ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ölkəsindəki ən böyük erməni lobbisi olan “Amerika Erməniləri Milli Komitəsi”nin (ANCA) rəhbərlərindən biri Aram Suren Amparyanın Ermənistan Baş naziri Nikol Paşinyanı hədəfə alan açıqlamasına münasibət bildirməkdən yayınıb.
Teleqraf.com xəbər verir ki, mətbuat konfransında danışan ABŞ rəsmisi bunu “ilk dəfə eşitdiyini" iddia edib.
Türkiyəli jurnalist Millerə belə bir sual ünvanlayıb: “ABŞ qanunları aparıcı lobbi təşkilatına potensial olaraq xarici hökumətin devrilməsini və bu məqsədlə silahlı qüvvədən istifadəni dəstəkləyən fəaliyyətlərlə məşğul olmağa icazə verirmi?”
Sözügedən çağırışla tanış olmadığını iddia edən ABŞ rəsmisi “ilk dəfə eşitdiyi mövzu”ya şərh verməkdən həmişə çəkindiyini deyib.
Miller mövzunu “tam başa düşməsi”nin lazım olduğunu vurğulayıb: “Amma ümumilikdə deyə bilərəm ki, biz həmişə dövlət adamlarına qarşı təhdidləri və ya qanuni yolla seçilmiş hökumətləri devirmək cəhdini pisləmişik”.
Amparyan bundan əvvəl Paşinyanı müdafiə edənləri pul kisələri haqda düşünməkdənsə, ürəklərinin səsinə qulaq asaraq hərəkət etməyə çağırıb: “Bu, Paşinyanı qoruyan erməninin maaşından daha çox ruhuna dəyər verdiyi andır”.
Amparyanın sözləri sui-qəsd çağırışı kimi şərh edilib.
Artıq Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan çoxlu sayda keçmiş hərbi həbs olunub.