Ermənistan Roma statununu yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı çıxışında bildirib.
"Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də BCM vasitəsilə və ya BCM-dən istifadə etməklə Qərb tərəfindən ölkəmizin rəhbərliyinə və rəsmilərə qarşı həyata keçirilən bu anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi səbəblərdən ratifikasiya etmək qərarına gəlib", - o deyib.
Qeyd edək ki, oktyabrın əvvəlində Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Ermənistan 1999-cu ildə Roma statutunu imzalasa da, onu ratifikasiya etməyib. 2023-cü il sentyabrın 1-də Ermənistan hökuməti BCM-nin Roma Əsasnaməsinin ratifikasiya layihəsini parlamentə göndərib.
Mart ayında BCM-nin məhkəməyə qədərki palatası Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.