30 İyul 2014 14:36
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Əhmədoğlu: “BMT təcili olaraq bu barədə məlumatlandırılmalıdır”

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı üç cəhətdən diqqət çəkir”. Teleqraf.com xəbər verir ki, bunu bəyan edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, birincisi, bəyanatda son 4-5 ildəki şablon ifadələrdən istifadə olunur:

“İndiki vəziyyət 4-5 il bundan qabaqkı deyil. Hətta 4-5 ay bundan qabaqkı vəziyyətə nisbətən xeyli dəyişib. Müharibənin olmaması çağırışlarının əsas səbəbi vasitəçilərin tənzimləmə ilə məşğul olmamasıdır. İkincisi, Ermənistanın rəsmiləri ATƏT-in Minsk Qrupu sənədlərinin mahiyyətini başa düşmədikləri ilə bağlı aşkar bəyanatlar verirlər, sənədlərin mahiyyətini saxtalaşdırırlar. İzah vermək nə qədər sadə olsa da, vasitəçilər öz hazırladıqları sənəd barədə rəsmi izah vermək istəmirlər”.

M.Əhmədoğlunun sözlərinə görə, üçüncüsü, Ermənistanda sərhədyanı ərazidə yaşayan əhali içərisində kimin müqaviləli hərbçi və ya mülki şəxs olduğunu ayırd etmək çox çətindir. Politoloq qeyd edib ki, vasitəçilərin diqqət vermək istəmədiyi məsələlərdən biri də ermənilərin yalançılığıdır. Bu Azərbaycan ilə əlaqəli məsələlərdə özünü daha qabarıq göstərir: “Həmsədrlər BMT və ATƏT-in rəhbər sənədləri tərəfindən onların üzərinə qoyulmuş funksiyaları yerinə yetirə bilmirlər. Ən kiçik halda bu səhlənkarlıqdır. Bundan daha böyük səhlənkarlıq baş verənlər barədə BMT və ATƏT-ə sənədlərin hazırlanıb göndərilməməsidir. Müvafiq strukturlarımız bunları və buna bənzər faktları rəsmiləşdirib BMT və ATƏT-ə təqdim etməlidir”.

Qeyd edək ki, həmsədrlər yaydıqları son bəyanatda təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin və zorakılığın artmasından, habelə məqsədli şəkildə dinc sakinlərin qətlə yetirilməsindən narahatlıqlarını ifadə ediblər. Konkret olaraq vasitəçilər tərəfləri dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə, habelə gərginliyin azaldılması üçün səylər göstərməyə və atəşkəş sazişinə riayət etməyə çağırıblar.

Səxavət


Müəllif:

Oxşar xəbərlər