Teleqraf.com-un suallarını Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov cavablandırıb:
-Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının satışı ilə bağlı ilk açıq hərrac keçirdi. Birinci açıq hərracı necə qiymətləndirirsiniz?
-Komitənin keçirdiyi hərrac sentyabrın 14-də baş tutdu. Bu barədə elanlar 1 ay əvvəlcədən Komitənin saytında, “Mülkiyyət” qəzetində və özəlləşdirmə portalında verilmişdi. Hərraca qatılmaq istəyən investor və potensial alıcı sərbəst şəkildə elektron sifariş verərək və 10 faiz beh ödəməklə iştirakçı statusu qazanır.
Hərrac açıq, şəffaf və rahat şəkildə keçirildi. Bildiyiniz kimi, media və ictimaiyyət nümayəndələri də hərracı əyani izlədilər. Müasir texnologiya sayəsində respublikanın müxtəlif şəhər və rayonlarında həmin gün keçirilən hərracları böyük monitorlar vasitəsilə canlı izləmək də mümkün oldu.
Hərracda ümumilikdə 36 dövlət əmlakı satıldı. Özəlləşdirilmiş əmlaklardan 9-u səhmdar cəmiyyətin 30 faizlik hissəsi, 20-si kiçik dövlət müəssisə və obyekti, 7-si nəqliyyat vasitəsi idi.
-Yerli investorların hərraca marağı hansı səviyyədədir?
-İlk hərrac kifayət qədər rəqabət şəraitində keçdi. Bir neçə kiçik dövlət obyektinin satışı üzrə hərrac daha rəqabətli baş tutdu. Bunun da səbəbi həmin əmlaklar üzrə sifarişçi sayının kifayət dərəcədə çox olması idi. Bu onu göstərir ki, hərraclara maraq böyükdür.
Hərracda iştirak edərək dövlət əmlakına sahibi olmaq istəyən alıcıların da sayı kifayət qədərdir. Bu səbəbdən həmin investorlar komitənin hərrac elanları ilə tanış olduqdan sonra sifarişlərini verirlər.
Bir daha qeyd edim ki, bu sifarişlər komitənin elektron xidmətləri vasitəsilə verilir və hərracda iştirak üçün satış qiymətinin 10 faizlik məbləğində beh bank vasitəsilə ödənilir. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi də gözlənilir. Bu isə hərracların tamamilə elektron müstəviyə keçirilməsi deməkdir. Bu yenilik həm yerli, həm də xarici investorlara hərraclara internet üzərindən onlayn rejimdə qatılmasına imkanı verəcək. Hesab edirik ki, bu, hərraclara marağı daha da artıracaq.
-Elanlar yalnız Komitə və Hərracların Təşkili üzrə Auksion Mərkəzində yerləşdirilir?
-Hərrac barədə məlumat almaq çox rahatdır. Bir ay öncə hərraca çıxarılan əmlaklar haqqında bütün zəruri informasiyalar həm internet resursları, həm də mətbuat vasitəsilə əhaliyə çatdırılır. Müvafiq elanlar komitənin “Mülkiyyət” qəzetində dərc olunur, rəsmi internet səhifədə (hərraclar və müsabiqələr bölməsində) və özəlləşdirmə portalında yerləşdirilir. Həmçinin özəlləşməyə çıxarılmış səhmdar cəmiyyətlərin, müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları komitənin özəlləşdirmə portalında (privatization.az) öz əksini tapır.
Eyni zamanda, hərrac elanı, hərraca çıxarılmış əmlaklar və hərracda iştirak prosedurunu əks etdirən press-relizlər də mətbuat vasitəsilə yayılır. Belə press-relizlər komitənin rəsmi internet səhifəsində (Xəbərlər bölməsində) yerləşdirilir və “Mülkiyyət” qəzetində dərc olunur. Qanunvericiliyə əsasən hərracların nəticələri isə 15 gün ərzində komitənin internet resursları və mətbu orqanı vasitəsilə ictimaiyyətə açıqlanır.
-Nəqliyyat vasitələri içərisində vertolyotların hərraca çıxarılması oxucular tərəfindən maraqla qarşılandı. Fiziki şəxslərin vertolyotları alması mümkündür, yoxsa yalnız aviaşirkətlər hərracda iştirak edə bilər?
-Hərraca daşınmaz əmlakla yanaşı, dövlət qurumlarının balansında olan, lakin istismar müddəti bitmiş nəqliyyat vasitələri, o cümlədən vertolyotlar da çıxarılıb. Hərrac hər kəs üçün açıqdır, bütün maraqlı olan vətəndaşlar, fiziki və hüquqi şəxslər bu hərraclarda məhdudiyyətsiz iştirak edə bilər. Bu baxımdan həmin vertolyotların özəlləşməsi ilə bağlı elan edilmiş hərracda nəinki aviaşirkətlərin, istənilən fiziki şəxsin sərbəst şəkildə iştirak hüququ var.
Sadəcə hərracda iştirak üçün zəruri proseduru yerinə yetirmək kifayətdir.
Nərgiz Ehlamqızı