1 Sentyabr 2018 19:28
2 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu vaxtadək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə 9,3 milyard ABŞ dolları xərcləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən (CQD) bildirilib.

Qeyd olunub ki, QSC-nin Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan layihələr üzrə (mövcud “Şahdəniz-1” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,5 milyard dollar təşkil edir. Bu ilin iyulun sonunadək bu vəsaitdən 9,3 milyard dollarlıq hissəsi “Cənub Qaz Dəhlizi” QSC tərəfindən investisiya olunub.

Beləliklə də Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizdən çoxunu icra edib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 25 fevral Sərəncamı əsasında yaradılan və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.

Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Azərbaycan təbii qazının 2020-ci ilədək Avropaya çatdırılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com