçirir. Beləcə qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarır. Bu əməliyyatlardan qorxuya düşən, hərbi, mənəvi və maddi imkanları tükənən Ermənistan dövləti üçüncü ölkələri prosesə qatmaq üçün cəbhə bölgəsinə aid olmayan şəhər və kəndlərimizi Gəncə, Mingəçevir, Abşeronu, Xızını atəşə tuturlar.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Gəncədən seçilən deputat Musa Quliyev deyib.

O, ermənilərin beynəlxalq qalmaqala səbəb olacaq Bakı-Tbilisi-Ceyhan neft kəmərini vurmağa cəhd göstərdiyini xatırladıb.

Musa Quliyevin fikrincə, Ermənistan dövlətinin Gəncə şəhəri daxil olmaqla cəbhə bölgəsi olmayan yaşayış məskənlərini atəşə tutmaqda məqsədləri odur ki, Azərbaycan onlara zərbə endirsin: “Niyyətləri budur ki, Azərbaycan tərəfi bu şəhərlərə zərbə endirilən əraziləri, raket atışlarını həyata keçirən əraziləri vursun. Beləcə onlar bundan istifadə edərək müharibəni Azərbaycan-Ermənistan arasına keçirsinlər. Bundan sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və müttəfiqlərini bu prosesə cəlb etsinlər”.

Komitə sədri vurğulayıb ki, iki gün əvvəl Rusiya televiziyasına müsahibə verən Ermənistan baş nazirinin müşaviri, sabiq müdafiə naziri Arutunyan açıq deyib ki, məqsədləri Azərbaycanın mülki əhalisi yaşadığı məntəqələrə zərbə endirməklə əhali arasında çaxnaşma yaratmaq niyyətləri var:

“Yəni onlar faktiki olaraq Azərbaycanın mülki insanlarına qarşı müharibə elan ediblər. Bu, hərbi cinayətdir. Həm də göstərir ki, Ermənistan məğlub durumdadır və özünə tərəfdar axtarmaq istəyir. Həm də 30 ilə yaxındır ki, dünyaya və bəşəriyyətə qarşı çirkin oyun oynayan Ermənistan indi bu çirkin əməllərinin acı meyvələrini dadmaqdadır. Bu gün də dünyada heç kəs erməniləri dəstəkləmir. Onun ən yaxın müttəfiqi olan Fransa isə yalnız atəşkəsi dayandırmaq və danışıqlar masasına qayıtmaqla bağlı çağırışlar edir. Hamı bilir ki, Azərbaycan beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü təmin etmək hüququndan istifadə edərək ərazi bütövlüyünü təmin edir və təcavüzkar qanunsuz silahlı qrupları ərazisindən çıxarır”.

Komitə sədri əlavə edib ki, ötən gün Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısı keçirilib: “Məruzəçi mən idim. Təsəvvür edin ki, komitə iclası başlayan kimi ermənlər hay-küy qaldırdılar, iddia etdilər ki, Azərbaycan Dağlıq Qarabağda əhaliyə qarşı müharibə aparır. Sözsüz ki, biz onları susdurduq. Bir ölkə nümayəndəsi belə onlara dəstək vermədi. Açıq dedik ki, məqsədimiz Azərbaycan ərazisində qurulan qanunsuz xunta rejimini məhv etmək, torpaqlarımızı azad etmək, məcburi köçkünlərimizi yurdlarına qaytarmaq və tarixi ədaləti bərpa etməkdir”.

Gəncədən deputat seçilən Musa Quliyev qeyd edib ki, ermənilər bir həftəyə yaxındır ki, Gəncəni hədəf götürürlər: “Bu gün də Gəncəyə atəş açıblar. Amma bu qeyri-insani rəftar Gəncə sakinlərini qorxutmur. Gəncədə nə narahatlıq, nə də panika var. Əksinə gəncəlilər ayaq üstədir və vətəni müdafiə etməyə hazırdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər