Ermənistanın Baş naziri Nikol Paşinyanın keçdiyi siyasi ömür yoluna diqqət etdikdə məlum olur ki, bu siyasi fiquru hiss edilməsə də daim qoruyub müdafiə edən gizli əllər olub. 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan bu əyalət jurnalistinin günün birində ölkənin baş naziri ola biləcəyini heç kəs proqnoz edə bilməzdi.
Teleqraf.com başıbəlalı Paşinyanın keçdiyi siyasi burulğanları təqdim etməklə bu şəxsi kənardan qoruyan gizli əllərin olub-olmamasına dair qənaəti oxucuların özünün çıxaracağına əmindir:
Paşinyan 1988-ci ildə Qarabağın işğalı məqsədilə tələbə tətilləri, yürüşləri və mitinqlərdə iştirak edib.
1995-ci ildə İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğu zaman siyasi fəaliyyətinə görə universitetdən qovulub.
1998-ci ildə özünün “Oragir” (Gündəlik) qəzetini çıxarmağa başlayıb. Bu qəzeti bir müddət sonra Yeni Yol müxalifət partiyasına yaxınlaşdırıb.
Paşinyan həm də yazdığı yazılar səbəbindən dəfələrlə məhkəməyə çəkilib. Məsələn, sabiq Ermənistan prezidenti Serj Sərksiyanı təhqir etdiyi üçün məhkəmə tərəfindən cəzalandırılıb. Məhkəmə ona 25 min dollar pul cəzası kəsib, amma Paşinyan bu pulu ödəməkdən imtina edib. Bu səbəbdən onun “Oragir” qəzetinin əmlakını dövlət müsadirə edib, bank hesabları isə dondurulub. Bununla da Paşinyan Ermənistanda SSRİ dağıldıqdan sonra təhqir və şər-böhtana görə cəza alan ilk jurnalist olub. Bir il həbsdə yatıb. Əslində bu hadisə Paşinyan ilə Sərksiyan arasında “qan davasına” çevrilib. Tərəflər daim qarşı-qarşıya gəliblər və Sərksiyan ağlına gətirməzdi ki, 10 il sonra onun hakimiyyətini məhz Paşinyan yıxacaq...
Həbsə jurnalist kimi gedib siyasətçi kimi çıxıb
Paşinyan həbsdən çıxdıqdan sonra Demokratik Vətən Partiyasına bağlı “Haykakan Jamanak” qəzetinin redaktoru olub. 1999-cu ilin 23 dekabrında Paşinyan bu qəzetdə korrupsiyada ittiham etdiyi bir iş adamı tərəfindən döyülüb.
Nikol Paşinyan 2001-ci ilin noyabrın 6-da Ermənistanın mülki aviasiya departamentinin rəhbəri Ovanes Yeritsyana böhtan atmaqda günahlandırılır və hökumət daxil olmaqla parlamentin 3 qrupu tərəfindən qınanılır.
2004-cü ilin 22 noyabrında Nikolun “Haykakan Jamanak” qəzetinin redaksiyası yaxınlığında saxladığı “Lada Niva” markalı avtomobili yanır. Paşinyanın özü bu hadisənin oliqarx deputat Qaqik Tsarukyan tərəfindən həyata keçirilən hücum olduğunu qeyd edib. Onun avtomobili molotov kokteyli və ya kustar üsulla düzəldilən partlayıcı ilə yandırılmışdı. Amma polisin apardığı araşdırmanın nəticəsinə görə, yanğın akkumulyator naqillərinin qırıldığı üçün baş verib.
Paşinyan jurnalistika ilə məşğul olsa da, daima siyasi tədbirlərin episentrində yer alıb. Məsələn, 2007-ci ilin 9 mayında həbs edilən müxalifətçi Arzumanyanın sərbəst buraxılmasını tələb etmək məqsədilə Ermənistan Təhlükəsizlik Xidmətinin inzibati binasına yürüş təşkil edib. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı bombalardan istifadə etməli olub. O zaman polis rəhbəri Ararat Mahtesyan zorakılığın səbəbkarının Paşinyan olduğunu bəyan edib.
Levonun sadiq adamı
Nikol Paşinyan 2008-ci ildə Levon Ter-Petrosiyanın prezidentliyə namizədliyini dəstəklədiyini bəyan edir və bu məqsədlə təkcə məqalələr yazmayıb, eyni zamanda keçirilən mitinqlərdə odlu-alovlu çıxışları ilə yaddaşlara həkk olunur.
Oktyabrın 16-da qısa müddətə həbs edilir. Daha sonra həmin ayın 23-də yenidən saxlanılır. O, polisə qarşı zorakılıqda təqsirləndirilib.
Ən pis hadisələr isə seçkilərdən sonra 2008-ci il martın 1-də yaşanıb. Paşinyan seçkilərin saxtalaşdırılmasından sonra uduzan Ter-Petrosyanın sadiq adamı kimi etiraz edir, xalq küçələrə çıxır. Hökumət isə aksiyaya sərt müdaxilə edərək onu dağıdır, 10 nəfər isə öldürülür. Bəzi iddialara görə, bu aksiyada xalqın hökumətə ciddi müqavimət göstərməsi üçün fəaliyyəti olan bir nömrəli şəxs Paşinyan olub. Ölkədə sabitliyin pozulmasında ittiham edilən Paşinyan hadisələrdən sonra bir müddət gizli yaşamalı olur. Bəzən iddialar edilir ki, o, gizləndiyi dövrdə ABŞ səfirliyində qalırmış. Paşinyan hadisələrdən sonra qaçıb gizlənsə də, “Haykakan Jamanak” qəzetinə yazılar yazmaqda davam edir. Hətta yazılarında saxta pasportla dünyanı gəzdiyini iddia edir.
Təslim olub türməyə göndərilən və deputat seçilən “qəhrəman”
2009-cu il, iyulun 1-də Paşinyan hüquq-mühafizə orqanlarına təslim olur və məhkəmə ona 7 il həbs cəzası kəsir. Bu dövrdə artıq Paşinyan beynəlxalq təşkilatlar və hüquq müdafiə qurumları tərəfindən mediada “qəhrəman siyasətçi” kimi göstərilirdi.
2010-cu ilin 11 noyabrında Paşinyan iddia edir ki, saxlanıldığı kamerada iki masqalı şəxs tərəfindən döyülüb. Ədliyyə Nazirliyi isə bu ittihamları rədd edir və bildirir ki, müayinə zamanı hər hansı bir yaralanma və zədə müəyyən olunmayıb.
2011-ci il mayın 27-də Ermənistanda “Respublika günü” münasibəti ilə verilən əfv nəticəsində Nikol Paşinyan azadlığa çıxır və qaldığı yerdən davam edir...
Nikol 2012-ci ildə keçirilən parlament seçkilərində namizəd olur, Erməni Milli Konqresinin siyahısı əsasında parlamentə düşür. Bir ildən sonra isə Levon Ter-Petrosyanla yollarını ayıraraq özünün siyasi iddiaları istiqamətində addımlara başlayır. 2017-ci ildə İrəvan bələdiyyə sədri postuna namizədliyini irəli sürür və hökuməti ciddi tənqidlər edir. Amma bu seçkilərdə uğur əldə edə bilmir.
Təqvimlər 2018-ci ilə keçdikdə Nikol Paşinyan nəhayət siyasi iddiasını təmin edə bilir. Məhz bu ilin 12 aprelində “Serj Sərksiyanı rədd et” şüarı ilə Ermənistanın müxtəlif şəhərlərində aksiya başlayır. Mitinqlərə isə deputat Nikol Paşinyan rəhbərlik edir. Paşinyan “Mənim addımım” adlı aksiya ilə yürüşlər təşkil edir. Bu zaman İrəvanın Erebul səmtində polis tərəfindən həbs edilir. Bu, İrəvanın hər yerində kütləvi itaətsizlik mitinqlərinə səbəb olur. 23 apreldə baş nazirin müavini Karen Karapetyanla görüşdükdən sonra azadlığa buraxılan Paşinyanın mövqeyində dəyişikliklər olmur və erməni xalqı tərəfindən qəhrəman kimi qarşılanır. Elə həmin gün də Serj Sərksiyan istefa verir. İstefa tələbi gec elan olunduğundan Paşinyan tələbələri dərsləri boykot etməyə çağırır. Xalq küçələrə, yollara tökülür. Dəmiryolu və hava limanı bağlanır. Böyük bir kütlə ilə Paşinyan parlamentdəki Respublika Partiyasının çoxluğuna təzyiqlərə başlayır. Ermənistanda az qala bütün yollar və nəqliyyat on minlərlə insan tərəfindən mayın 2-də dayandırılır.
Nəticədə 2018-ci il mayın 2-də parlament 42 səsə qarşılıq olaraq 59 səslə Paşinyanı baş nazir seçir. Qısa müddət sonra erkən seçkilərə gedən Paşinyanın “Mənim addımım” qrupu səslərin 70 faizini alaraq 132 nəfərlik parlamentdə 88 yer qazanır. Beləcə ikinci Paşinyan hökuməti 2019-cu ilin 14 yanvarında fəaliyyətə başlayır.
“Dəmir yumruq” əməliyyatı və çətinə düşən Paşinyan
2020-ci ilin sentyabrın 27-də Azərbaycan ordusunun başlatdığı əks-hücum kampaniyası isə Nikol Paşinyan və komandasının ağır məğlubiyyətinə və ciddi nəticələrə qatlanmasına səbəb olur. Azərbaycan Ordusu 30 ilə qədər işğal altında olan ərzilərinin mütləq əksəriyyətini 44 gün ərzində işğaldan azad edir. Beləcə tarixi ədalət bərpa olunur.
Erməni ordusu 10 minə yaxın itki verir, 15 minə yaxın hərbçi isə bu və ya digər formada müharibənin təsirinə məruz qalır. Nəticədə Ermənistanda siyasi destablizasiya, sabitliyə təhlükə yaranır. Daxili siyasi qüvvələr, hətta ordu belə Paşinyanın istefasına nail olmağa çalışır. Amma Paşinyan hələki hakimiyyətini qoruyub saxlamaqda davam edir.