6 Avqust 2014 13:21
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rövnəq Abdullayev İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda səmərəli fəaliyyət göstərdiyini bildirərək, ölkələrin bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını deyib.

Mahmud Vaezi isə Azərbaycanda müşahidə olunan sürətli sosial-iqtisadi inkişafın nümayəndə heyəti üzvlərində dərin təəsürat doğurduğunu diqqətə çatdırıb, rəhbərlik etdiyi heyətin səfər çərçivəsində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının iclasında və biznes forumunda iştirak edəcəyini söyləyib. O, “Şahdəniz” və Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsində İranın NİCO şirkətinə yaradılmış əlverişli fəaliyyət imkanları üçün ARDNŞ rəhbərliyinə təşəkkürünü bildirmiş, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Ölkələrimiz arasında müxtəlif sahələrlə birlikdə enerji məsələləri istiqamətində də əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olması görüşdə qeyd edilmişdir. Azərbaycanın yeraltı qaz anbarlarından birgə istifadə olunması məsələsinin ekspertlər səviyyəsində müzakirə edilməsinin nəzərdə tutulduğu bildirilib, tərəfləri maraqlandıran digər mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

Naibə


Müəllif: