Yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.
Teleqraf.com-a bu barədə mərhumun yaxınları məlumat verib.
Əslən Şəkidən olan Bəhram Çələbi ailəsindən ayrı Bakıda yaşayırdı. Onun meyiti Bakıda tək yaşadığı evində aşkarlanıb.
Bəhram Çələbinin xəstəlikdən vəfat etdiyi bildirilir.
Bəhram Çələbi 26 oktyabr 1946-ci il tarixdə Şəkidə anadan olub. 1964-cü ildə Şəki şəhər 2 №-li orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
Dövri mətbuatda ilk olaraq idman mövzusunda məqalə, bundan başqa, şeir və hekayələri, daha sonra “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzularda məqalələri dərc olunub.
2003-cü ildən oğru dünyası mövzusunda kitabları çap olunmağa başlayıb. İlk kitabı “Diktator Ağakərim” romanı olub, onun rus dilində tərcüməsi isə “Boq Urala” adı ilə oxuculara təqdim edilib.
Qeyd edək ki, B.Çələbinin yaşadığı evdə meyitinin tapılması barədə ilk xəbəri Qafqazinfo.az saytı yayıb.