29 Sentyabr 2017 17:05
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) sabah ölkədə devalvasiya ilə bağlı söz-söhbətə son qoyub.

Teleqraf.com xəbər verir ki, Bank ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb.

Açıqlamadan məlum olub ki, sabah və oktyabrın 1-də 1 dollar 1,7002 manata bərabər olacaq. Bu, son 3 günün məzənnəsi ilə eynidir.

Qeyd edək ki, AMB ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib. Müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.

Müraciətdə deyilir ki, dövlər büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədi ilə şənbə günü bank sistemi üçün rəsmi iş gün elan olunub. Beləliklə, ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir.

Bu xəbər əhali arasında sabah manatın kəskin şəkildə dəyərdən düşə biləcəyi fikri yaradıb. Çünki milli valyutanın 2015-ci il fevralın 21-də həyata keçirilmiş 34 faizlik ucuzlaşdırılması məhz şənbə gününə təsadüf edib.

İqtisadçı ekspert Qulu İbrahimli bidirib ki, bankların şənbə günü işləməsi adi məsələdir: “Məlumdur ki, ayın son iş günü şənbəyə düşür və vergi yığımı planında gərginlik var. Ona görə də şənbə günü banklar işləyir ki, vergi ödənişləri aparıla bilsin. Belə adi məsələyə görə niyə devalvasiya şərhləri verilib təşviş yaradılır?

Maliyyə savadlılığının aşağı olmasından sui-istifadə edib iqtisadi məsələlər, xüsusən devalvasiya ilə bağlı yeri gəldi-gəlmədi, əsassız şərhlər vermək və təşviş yaratmaq düz deyil”.


Müəllif: Cavad