Dünən Ermənistan Baş naziri Nikol Paşinyanın Anna Akopyanla 27 ildir birlikdə yaşadığını, amma nə de-yure rəsmi, nə də kilsə nikahında olduqlarını etiraf etməsi ölkədə sərt reaksiyalarla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Lurer” yazır.
Erməni nəşri bildirir ki, hüquqşünaslar bunu ölkənin baş nazirinin qanun pozuntusu hesab edirlər:
“Hüquqşünasların şərhlərində belə bir vurğu var ki, Paşinyanın nikahdankənar xanımının Ermənistan büdcəsini mənimsəməyə, keflərinə və səfərlərinə xərcləməsinə, xidməti avtomobillərdən istifadə etməyə haqqı yoxdur, çünki rəsmi nikah olmadığı üçün onun belə bir statusu yoxdur və ola bilməz. Buna baxmayaraq, onun hökumət binasında iqamətgahı var.
Hüquqşünas Anahit Sərkisyan qanun pozuntusunun müddəalarını bir-bir təfərrüatlandırıb:
“Ermənistanın ailə qanunvericiliyi yalnız qeydə alınmış nikahı nəzərdə tutur. Yəni Ermənistan qanunvericiliyinə uyğun olaraq hər hansı digər nikah növü nikah sayıla bilməz. Kənar evlilik ona hansısa səlahiyyət və vəzifə tanımır”.
Onun sözlərinə görə, əgər qanunda vəzifəli şəxsin həyat yoldaşının ezamiyyətə gedə biləcəyi, xidməti avtomobili və ya hər hansı digər vəzifəsi ola biləcəyi göstərilibsə, bu halda belə bir şeydən söhbət gedə bilməz:
“Baş nazirin xanımının rəsmi avtomobil də daxil olmaqla, hər hansı hüquq və ya vəzifəsi varsa da, indiki halda Akopyanın nikahı qeydə alınmadığı üçün bu imtizaylar ona aid edilə bilməz”.