Vüsal Şərifov: "Azərbaycan şokolad ölkəsi deyil, amma..."
Dünən mətbuat nümayəndələrinin "Veysəloğlu" Şirkətlər Qrupunun müəssisəsi olan "Ulduz" Şokolad Fabrikinə səfəri təşkil olundu. Fabrikin direktoru Vüsal Şərifov müəssisə haqqında məlumat verərək bildirdi ki, "Ulduz" şokolad fabriki 2001-ci ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, fabrik yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", "Seasons", "Sema", "Wedding" və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə tanınır. O, fabrikin 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - Topnut markalı "Draje" və "Cırtdan", "Freş", "Alpinmilk", "Villi" markalı karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirdiyini deyib.
Vüsal Şərifov qeyd etdi ki, "Ulduz" fabrikinin əsas məqsədi yerli və xarici bazarlarda beynəlxalq standratlara cavab verən yüksəkkeyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaqdır. O, məqsədlərinin həmçinin fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, keyfiyyətli idarəetmə və qida təhlükəsizliyi sistemlərinə uyğun olaraq qurmaq və halal qida qanunlarına riayət edərək, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etmək olduğunu söyləyib: "Hazırda fabrikdə müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də saylarının bir neçə dəfə çoxalmasına şərait yaradacaq. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binada yerləşir. Rəhbərlik əməkdaşların rahatlığını təmin etmək məqsədilə işçilərin iş vaxtı çay və isti yeməklə, işə gəlib-getmələri üçün nəqliyyat vasitəsilə, həmçinin xüsusi iş geyimləri ilə təminatını yüksək səviyyədə həyata keçirir. İşçi heyətinin bilik və bacarıqlarının, peşəkar səviyyəsinin artırılması üçün şirkət hesabına daxili, xarici kurslar və seminarlar təşkil olunur. Fabrik işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə işçilər mütəmadi olaraq tibbi müayinədən keçirilir".
"Milli adlarla uğur qazanmaq çətindir"
Azərbaycanda yerli məhsulların istehlakçılar tərəfindən inamsızlıqla qarşılandığını qeyd edən fabrik direktoru əsas hədəfin istehlakçıları inandırmaq olduğunu dedi. Onun sözlərinə görə, Azərbaycanın aqrar sahədə qazandığı uğurlar Rusiya və MDB ölkələri tərəfindən qəbul edilir:
"Azərbaycan şokolad ölkəsi deyil, amma aqrar sahədə xeyli inkişaf etmiş potensiala malik dövlətlərdəndir. Biz də çalışırıq ki, Azərbaycanın "Ulduz" şokolad markasını formalaşdıraq və yüksək texnologiya ilə istehsal onumuş bir məhsul ortaya qoyaq. Belçikanın əhalisi say baxımından Azərbaycanın əhalisi ilə bərabərdir. Amma onlar dünyanın hər yerinə şokolad istehsal edirlər. Biz niyə buna qadir olmayaq? Məqsədimiz də budur. "Ulduz" dünya markasına çevriləndə bu, təkcə şirkətimizin deyil, bütünlükdə ölkəmizin uğuru olacaq. Düzdür, milli adlarla uğur qazanmaq çox çətindir. Bu, psixoloji amillərlə yanaşı, inam məsələsini də gündəmə gətirir. İnamı doğrultmaq üçünsə bizim yeganə məqsədimiz keyfiyyətli məhsul istehsal etməkdir. Özünüz də məhsulun istehsal prosesilə tanışlıqdan sonra xammalın ekoloji təmiz, eləcə də, son model texnoloji avadanlıqılardan istifadə olunduğunu görəcəksiniz".
Vüsal Şərifov rəhbəri olduğu fabrikin məhsullarının dünyanın aparıcı firmalarını məhsulları ilə rəqabətə girəcək səviyyədə olduğunu vurğuladı: "Buna misal olaraq məhsulun satış nöqtələrinin ərazisinə diqqət etmək kifayətdir. Azərbaycana ən çox şokolad idxal edən Rusiya kimi dövlətə artıq "Ulduz"un məhsullarını göndəririk".
Cırtdanı uşaqlara necə sevdirməli?
Direktor bildirdi ki, insanlarda şokolad mədəniyyətini formalaşdırmaq üçün fabriklə tanışlıq təşkil olunur: "Mütəmadi olaraq bura məktəblilərin və bağça uşaqlarının ekskursiyasını həyata keçiririk. Onlar şokoladın necə hazırlanması ilə tanış olurlar. Bu, nə reklamdır, nə də satışımıza təsir göstərən amildir. Biz bununla uşaqlarda bir çox dövlətlərdə mövcud olan şokolad mədəniyyətini formalaşdırmağa çalışırıq. Bu kampaniya çərçivəsində habelə milli ənənlərimizin də yaşadılmasına səy göstəririk. Məsələn, "Cırtdan" personajını uşaqlara sevdirmək üçün balacalar üçün o adda məhsul istehsalına başlamışıq".
Sərgilər, mükafatlar
Fabrikin keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova isə məhsul istehsalında istifadə olunan xammalın təhlükəsizlik standartlarına cavab verdiyini söylədi: "İstər görünüş, istərsə də çeşid fərqi ilə müştərilərin tələblərinə uyğun məhsul istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Bunun nəticəsidir ki, şirkət olaraq indiyədək bir çox məşhur mükafatlara layiq görülmüşük. 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Prodekspo-2009" sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında "Ulduz" fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin Qızıl medalına layiq görülüb. Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar "Ulduz" fabrikinin şokoladlarından razılıq ediblər. Qeyd olunanlarla yanaşı, fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində bir sıra beynəlxalq sərgilərdə, konfranslarda olublar. Ötən dövr ərzində "Ulduz" şokolad fabriki Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalanıb".
Lalə Eminova bir neçə gün fabrikin daha iki beynəlxalq qida sərgisində iştirak etdiyini vurğuladı: "Bunlardan biri Moskvada keçirilmiş "World Food Moscow 2014" və Tehran şəhərində baş tutmuş "13th Iran International Confectionery Fair" sərgiləri idi. Burada "Ulduz" şokolad və karamel fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil edib. Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir. 2013-cü ilin noyabrında fabrik daha bir uğura imza ataraq "Qida təhlükəsizlik platin" fərqlənmə nişanı ilə təltif edilib. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır.
Mətbuat konfransından sonra jurnalistlər "Ulduz" Şokolad Fabriki ilə tanış oldular. "Veysəloğlu" MMC-nin şöbə müdiri İlham Məmmədzadə və Lalə Emonova istehsal prosesi barədə jurnalistlərə məlumat verərək yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.
Məhsullar 20-dən çox ölkəyə ixrac olunur
Qeyd edək ki, fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunur.
Lalə Eminova fabrikin inkişaf edərək ölkə hüdudlarından kənarda da daha çox tanınmağa və istehlakçı auditoriyasını genişləndirməyə nail olduğunu dedi: "Fabrikimiz ixrac potensialı daha da artıraraq Azərbaycan məhsullarının Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Mahaçqala, Kazan, Krasnodar, Rostov, Zelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda, Ukrayna, Belarusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrə ixracına başlayıb".
Şöbə müdiri fabrikin müasir anbar infrastrukturuna malik olmasını onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirməsinə yardımçı olduğunu dedi.
Naibə QURBANOVA