Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya Azərbaycan Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb.
Bu barədə Teleqraf.com-a Komitədən məlumat verilib.
"İqtisadi təhlükəsizlik – ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" konfransının təşkilinə, Bakı şəhərinə səfəri zamanı göstərilən diqqətə görə minnətdarlığını ifadə edən ÜGT Baş katibi Kunio Mikuriya Prezident İlham Əliyevlə keçirilən görüşü, Prezidenti İlham Əliyevin gömrük işinin müasirləşdirilməsinə və ÜGT ilə əməkdaşlığın genişləndirilməsinə göstərdiyi güclü dəstəyi yüksək qiymətləndirib.
Baş katib məktubda, həmçinin mədəni sərvətlərin dövriyyəsi də daxil olmaqla mütəşəkkil cinayətkar və terrorist təşkilatlara qarşı mübarizədə Azərbaycan gömrüyünün iradəsini nümayiş etdirən "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərginin təşkilini təqdirəlayiq hesab etdiyini bildirib və ən xoş arzularını çatdırıb.
İlhamə ƏBÜLFƏT