Bakı şəhərinin Xətai rayonu, S.Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirliyin “112” qaynar telefon xəttinə sözügedən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində səkkizmərtəbəli yaşayış binasında fəaliyyət göstərən restoranın tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın damında quraşdırılmış havatəmizləyici qurğunun mühərrik hissəsi yanıb.
Restoran və bina yanğından mühafizə olunub.