“ABŞ-ın komandanlıq edəcəyi hərbi təlimlərə qatılmağa razılıq verən İrəvan ciddi səhv edib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çepa deyib.
“Əlbəttə, buna münasibətimiz mənfidir. Ermənistanın mövqeyi bizi çox narahat edir. Təəssüflə bunun ciddi səhv olduğunu anlayırıq. Bunun müəyyən siyasi nəticələri olacaq”, - rusiyalı deputat bildirib.
Çepa hesab edir ki, Ermənistanın NATO-ya üzv olmaq şansı azdır. Onun sözlərinə görə, Şimali Atlantika Alyansının əsas məqsədi Rusiya sərhədi yaxınlığında münaqişəli vəziyyət yaratmaqdır.
“NATO ilə flört etməyə çalışırlar, amma çətin ki, bu baş tutsun. Ermənistanın indiki vəziyyətini nəzərə alsaq, buna ehtiyac yoxdur. Ermənistanın hazırkı rəhbərliyi NATO-nun təxribatlarına məruz qalır”, - siyasətçi əlavə edib.
Ermənistan Müdafiə Nazirliyi dünən bəyan edib ki, Ermənistan hərbçiləri ABŞ-ın komandanlığı ilə il ərzində Avropa ölkələrində keçiriləcək iki hərbi təlimdə iştirak etməyi planlaşdırır.