7 Noyabr 2018 17:38
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 20 faiz artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46 faizi Azərbaycanın payına düşür.

Teleqraf.com xəbər verir ki, bu fikir Çində səfərdə olan iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşündə bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə Azərbaycan Şərab və Lucouda Azərbaycan Ticarət evləri fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Noyabrın 7-də isə Şanxayda Azərbaycan Şərab Evi açılıb. Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsinə dair fikirlərini bildirən Ş.Mustafayev gömrük sahəsində əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti səfər zamanı, həmçinin, Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşüb. Bu görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüşlərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak edib.


Müəllif: Səxavət