Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edərkən ölkənin dəmir yollarının bugünkü səviyyəsi, imkanları və verəcəyi töhfələrə toxundu. Cənab Prezident qeyd etdi ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir. Həqiqətən son vaxtlar Azərbaycan dəmir yollarının yenilənməsi istiqamətində mühüm işlər görülüb. Bura xüsusilə Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi daxildir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
O qeyd edib ki, Azərbaycanın dəmir yollarının yenilənməsi istiqamətində görüləcək işlər də kifayət qədərdir:
“Yəni, dəmir yollarında sürət həddinin artırılması, yolların buraxıcılıq qabiliyyətinin artırılması istiqamətində işlər davam etdirilməlidir:
“Bunlar Ələt-Yalama və Astara-Bakı yollarında əsaslı təmir işlərinin başa çatdırılması, Gəncə istiqamətində qatarların sürət həddinin artırılması, Qəbələyə dəmir yolunun çəkilişinin gələn ilin ortalarındak başa çatdırılması ilə bağlı verilən tapşırıqlardır. Yeni lokomotivlər, yeni vaqonlar alınır. Düşünürəm ki, gələn ilin axırlarınadək Azərbaycan dəmir yolları yüksək səviyyədə istifadəyə hazır olacaq. Hazırda dəmir yollarımızda sürət həddi aşağıdır, sistemlər köhnədir. Bu yenilənmə istiqamətində işlər sürətlə aparılır, amma müəyyən vaxt lazımdır ki, işlər başa çatdırılsın. Ölkə başçısının da qeyd etdiyi kimi yollarda sürət həddi artırılmalı, sürətli qatarlar istifadəyə verilməlidir ki, Azərbaycan dəmir yolları hesabatlarda daha yüksək pillələrdə yer ala bilsin”.
Müsahibimiz bildirib ki, Qəbələ turizm bölgəsidir və bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlib. Ancaq dövlət başçısı qeyd etdi ki, söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, 9 ayda Qəbələyə 300 min turist gəlib.
A.Badamov qeyd edib ki, gələcək planlar daha genişdir:
“Ölkəmizin ikinci turizm mərkəzi olan Qusara da dəmir yolunun çəkilməsi istiqamətində layihələndirmə işləri aparılır. Düşünürəm ki, Qəbələyə və Qusara dəmir yolunun çəkilməsi başa çatandan sonra vətəndaşlarımızın, xarici və yerli turistlərin qatarlarla səfər etmələri asanlaşacaq. Gediş-gəlişin asanlaşması Bakının avtomobil yollarında yükün azalmasına gətirib çıxaracaq. Bundan əlavə Sumqayıt istiqamətində dairəvi dəmir yolunun istifadəyə verilməsi istiqamətində də işlər görülür. Bu da təbii ki, Bakının girəcəyində tıxacların azalmasına öz müsbət təsirini göstərəcək”.