Rusiyadan narazı ermənilər İrana üz tutmağa başlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin ermənilər arasında keçirdiyi sorğuda məlum olub.
“Hraparak” qəzeti sorğunun nəticələri ilə bağlı yazır:
“Rusiyanın İrəvandakı səfirliyi bu yaxınlarda Ermənistanda sorğu keçirib. Bu, Ermənistanın Rusiyaya müsbət münasibətində yumşaq desək, biabırçı nəticələr qeydə alıb. Əgər 2018-ci il inqilabına qədər ermənilərin 70 faizindən çoxu strateji tərəfdaşa müsbət münasibət bəsləyirdisə, indi bu rəqəm demək olar, iki dəfə azalıb, təxminən 40 faiz təşkil edir.
Bu fakt Kremldə ciddi narahatlığa səbəb olub. Amma onlar hələlik nə edəcəklərini bilmirlər və kəskin tədbirlərə əl atmaq fikrində deyillər. Çünki eyni zamanda Ermənistan vətəndaşlarının Qərbə münasibətini də aydınlaşdırmağa çalışıblar, burada ciddi artım olmadığını görəndə rahatlayıblar. Əvəzində, sorğulara görə, Ermənistan vətəndaşlarının İrana inam indeksi artıb”.