26 İyul 2014 10:40
2 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evli kişiyə aşiq olmaq necə bir duyğudur? Bu haqda heç təsəvvürünüz var? Təxminən bilə bilərik, amma dərk etmək üçün yaşamaq lazımdır. Çox vaxt fikirlərimizin üst-üstə düşmədiyi cəmiyyətimizlə ilk dəfə hansısa fikirdə ortaq qərara gəlmişik: evli adamla münasibətdədirsə, pozğundur!

Çox radikal və olduqca primitiv yanaşmadır. Amma nə edəsən ki, azərbaycanlılıq damarlarında axır. Məhəbbət utanılacaq bir şeydirmi? Vurulacağın adamı əvvəlcədən seçmək kimi bir şansımız olurmu? Məncə, yox. Bəs niyə bu qadınlara daim alçaldıcı nəzərlərlə baxır və onları qınayırıq?

Yadımdadır, hansısa sentimental bir yazar öz əsərindəki qadın obrazını danışdırıb demişdi: “Evlidirsə, onu atacaqsan? Bəlkə, sənin həyatının eşqi elə odur? Sevgin uğrunda mübarizə aparmayacaqsan? Nə olsun evlidir? Sevgin uğrunda savaş!”

Əsərin axırını deyim, ya deməyim, heç bilmirəm. Rəfiqəsinin təkidiylə evli cənabı həyatından uzaqlaşdırmayan xanım, uzun müddətdən sonra dərk edir ki, “həyatının məhəbbəti” heç də xanımından ayrılıb onunla ailə həyatı qurmağı planlaşdırmır. Cənabla keçirdiyi vaxtlara görə özünə nifrət etməyə başlayır, qadınlığından utanır və tamamilə sevgidən soyuyur.

Bəs romanı kənara qoyub real həyata nəzər salsaq, necə? Düzü, bu dəfə “romanlar” kimi bitən bir sonluğum var. Tanıdığım bir xanım evli cənaba aşiq idi. Hər kəs bir ağızdan ona ayrılmağını tövsiyə edirdi. O isə ayrılmadı. İndi həmin cənabla evlidir və bu ayın sonu onun qızını dünyaya gətirəcək.

İndi oxucu deyəcək ki, Rəfiqə bizi “pis yola çəkir”. Yox, “yaşanılası bir duyğudur, bundan qorxmayın, davam etdirin” demirəm, amma sizi anlayıram. Niyə “sevginin gözü kor olur” deyirlər? Sevgi birdən-birə gəlir. Necə, kimlə, nə zaman deyə müəyyən edə bilmərik. Sevgi gəldisə, onu layiqincə yaşamaq lazımdır. Sevgini ƏDƏBLƏ yaşamaq lazımdır. Çünki sevgi çoxlarının təsəvvüründəki cılız toxunuşlardan və qısa mesajlardan ibarət deyil.

Heç evli adama aşiq olan qadının hansı duyğular yaşadığıyla bağlı təsəvvürləriniz var? Axşam gələndə öz isti yuvasına, xanımının qoynuna qayıdan cənab arxasında nə qoyub gedir? Yerlə-yeksan bir qadın. Ürəkdən ağlamağa belə utanan, göz yaşlarını silməyə belə taqəti olmayan bir xanım. O xanım ki, onun nə pulda, nə evdə, nə də o cənabın ailəsini dağıtmaqda gözü var. O xanım ki, məhəbbətin təməl özəyini – eqoizmini öz içində məhv edib indi evində ailəsiylə xoşbəxt olan cənab üçün dua edir.

Bu xanımın əməllərində bir məntiq axtarmaq mənasızdır, o, sadəcə, öz sevgisinin arxasınca qaçır. Heç vaxt ona çatmayacağını bilmir? Yəqin ki, bilir. Bu qaçdı-tutdu cənabın ona qarşı heç nə hiss etmədiyini, yalnız əyləncə məqsədilə yanaşdığını başa düşəcəyi günə qədər davam edər. Bunu dərk etdiyi gün isə qadın gedər. Həmişəlik gedər. Çünki, sevgi ədəbsiz yaşanmaz. Sevgi fiziki bağımlılıqla ölçülə bilməz.

Gedən qadın necə yaşayar sonra? Ağlayar, sızlayar, içər, ya da içməz. Ürəyini heç kimə aça bilməz, dərdini divarlarla bölüşər. Və o qadın bir daha əsla sevməz!

Evli cənablarla məhəbbət yaşayan qadın pozğundur. Cənab isə qurban...

/1937.az/


Müəllif:

Oxşar xəbərlər