“2020-ci il dünya və Azərbaycan iqtisadiyyatı üçün çox ağır keçdi, gələn il iqtisadi anlamda ciddi çağırışlarla, problemlərlə dolu bir il olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli proqnozlaşdırır.
Ekspert 2020-ci ilin avqust ayında büdcəyə edilən dəyişikliyə də diqqət çəkib: “Dəyişikliyə əsasən büdcənin gəlir hissəsi 10,5 milyon manat azaldıldı, xərc hissəsi isə 598 milyon manat artırıldı. Bu il büdcə gəliri 24 milyard 124 milyon manat, xərclər isə 27 milyard 492 milyon manat olacaq. Büdcə kəsirində ciddi artım var, neftin qiymətini isə avqustda 35 dollara salıb büdcəyə dəyişiklik edildi”.
Analitikinin qənaətincə, bu il Neft Fondunun vəziyyəti gərgindir: “2020-ci ilin ilk 9 ayında Neft Fondunun büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil edib. Yəni, Neft Fondunda da ciddi kəsir var – ilk 9 aya kəsir 2 milyard 453 milyon manat olub.
Daha sadə dillə desək, gələcək nəsillər üçün yaradılan Fond bu il qazandığından 2,5 milyard manata yaxın çox xərcləyib və il sonuna bu rəqəm bir qədər də artacaq.
Hələ ki 2021-ci ilin büdcəsi parlamentə təqdim olunmayıb, obyektiv səbəbi odur ki, hərbi qələbə ilə bitən Vətən savaşımız var, gələn il işğaldan azad edilən torpaqlarımıza yönəlik büdcə xərcləri kəskin artmalıdır”.
Natiq Cəfərli 2021-ci ilin çağırış və xərc istiqamətlərinə də diqqət çəkib: “Ənənəvi xərclər öz yerində qalır, maaşlar, təqaüdlər, sosial ödənişlər, amma təhlükəsizliklə bağlı xərclərimiz artacaq, əsas da 600 kilometrdən çox işğaldan azad edilmiş İran və Ermənistan sərhədi ciddi qorunmalı, yeni infrastuktur qurulmalıdır.
Digər tərəfdən, şəhid və qazi ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün əlavə vəsait ayrılmalı, onların bütün sosial problemləri həll edilməlidir. Həmçinin işğaldan azad edilən ərazilər minalardan təmizlənməli, müharibənin hərbi izləri silinməlidir. Yeni yollar, körpülər, eliktrik, qaz, su, kanalizasiya xəttləri çəkilməlidir. Ən əsası, Ordumuzun gələcəkdə baş verə biləcək təxribatların qarşısını alması üçün maddi-texniki bazası gücləndirilməlidir.
Eləcə də COVID-19 bəlası iqtisadiyyatı çökdürüb, kiçik və orta biznes can verir, xidmət və ictimai iaşə, qeyri-ərzaq ticarəti kəskin azalıb, turizm yox olub. Bu baxımdan 2021-ci ildə vətəndaşa və biznesə dəstək üçün hətta 2020-dən daha çox vəsaitə ehtiyac yaranacaq ki, iqtisadiyyatın çarxları yenidən dönməyə başlasın.
Bir sözlə, 2021-ci il büdcəsinin xərc hissəsi bu ilin büdcəsindən azı 4-5 milyard manat çox olmalıdır. Yəni, xərc hissəsi hardasa minimum 31-32 milyard manat arası hesablanmalıdır. Gəlir hissəsi isə obyektiv olaraq artmayacaq, yəni, vergi-gömrük hesabına büdcə artımı çətin ki, mümkün olsun – iqtisadi aktivlik azalırsa, bu istiqamətlərdən daxilolmalar da kəskin arta bilməz”.
Natiq Cəfərli ehtimal edir ki, Neft Fondundan götürələcək vəsait kəskin artacaq: “Gələn il üçün neftin optimal və real orta qiyməti 40 dollar civarında olacaq. Çünki həm dünyada açılım sürəti aşağı olacaq, tələbat kəskin artmayacaq, həm İranın yenidən bazara dönməsi gözlənilir, Liviyada istehsal həcmi artır, OPEC+ ölkələri də 2021-ci ildən aprel ayına qədər hər ay hasilatı əlavə olaraq 500 min barel artıracaq. Deməli, Neft Fondunun gəlirləri gələn il də xərclərindən çox az olacaq".
İqtisadçı deyir ki, büdcənin əlavə pul cəlb etmək istiqamətləri çox dardır: "Birinci, Neft Fondundan daha çox vəsait cəlb etmək, ikinci, dövlət əmlakının ciddi özəlləşdirilməsi, üçüncü, şəffaflıq – büdcə oğurluğunun qarşısının alınması, dördüncü, manatın 15-20 faizlik devalvasiyası, beşinci, dövlətin ciddi, əlavə xarici borclanmağa getməsi – yəni, başqa qısa vədəli addımlar mümkün görünür”.