Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının satışı ilə bağlı ilk açıq hərrac keçirib.Teleqraf.com-un məlumatına görə, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutan hərracda 36 dövlət əmlakı satılıb.
Hərracda 1,8 milyon manat əldə olundu
Azərbaycanda yeni özəlləşdirmə proqramı çərçivəsində keçirilən hərrac nəticəsində ölkənin dövlət büdcəsinə 1,8 milyon manat köçürülüb. Hərracda Bakıdan başqa, Şəki, Gəncə, Sumqayıtdan olan investorlar da iştirak ediblər. Şəki, Gəncə və Sumqayıt şəhərləri ilə skayp vasitəsilə təmas qurulub. 20 dövlət müəssisəsindən və obyektindən 15-i Bakıda, qalan 5-i isə ölkənin digər şəhər və bölgələrində yerləşir.
Bazarda 100 minə satılan mağaza hərracda 38 min manata...
Bir çox obyekt və müəssisə rəqabətsiz əldə olunduğu halda Suraxanı rayonunun Bülbülə qəsəbəsində, Səttar Bəhlulzadə küçəsi, 62 ünvanda yerləşən obyektin hərracı yüksək rəqabət şəraitində keçirilib. Obyektin ilkin satış dəyəri 19 min 100 manat göstərilsə də, hərrac zamanı məbləğ 38 min manatadək yüksəlib və sonda bu qiymətə satılıb. Suraxanı rayonu 41 saylı mağazanın sahibi olmuş İlqar Vəliyev hərracın şəffaf keçirildiyini söylədi: “Rəqabət vardı, çox sağlam aparıldı və mən qalib gəldim. Obyekti müasir şəklə salmağı planlaşdırırıq, tikinti-təmir işləri aparandan sonra istifadəyə verəcəyik”.
O, sözügedən ərazidə 41 saylı mağaza tipli başqa obyektlərin orta bazar dəyərinin 100 min manata yaxın olduğunu dedi: “Əlbəttə, obyekti hərracda əldə etmək daha sərfəlidir. Biz birmərtəbəli tikilini 38 min manata aldıq”.
AMEA maşını satdı
Hərraca çıxarılan dövlət obyektlərinin siyahısında nəqliyyat vasitələri də yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan “QAZ-31102-120”, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyasına aid “Volkswagen Passat”, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun “Audi A6 L” tipli avtomobili, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm Peşə Məktəbinə məxsus “Nissan Maxima” nəqliyyat vasitəsi satılıb.
Bundan başqa, iki rayonun icra hakimiyyəti özünün balansında olan 2 avtomobili satışa çıxarıb. Tərtər rayon İcra Hakimiyyətinə məxsus “BMW-523”, Laçın rayon İcra Hakimiyyətinin isə “Chevrolet Niva” tipli avtomobili özəlləşdirilib.
3 vertolyot hərracda müştəri tapdı
Ən maraqlısı artıq ikinci dəfədir hərraca çıxarılan 3 vertolyotun satışı olub. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ilk açıq hərracda vertolyotlara müştəri tapılıb. “Azərbaycan Hava Yolları” QSC-yə məxsus hər üç vertolyot Mİ-8 MTV1 model hava nəqliyyatıdır. Hərraca çıxarılan vertolyotların hər üçünün istismar müddəti başa çatıb. Onlardan ikisi 1993-cü ildə, biri isə 1991-ci ildə istehsal olunub.
1991-ci ildə istehsal olunan vertolyotun ilkin qiyməti 130 min 23 manat, 1993-cü il istehsalı olan vertolyotlardan birinin start qiyməti 134 min 271 manat, digərinki isə 134 min 323 manat müəyyən edilib. Vertolyota sahib olmaq istəyən sifarişçidən şəxsiyyətini təsdiq edən sənəd və vertolyotun start qiymətinin 10%-i məbləğində behin banka köçürülməsi barədə qəbz tələb olunur.
1993-cü il istehsallı Mİ-8 MTV1 model vertolyota sahiblənmək istəyən şəxs 13 min 427 manat beh ödəməli idi. 1993-cü il istehsallı digər vertolyot üçün müəyyənləşmiş beh qiymət isə 13 min 432 manat təşkil edir. 1991-ci il istehsalı olan eyni model almaq istəyən şəxsdən isə banka 13 min 2 manat beh verməsi tələb olunurdu.
Vertolyotlara üçün “Silk Way” sahib çıxdı
Vertolyotların üçü də artıq bir dəfə hərraca çıxarılıb və satılmayıb, bu dəfə açıq hərracda təkrar satış çıxarılıb. Hər üç vertolyota bir hüquqi şəxs yiyələnib. Vertolyotları “Silk Way” Aviaşirkəti alıb.
Şirkətin nümayəndəsi Elşən Rəhimov Teleqraf.com-a bildirdi ki, vertolyotların ehtiyat hissələrindən istifadə olunacaq: “Hazırda istismarda sovet texnikası olduğu üçün sözügedən vertolyotların hissələrindən yararlanacağıq. Hərracda rəqabətsiz qalib gəldik. Köhnə sovet texnikası heç kəsə lazım deyil. 10 faiz avans ödədik, hərraca qatıldıq və vertolyotları əldə etdik”.
Elşən Rəhimovun sözlərinə görə, özəlləşdirmə portalında vertolyotların fotolarını və məlumat əldə edəndən sonra aviaşirkətin mühəndisləri yerindəcə vertolyotlara baxış keçirib və şirkət onları almaq qərarına gəlib: “Hərrac çox şəffaf və normal şəkildə baş tutdu. İstənilən şəxs gəlib qeydiyyata düşüb hərracda iştirak edə və əmlak sahibi ola bilər”.
Hərracda necə iştirak etməli?
Özəlləşdirmə portalında satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat və fotoşəkillər yerləşdirilir. İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir.
Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında öz əksini tapır.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Nərgiz Ehlamqızı