4 Aprel 2017 17:35
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC qısa vaxt ərzində xeyli işlər görüb

“Torpağı qorumadınsa, onu əkib-becərməyə dəyməz, əkib-becərmədinsə, qorumağına dəyməz”. Məhsul da eləcə. Zəhmət adamını əkib-becərdiyi torpaqdan götürdüyü məhsulun qazancı, əziyyətinin bəhrəsi fərəhləndirir. Əgər torpağı əkmək, məhsul götürmək işin yarısıdırsa,bu məhsulun bazarını, alıcısını tapmaq, onu satmaq işin digər yarısıdır.

Azərbaycan dövləti də məhz kəndliyə, sahibkara dəstək üçün, əkib-becərənlə, istehsalçı ilə istehlakçı arasında körpü rolunu oynayan, vasitəçi olan bir qurumu - “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətini yaradıb.

Ancaq bu qurumun yardılmasının tək səbəbi qeyd etdiyimiz məsələ deyil. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılmasını zəruri edən bir çox səbəblər vardır. Gəlin, bir qədər əvvələ gedək və bu vacib səbəbləri də aydınlaşdıraq.

Bu səbəbləri əlbəttə, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi çıxışında axtarmaq lazımdır. Prezident həmin çıxışında bildirdi ki, 2016-cı ildə dünyada iqtisadi böhran davam edəcək: “Belə olan halda biz daha da səmərəli işləməliyik. Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Keçən il “Kənd təsərrüfatı ili” idi. Ancaq islahatlar daha da dərinləşməlidir. Vəzifəmiz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir. İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq” .

Məhz elə həmin iclasdan sonra, daha dəqiqi, 2016-ci ilin aprelində kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC yaradıldı. Həmin ilin sentyabrında isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ACS nazirliyin tabeliyindən çıxarıldı və müstəqil fəaliyyət göstərməyə başladı.

Oktyabr ayında isə ölkə prezidenti “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Bu fərmanla qurumun Nizamnaməsi təsdiq edildi, onun fəaliyyətinin təşkili üçün Prezidentin Ehtiyat Fondundan on milyon manat vəsait ayrıldı.

Beləliklə, Səhmdar Cəmiyyətinin fəaliyyətə başlamasından artıq bir ilə yaxın vaxt keçir. Ötən müddət ərzində bu qurum qarşısına qoyulan məqsədlərə nə dərəcədə nail olub? İqtisadçılar, ekspertlər bu qurumun fəaliyyəti barədə hansı qənaətdədirlər?

Картинки по запросу hikmət babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı xüsusi tədbirlər həyata keçirilir: “2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmuşdu. Hazırda isə ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı dövlət tərəfindən xüsusi proqram həyata keçirilir. Ərzaq təhlükəsizliyi ölkəmizin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu baxımdan kənd təsərrüfatı və qida məhsullarının istehsalı, emalı və xarici bazarlara yönləndirilməsi bu gün ölkəmizin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı siyasətinin prioritetlərindən biridir. 2016-ci ilin yekunları ilə bağlı Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin genişləndirilmiş iclası zamanı cənab prezident İlham Əliyev bir daha diqqəti bu istiqamətə yönəldərək hətta yeni ixrac bazarlarının ünvanlarını da göstərdi. Ona görə də mən düşünürəm ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması vacib bir addım idi. Ərzaq istehsalçılarının təşkilatlanması, istehsal edilən ərzaq məhsullarının tədarük edilməsi və onların müvafiq ünvanlara çatdırılması, yerli məhsulların Made in Azerbaijan bredi altında xarici bazarlara çıxarılması bu qurumun qarşısında duran mühüm vəzifələrdəndir. Biz bilirik ki, Azərbaycan torpaqları kənd təsərrüfatı üçün yararlıdır. Eyni zamanda Azərbaycanda genetik modifikasiya edilməmiş , sağlam qida məhsulları istehsal olunur. Mən düşünürəm ki, Azərbaycanın istehsal edəcəyi ərzaq və kənd təsərrüfatı məhsullarının ən yaxşı göstəricilərindən biri bu ola bilər. Ona görə də ixracla bağlı xüsusi təşkilatlanma vacibdir. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC də bu məqsədə xidmət edir. Bu isə əlbəttə, nəticə etibarilə ölkədə həm məşğulluğun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına, həm də ölkə əhalisinin sağlam qida məhsulları ilə təmin olunmasına çox böyük töhfə verəcək”.

Картинки по запросу əli əlirzayev

Tanınmış iqtisadçı Əli Əlirzayev də hesab edir ki, bu gün kənd təsərrüfatının inkişafı aktual məsələdir: “Azərbaycan iqtisadiyyatının əsas aparıcı istiqamətlərindən biri kənd təsərrüfatı, sahibkarlığın inkişafı, özəl məşğulluqdur. Bu təmin edildikcə təbii ki, məhsul artımı müşahidə olunacaq. Məhsul artanda isə bunu çatdırmaq, saxalamaq, satmaq vacibdir. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC də bu məqsədlə yaradılan infrastrukturdur. Açıq bazar iqtisadiyyatı şəraitində belə bir cəmiyyətin varlığı mühüm əhəmiyyət kəsb edir. Çünki kənd təsərrüfatı və sahibkarlığın inkişafının bir tərəfi də onun infrastrukturunun yaradılmasıdır. Yəni kənd təsərrüfatı və ərzaq məhsulları üçün bazarın təşkili məsələsidir. Burada rəqabət mühiti də əhəmiyyətli rol oynayır. Rəqabət mühiti olanda təbi ki, qiymət aşağı düşür. Bundan başqa hər hansı bir məhsulun və xidmətin çoxluğu, bunun təlabata uyğun olaraq hər yerdə yerləşməsi, yayılması ərzaq probleminin həlli üçün mühümdür. Ona görə də belə addımlar, bu cur qurumların yaradılması gələcək inkişaf üçün çox zəruridir. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC -nin fəaliyyəti kənd təsərrüfatının inkişafına təkan verən amildir” .

İqtisadçı alim hesab edir ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması dövlətin öz ərzaq ehtiyaclarını tam ödəyə bilməsinə hesablanıb: “Bəllidir ki, dövlət büdcəsi hesabına ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilən dövlət təşkilatları var. Onların ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyəti ilk növbədə bu vəsaitlərin mərkəzləşdirilmiş şəkildə yerlərdə fəaliyyət göstərən yerli sahibkarlara yönəldilməsinə xidmət edir. Nəticədə ölkədə fermer təbəqəsi formalaşır. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC isə kəndlərdə fermerlərin vəziyyətinin yaxşılaşdırılması, gəlirlərinin artırılması, onların məhsullarının satış imkanlarının genişləndirilməsinə şərait yaradacaq”.

Похожее изображение

Millət vəkili Zahid Oruc isə qurumun yaradılmasından bir ilə yaxın vaxt keçdiyini və onun fəaliyyətinə həddindən artıq böyük zərurət olduğunu bildirdi. Zahid Orucun sözlərinə görə, hazırda onlarla məhsul üzrə idxaldan asılılığmız davam edir və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC bu problemi aradan qaldırmalıdır: “Dövlət büdcəsindən ayrılan vəsaitlər tender prosedurlarına əməl edilmədən xaricə çıxmaqda idi. Ötən il ölkə başçısı xidmət və məhsullar üzrə bir sıra qadağalara əl atmalı oldu. Üstəlik,qarşıdakı günlərdə yeni şəffalıq prosedurlarına dair qanunların qəbulu baş verəcək. Bu üzdən ümid edək ki, Səhmdar Cəmiyyət ən azı 3 istiqamətdə - daxili istehsal, əhaliyə çatdırılma və maliyyə resurlarının açıq rəqabət şəraitində təmin edilməsinə nail olacaq”.

Zahid Orucun sözlərinə görə, ərzaq təminatı kənd təsərrüfatının inkişafına nail olmadan mümkün deyil: “Bu baxımdan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC müasir innovativ vasitələr, texnologiya, menecment və daşınma xidmətləri, eləcə də ixrac və idxal coğrafiyasının düzgün seçilməsi ilə bu sahədə dəyişikliklərə nail ola bilər”.

Bəs, ötən müddət ərzində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün hansı işləri görüb?

Qurumun İdarə Heyətinin sədr müavini Elşən Əsədovun sözlərinə görə, Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, paytaxtla yanaşı 12 regionda bölmələr , 46 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib: “Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlarına uyğun olaraq uzun müddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib.
Noyabr ayından “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı istifadəyə verilib. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi), satın alınacaq ərzaq məsullarının satın alan təşkilatlar üzrə həcmi və növləri barədə məlumatlar elektron portalda yerləşdirilib. Hazırda isə istehsalçıların məhsullar üzrə təkliflərinin http://www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir”.

Картинки по запросу http://tedaruk.az/

Bundan başqa, ötən müddət ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla ( körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 825 sayda müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün 1835 sayda təchizat nöqtəsi yaradılıb. Cəmiyyət bu il yanvarın 1-dən etibarən satınalan təşkilatların ( təhsil müəssisələri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, hərbi hissələri,digər dövlət obyektləri və s.) təchizatının həyata keçirilməsinə başlayıb.
Eyni zamanda “ Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC təchizat səviyyəsini öyrənmək və bölgələrdə yerli məhsulların tədarük potensialını yaratmaq məqsədi ilə regionlarda satınalan təşkilatlarla maarifləndirici görüşlər keçirib. Bu görüşlər Şəki-Qəbələ Regional Bölməsi üzrə (Şəki, Qəbələ, Oğuz) Qəbələ şəhərində, Şəmkir-Qazax Regional Bölməsi üzrə (Ağstafa, Qazax, Gədəbəy, Tovuz, Şəmkir ) Tovuz şəhərində, Yuxarı Qarabağ Regional Bölməsi üzrə (Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli rayonları) Ağcabədi şəhərində baş tutub. Keçirilən müşavirələr satınalan təşkilatlarla səhmdar cəmiyyət arasında birbaşa dialoqun qurulması, tedaruk.az portalından istifadənin izah edilməsi, satınalan təşkilatların problemlərinin yerində öyrənilərək həlli üçün qərarların qəbul olunması, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması məqsədi daşıyıb.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracı məsələsinə də xüsusi önəm verir. Belə ki, bu ilin martında ASC rəhbərliyi Belorusun “Belqospişeprom” Dövlət Konserninin və Belorus Kooperativlər İttifaqının nümayəndələri ilə işgüzar görüş keçirib. Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı idxal-ixracının təşkili, təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə birgə iştirak və digər məsələlərdə razılıq əldə olunub. Əməkdaşlığın dərinləşdirilməsi üçün yaxın gələcəkdə növbəti işgüzar görüş keçiriləcək.

Eyni zamanda artıq Cəmiyyətin xətti ilə Rusiya bazarlarına 1000 ( min) ton kənd təsərrüfatı məhsulları ixrac olunub və ixrac prosesi həftəlik olaraq davam etdirilir.

Bundan başqa “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC kənd təsərrüfatı məhsullarının istehsalçılarına avans məbləğinin ödənilməsi qaydalarını təsdiq edib. Qaydala əsasən, ərzaq istehsalçılarına və ya satıcılarına növbəti ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə təqdim edəcəkləri ərzaq məhsulları üçün, müvafiq qaydada müəyyən edilmiş qiymətlərə uyğun olaraq həmin məhsulların (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) dəyərinin 25 faizi avans qismində ödənilir. Qaydalar təsdiq olunduqdan sonra avansların verilməsi qaydaları və şərtləri, avans məbləği və onun hesablanma qaydası, eləcə də məhsulların satın alınma qaydası ilə bağlı istehsalçılar arasında maarifləndirmə işləri aparılıb.

Beləliklə, görülən işlər onu deməyə əsas verir ki, qurum ərzaq təhlükəsizliyinin qorunması və vətəndaşların fasiləsiz olaraq ərzaqla təmin edilməsi, ərzaq və kənd təsərrüfatı məhsullarının çıxış imkanlarının artırılması, dövlət müəssisələrində ərzaq və kənd təsərrüfatına olan tələbatın yerli istehsal sayəsində ödənilməsi, ölkədə fermer təsərrüfatının inkişafı, Azərbaycanın ərzaq məhsullarına olan tələbatının ödənməsində xaricdən asılılığın aradan qaldırılması istiqamətində qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir.

Zahid Nurəliyev

Yazı "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.


Müəllif: